Dənizlərin adamı... - Ramin Paşazadə

İkinci Dünya müharibəsi haqqında xeyli tarixi araşdırmalar, sənədli əsərlər mövcuddur. Amma zənnimcə, bədii filmlərin təsir gücü dəhşətli müharibəyə yanaşmaqda bəzən sənədli filmlərin gücündən daha effektiv və təsirli olur. Hətta ön cəbhədən bəhs edənlərdən daha çox arxa cəbhədəki hadisələri göstərən filmlərin sənət gücü daha qüvvətli olur. 

"Master" filmi İkinci Dünya müharibəsi haqqındadır, amma nə ön, nə də arxa cəbhədən bəhs edir - İkinci Dünya müharibəsi iştirakçısı olmuş qəhrəmanın sonrakı həyatını, yaşadığı cəmiyyətin xaotik və təlatümlü durumunu işıqlandırır. Təkcə işıqlandırmır, həm də müharibədən canını qurtarmış dünyaya bir insanın gözüylə baxmağa çalışır.

ABŞ-lı kinorejissor Pol Tomas Anderson öz ssenarisi əsasında "Master" filmini 2012-ci ildə ekranlara çıxarır. "Master" əsl səs-küyə səbəb olur; tezliklə bütün dünyanı gəzib, önəmli mükafatlara sahib olur. Hətta "Oskar" film mükafatlarından bir neçəsinə namizədlik edir. Çox keçmədən kino tənqidçilərinin müsbət rəyini qazanır. Bir çox kino tənqidçiləri "Master" filmini Andersonun şah əsəri kimi qiymətləndirirlər. Rejissor bu filmilə karyerasında yeni bir mərhələ yaradır.

Filmdə baş rolda çəkilmiş Xoakin Feniksin yüksək performansı isə  bir başqa yazının mövzusudur. Dünya mətbuatı yazır ki, X.Feniks həmin dönəm karyerasına fasilə verməyi düşünürmüş. Amma "Master"in ssenarisi ilə tanışlıqdan sonra fikrini dəyişib filmdə çəkilmək təklifini qəbul edir. Film ekranlara çıxar-çıxmaz aktyora böyük şöhrət gətirir. Bəzi kinoşünaslar "Master" filminin Xoakin Feniksə bütün aktyor bacarığını ortaya qoymasına geniş meydan verdiyi qənaətindədirlər.

Filmin baş qəhrəmanı Freddidir. O, İkinci Dünya müharibəsində dəniz qüvvələrində xidmət etmiş zabitdir. Artıq müharibə bitib. Freddinin ciddi psixoloji problemləri var, əsəbləri korlanmış vəziyyətdədir. Çox adamla sağlam münasibət qura bilmir, bir növ, düzənsiz və tənha həyat yaşamaqdadır. Freddi spirtli içki düşkünüdür. İçmək üçün qarşısında heç bir maneə yoxdur, əlinə düşən istənilən kimyəvi maddədən özünə içki hazırlaya bilir. O, həm də seks düşkünüdür. Sahildə yoldaşlarının qumdan düzəltdiyi çılpaq qadın heykəli ilə cinsi əlaqəyə girəcək qədər irəli gedir.

Yəqin ki, rejissorun qəhrəmanının adını  Freddi qoyub, onu qadın və içki düşkünü olaraq göstərməsi təsadüfi deyil. Müəllif bununla sanki məşhur psixoanalitik Freydə göndərmə edir: Freddini onun baxış bucağından analiz edib, psixoloji problemlərini cinsi həyatının qaydasında olmamağı ilə əlaqələndirir. Eyni zamanda, rejissor sanki Freddinin sərxoşluğu ilə müharibədən sonra dünyaya, hadisələrə ayıq başla baxmamaq yolunu seçir.

Freddi müharibədən sonra yeni həyat qurmağa çalışır. Özünə fotoatelye açıb fotoqraflıqla məşğul olur. Sevdiyi qız var. Lakin o, sanki özünü və cəmiyyətdəki yerini tapa bilmir. Elə buna görə qəfildən ortaya çıxan gəmi səfərinə qoşulub uzaqlara gedir. Bu səfər onun həyatında yeni mərhələyə səbəb olur. Səfərə çıxmamışdan əvvəl sevgilisi ilə əhd-peyman bağlamağı da unutmur, nə vaxt qayıdacağını bilməsə də, "Mən mütləq gələcəm" - deyir.

Freddinin bu səfəri təkcə zahiri yox, həm də mənəvi bir səfərdir. O, yaşadığı mühitdən, ətrafındakı insanlardan, gündəlik həyatdan, ən əsası da cəmiyyətdən uzaqlaşaraq özünü tamam başqa yerlərdə, tanımadığı insanların içində axtarmağa qərar verir.

Gəmidə kustar üsulla düzəldib içdiyi içkidən ayılıb Dod adlı bir şəxslə tanış olur. Bu onun içdiyi son şərab olur. Freddi təkcə alkoqol şərxoşluğundan yox, həm də düzənsiz həyatın sərxoşluğundan ayılır. Daha dəqiq desək, onu birdəfəlik Dod ayıldır.

Dod yazıçı və həkimdir, dini sektaya rəhbərlik edir. Ətrafında ona pənah gətirən müəyyən qədər insan var. Freddi də onun dəvəti ilə sektaya qoşulub seanslarda iştirak edir. Bundan sonra Dodun sevimli tələbəsinə çevrilir. Onların arasında çox sıx dostluq münasibətləri yaranır.

Freddi ilk dəfə sektanın toplantısında iştirak edərkən bütün qadınları çılpaq görür. Bu səhnə əvvəlcə tamaşaçıda çaşqınlıq yaratsa da, sonradan məlum olur ki, əslində, o qadınlar çılpaq deyil, sadəcə Freddi onları bu şəkildə görür. Elə təkcə bu səhnə qəhrəmanın iç dünyasını tanımağa kifayət edir.

Tezliklə Freddi ilə Dodun münasibətləri ata-oğul, dost-qardaş, tələbə-ustad bağları ilə möhkəmlənir. Freddi getdikcə özünü daha yaxşı hiss edir, düşüncələri dəyişir, özünü idarə etməyi öyrənib insanlarla düzgün münasibətlər qurmağı mənimsəyir. Bütün bunlar Dodun sayəsində mümkün olur. Freddi getdikcə müəlliminə elə bağlanır ki, onsuz həyatını təsəvvür belə edə bilmir. Elə Dod da düşünür ki, Freddi ona olan bağlılığını tezliklə qoparıb ata bilməz. Amma Freddi qəribə xarakterli adamdır. Onun həyatı kimi, verdiyi qərarlar da gözlənilməzdir. Bir gün Dod və onun yoldaşı ilə birgə gəzintiyə çıxıb motosiklet sürüb əylənərkən Freddi motosikletə minib həmin yerdən sürətlə uzaqlaşır və görünməz olur. Dodun çaşqın gözləri Freddinin arxasıyca baxa-baxa qalır.

Tamaşaçı filmin bura kimi baş verən hadisələrindən belə nəticə çıxarır ki, müharibə insanların psixoloji durumunu pozub, ağır mənəvi zərbələr vuraraq boşluqlar yaradıb. Cəmiyyətdə insanlar arasında olan münasibətlər gərgindir. Onlar mənəvi boşluqlarını sərxoşluqları ilə gizlətmək istəyir. Cəmiyyətin sağlam bərpası isə insanların mənəvi xilasından keçir. Məlumdur ki, insan təkbaşına heç vaxt mənəvi böhrandan çıxa bilməz. Hətta təkbaşına qaldığı müddətdə mənəvi xilasa yox, zərərli vərdişləri çıxış yolu görərək məhvə yuvarlanmağa məhkumdur. Necə deyərlər, ölünü öz başına qoysan, kəfəni yırtıb çıxacaq. Ona görə də, insan övladının mütləq bir xilaskara mənəvi ehtiyacı var. Həmin xilaskar dost da ola bilər, müəllim də - fərq etməz.  Yalnız həmin xilaskar insanlığı düşdüyü mənəvi böhrandan çıxarmağa qadirdir. Amma xilaskarlıq missiyası da insanın həyatında olan müəyyən bir mərhələdən ibarətdir. İnsan həmin mərhələni keçməli, o periodda ilişib qalmamalı, öz xilaskarını bütləşdirməməlidir. Artıq özünü tapmış, mənəvi yönünü sağaltmış və hardasa xoşbəxt olan Freddi də Doddan uzaqlaşmağa qərar verir. O, yaxşı anlayır ki, xoşbəxtliyin formulu dünyada heç nəyə bağlanmamaqdan ibarətdir. Ona görə də Dod ilə bağlarını qırır.

Bu müddət ərzində sanki hicrət yolunu seçən Freddi əvvəl yaşadığı  doğma şəhərinə qayıdır. Qayıtmasının bir səbəbi də əhd bağladığı sevgilisidir. Lakin onun anasından öyrənir ki, Doris başqası ilə evlənərək buralardan çıxıb gedib. Freddi müəllimindən qaçdığı kimi, sevgilisi də ondan qaçıb gedir. Dorisin anası bu xoşagəlməz durumdan dolayı məyus görünür. Freddi isə soyuqqanlılıqla "O, indi xoşbəxtdir, əsas da budur" deyir.

Xeyli müddət sonra Freddi yenə Dodu axtarıb tapır. Müəllimi bu gözlənilməz görüşə çox sevinir. Freddi onunla bir yerdə qalmaq, iş görmək istədiyini bildirir. Onların arasında keçən dialoqda Dodun dediyi sözlər isə Freddi üçün gözlənilməz olur: "Freddi - dənizlərin adamı. Kirayə qalmaq kimi bir problemin olmayacaq. İstədiyin yerə getməkdə azadsan. Elə isə çıx get. Get və okeanlara açıl."

Məncə, bir müəllimin sevimli tələbəsinə verdiyi belə xeyir-duadan gözəl heç nə ola bilməz. Çünki həmin müəllim bir insanı xilas etməklə bütün bəşəriyyəti xilas etdiyini düşünənlərdəndir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!