Qərb festivallarına bağlanmış yolumuz - Pənahi "Dairə"ni qapatmasaydı...

Sərdar AMİN

Qərb festivallarına yol haradan keçir?
Bu sual Azərbaycanda son dönəm aktuallaşıb. Çünki dünya kinosu ilə tanış olan azərbaycanlı gənclər arasında yetərincə potensiallı ssenaristlər və rejissorlar boy verməkdədir. Bu gənclər minimalist müstəvidə yetərincə cəsarətli cəhdlər etməkdədir. Təsüdüfi deyil ki, sözügedən şəxslərin səsi artıq Avropa festivallarından gəlməkdədir. Bu gedişatla yaxın illərdə Azərbaycanda istehsal olunan bu tip filmlər festivalların yüksək kateqoriyalarında nümayiş olunacaq.

"Doqma 95"-in manifestində qeyd olunduğu kimi - "texniki avadanlıqla, pulla film yaratmaq əsl sənət deyil, rejissor gördüyünü çəkməli və kompüter qrafikası, güclü texnologiyadan istifadə maksimum azalmalıdır" - bu gənclər də minimum büdcə ilə - bəzən öz hesablarına az maddiyyat tələb edən səhnələrdən ibarət filmlər ərsəyə gətirir. Yetərli mütaliə və film bazası olan bu kimi rejissorların mənəvi potensialları hesabına uğur qazanacaqları da şübhəsizdir.

* * *

Tanınmış İran rejissoru Cəfər Pənahinin 2000-ci ildə lentə aldığı "Dairə" filmi fonunda polemik bir mövzunun sualı yaranır. Sual film üzərində gəzişmələrin sonunda bəlli olacaq.

"Dairə" filmi Solmaz Qulami adlı İran qadınının doğum evindəki durumu ilə başlayır. Qulaminin yaxını olan bir qadın xəstəxananın pəncərəsi qarşısında doğuşun nəticəsini gözləyir. Çox keçmir ki, tibb bacısı pəncrəni açaraq Solmaz Qulaminin yaxınlarını səsləyir. Pəncərəyə yaxınlaşan qadına "ay parçası kimi bir qızın doğuldu", - deyən tibb bacısının üzündəki sevinci Solmazın yaxını olan qadının simasında görmək olmur. Olduqca kədərlənən bu qadın tibb bacısından uşağın qız və ya oğlan olduğunu bir də dəqiqləşdirməyi xahiş edir:

"Axı biz yoxlatmışdıq. Onun oğlu olmalı idi". Tibb bacısı növbəti dəfə pəncərəni açaraq eyni xəbəri verir: "Xeyr, xanım, dünyaya gələn uşaq qızdır". Qadın isə son dərəcə peşmanlıqla pıçıldayır. "Yazıq Solmaz. Onu boşayacaqlar". Bunu deyən çadralı xanım pilləkənlərlə aşağı düşməyə başlayır. Səyyar çəkiliş üsulunda lentə alınmış filmin operatoru xanımı təqib edir. Həmin xanım aşağı düşərək küçədə duran iki qadının yanından ötür. Bu zaman operator izlədiyi xanımı boş verib, küçədəki qızların yanında durur və filmin irəliləyən dəqiqələrində bizə daha iki İran qadınının hekayəti bəlli olur. Onlar həbsxanadan qaçıblar və polislərdən gizlənə-gizlənə bir vaxtlar həbsxana yoldaşı olmuş başqa bir xanımı axtarırlar. İlk baxışdan kustar tərzdə çəkildiyi görünən filmin dramatik gücü dəqiqəbədəqiqə artır və biz artıq filmdəki operator işinin səliqəsizliyini unuduruq. Budur, operator (təbii ki, rejissor) artıq bu iki xanımın da izini buraxıb onların küçədə rastlaşdığı başqa bir İran qadınının ardınca düşür. Bu xanımın da İrandakı mental, sosial, ictimai qadağalardan doğan neqativ tarixçəsi var. Beləcə, film zəncirvari şəkildə bir neçə İran qadınını əhatələyir. Sonuncu qəhrəman isə gecə saatlarında şəhərdə tək dolaşdığına görə polis tərəfindən yaxalanan küçə qadınıdır. Və polis həmin qadını saxlayaraq təcridxanaya gətirir. Filmin kulminasiya nöqtəsi isə bu mənzərə üzərindədir; küçə qadını salındığı kamerada bir küncə qısılır və operator dairəvi şəkildə (panoram) içəridəki qadınların üzlərini çəkir və biz burada oturan bütün xanımları artıq tanıyırıq. Bu xanımlar hamısı az öncə müxtəlif problemlərlə dolaşan, operatorumuzun obyektivinə tuş gəlmiş həmin İran qadınlarıdır. Onları birləşdirən vahid "dəyər" isə həbsxanadır. Operator dairəvi çəkilişi həbsxana kamerasında qoyulmuş sonuncu, boş oturacaqda bitirir. Burada heç kəs əyləşməyib. Elə bu zaman həbsxananın dəhlizdəki telefona zəng gəlir. Nəzarətçi: "Kim, Solmaz Qulami? Yox, Solmaz Qulami adlı şəxs burada deyil. Bura gələcək? Oldu, göndərin".

Bəli, operatorun bizə göstərdiyi o boş oturacaq da filmin əvvəlində qız doğan Solmaz Qulaminindir. Axı onun yaxını olan qadın filmin əvvəlində demişdi: "Solmazı boşayacaqlar". Çox güman ki, artıq Solmaz boşanıb və küçələrdəki sərgərdan həyatının sonunda polislərə yaxalanıb. Bir müddət sonra o da, həbsxana kamerasındakı boş oturacaqda əyləşərək İran qadınının dairəsini qapadacaq.

Bəli, Cəfər Pənahi İran qadınının dairəsini bu filmində qapadır. İndi isə keçək yuxarıda anonsu verilən polemik suala: "Cəfər Pənahi dairəni qapatmasaydı, nə olardı?". Yəni, o qadınlardan biri özündə güc tapıb stereotiplərlə vuruşa bilsəydi, mənfi reallıqlara qarşı işıqlı bir insan obrazı yarada bilsəydi və bununla da İranda qadın kimi yaşamağın çox da çətin olmadığını, nələrisə dəyişməyin mümkün olduğunu göstərməyə çalışsaydı, film hansı dəyərlərə xidmət edəcəkdi?

Təbii ki, Pənahi bu addımı atsaydı, onun filmi İrana həsr olunan, İranın sosial-ictimai problemlərinin daxildə həllinin mümkünlüyünü göstərən Şərq filmi olacaqdı. "Dairə" (Yəqin ki, bu zaman filmin adı da "Dairə" deyil, məsələn, "Dairəni dağıdan" olacaqdı) filmi ölkəsinin neqativlərini həll etməyə çalışan cəsarətli, seçdiyi yolda nələrisə dəyişən ziyalı İran qadınına həsr oluna bilərdimi? Təbii ki, bilərdi. Amma məsələ burasındadır ki, bu zaman film Qərb dünyasına xoş gəlməyəcəkdi. Pənahi "Dairə"ni qapatmasaydı, Qərb festivallarına aparan yolunu qapatmış olacaqdı. Avropa Şərq filmlərində mübariz, ağıllı, işıqlı məqsədini dövlətinin, cəmiyyətinin inkişafına hədəfləyən qəhrəmanlar görmək istəmir. Qərb Şərq dövlətlərinin, böyük mənada Şərq mədəniyyətinin artıq çürüdüyünü, bu gün-sabah məhv olacağını isbatlayan "balaca Şərq adamları"nın taleyinə həsr olunan filmlər görmək istəyir. Hansı ki, bu filmlərdə Şərq sivilizasiyasının mədhi ola bilməz. Məzlumlaşmış, Qərbdən nicat gözləyən qəhrəmanları təbliğ edən filmlərə isə Avropa festivallarında həmişə yaşıl işıq yanır. Belə filmlərdəki istənilən qüsur bağışlanar - səs, görüntü effekti ciddiyə alınmaz - yetər ki, əsas kriteriya gözlənsin: "Öz məzlum tarixçəni çək. Bu tarixçə insan faciəsindən bəhs etsin. Məhrumiyətlərin görünsün, ey Şərq adamı!"
İndi isə qayıdaq bizim gənc rejissorların düşdüyü bu tələyə. Bizimkilər də Avropa festivallarında qiymətləndirilən filmlərdən dərs alır. Təbii ki, hədəf festivaldırsa, filmi festivalın qiymətləndirmiş olduğu mövzulara uyğun çəkmək lazımdır. Axı əksər rejissorların arzusu filmi ilə dünyada tanınmaqdır.
İndi biz filmlərimizdə "dairəni qapatmalıyıq", yoxsa bizə təqdim olunan bu dairədən özümüzə qalxan düzəldib Qərblə, qloballaşma ilə mübarizə aparmalıyıq?