Məxfi dialoqlar - Alberto Moravia

Antonella AMENDOLA

 

“Yaxınlaşıb, yanağından öpdüm. Məni bir neçə dəqiqə saxlayıb, başını tumarlamağıma imkan verdi: başı yenicə doğulmuş körpəninki kimi yupyumru göründü... Ondan gələn qoxu məndə xüsusi təəssürat oyatmışdı, indiyədək yadımdadır, bu barədə düşünəndə, onu indi də hiss edirəm. Bu qoxu mənə bir zamanlar kənd evlərində duyduğum başqa bir qoxunu xatırladırdı: təbiətin, çöllərin ətrilə birlikdə ağacların iyinə, buxarılardan çıxan tüstünün, qaynar çörəyin, yun şalların qoxusuna qarışmış ətrini... Bu ətir onun boynundan, göl sularının titrək səthini xatırladan qırış-qırış sifətindən, son dərəcə sıx qaşlarının, amerikan dənizçiləri üslubunda qırxılmış qısa saçlarının arasından da duyulurdu”.

( Dina d`İza. “Moravia, Dina d`İza ilə məxfi dialoqlar” kitabından)   

* * *

Romalı gənc yazıçı qız tərəfindən zərif hissiyyat və xüsusi məharətlə təsvir olunmuş bu portret, yəqin ki, çoxlarının tanıya biləcəyi kimi, Alberto Moraviaya məxsusdur. Artıq, yazıçının vəfatından cəmisi bircə gün keçmiş mən israrla söyləyirdim ki, o, tükənmək bilməyən həyat eşqinə və insanlarla münasibətlərindəki sonsuz həvəsinə görə, hədsiz dərəcə dəyərli əlaqələrlə bol olmuş, bəzi səbəblərdən isə hətta müəmmalı ola biləcək bir həyat yaşamalı idi. Budur, bu da nəticəsi. Ölümündən heç səkkiz ay keçməmiş ilk sürpriz - “Moravia, Dina d`İza ilə məxfi dialoqlar” kitabı, - inanıram ki, bu kitabın ardınca hələ yeniləri də gələcək. Elə bil, Moravia, - təbiətin bu şıltaq övladı, bir vaxt qadınları olmuş Daça Maraini və Karmen Lleraya rahat yuxular bəxş etmək fikrində deyilmiş və belə görünür ki, bu romalı suyuşirin qızın yazdığı kitab həqiqətən də, hamıdan çox məhz bu iki xanımın ovqatını təlx etməli olacaqdı.
Bəlkə qocaman yazıçı ilə onun zirək həmsöhbəti olmuş bu gənc qız arasında elə bir sentimental münasibət yaşanmışdır ki, bu adi dostluq anlayışından xeyli kənara çıxmışdır? Bəlkə sevgi həyatından elə bir parçanı və ya fraqmenti  misal gətirə bilərik ki, o, ictimaiyyətə ünvanlanmış həmin o məlum yüngüllüyü ilə heyrət doğura bilər?
“Allah bilir...” - deyə, bəzən həqiqət ondan üz döndərəndə, səbri tükənən Moravia söyləyərdi. Ancaq bu məqamda həmin müəmma ilə razılaşaraq, sözü sarışın və bəyaz çöhrəli Dina d`İzaya verməli oluruq ki, o, - bir qədər diqqət yetirin, - Moravianın  ən son romanlarından biri olan “Romaya səyahət” əsərinin baş qəhrəmanı Dinanın adını daşıyır.
- Əsərinizin  girişində aydınlıq gətirirsiniz ki, Moravia “əfsanəsinin” pərəstişkarı olmamısınız. Elə isə, nədən ötrü yazıçı ilə görüşə getmiş və onunla münasibətlər yaratmısınız?
- Onunla ilk dəfə səksən altıncı ilin sonlarında görüşmüşdük. O vaxt ondan bir müsahibə almışdım, özü də xeyli narahat idim, çünki çox ötkəm və kəskin müsahibə vermək tərzi vardı. “Necə də mənasız bir sual...” - deyə o, neçə dəfə mənə söyləmişdi. Ancaq həmin müsahibə iki saata qədər çəkdi və mən, qəribə olsa da, anladım ki, qarşımdakı insan, həyata inanılmaz dərəcədə vurğun, qəlbi yaşamaq eşqi ilə çırpınan, həyatdakı iztirab və mənfi təzahürlərlə daima mübarizə aparmış qeyri-adi, müsbət bir qəhrəmandır. Düzdür, yazı tərzində Moravia mənim idealım deyildi, mən daha çox Dostoyevskini sevirəm, buna baxmayaraq, aramızda dərin intellektual və insani rəğbət yarandı. Biz bir-birimizə “sən” deyə müraciət edərək ayrıldıq və yadımdadır, o, düyün-düyün olmuş əlini uzadıb, onu dizimin üstünə qoydu: etibar əlaməti olan, özgə heç bir gizli məna daşımayan bir hərəkət. Mən direktorum, Albertoya böyük hörmət bəsləyən Barbierrini Amideiyə Moravianın nəsr yaradıcılığı ilə əlaqədar müsahibələr silsiləsi təklif etdim. Onları hazırlayıb qurtaranda isə yenidən kədərə qapıldım. İstəyirdim ki, münasibətlərimiz davam etsin. Hiss edirdim ki, o, mənə yaşıdlarımdan da artıq nəsə verə bilir. Beləcə, yavaş-yavaş kitab yazmaq ideyası yaranmağa başladı.
- Kim bilir, ona birbaşa aidiyyatı olan belə bir kitab yazmaq xatirinə Moravianı razı salmaqdan ötrü nə qədər əziyyət çəkmisiniz.
- Çox ehtiyatlı, hər şeydən şübhələnən insan idi, ancaq bir qədər sonra sevinclə razılıq verdi. Əlbəttə, özü barədə danışmaq onun üçün müəyyən mənada çətin idi. Yadımdadır, bir dəfə Parisdə onun  tərcümeyi - halı üzərində işləyərkən mənə demişdi ki, danışdıqca beyninə ölüm haqqında fikirlər girirmiş. Moravia mənimlə, hər şeydən artıq, öz ideyaları barədə söhbət açardı. Onun çox yaxın dostları olan Rentso Paris və Dario Belletsa kimi yazıçılar mənə deyəndə ki, əsərimdə Albertonun bütünlüklə ruhu var, böyük məmnunluq duyuram. Əlbəttə, mən səhvə də yol verə bilərəm, ancaq həmişə istəmişəm ki, həqiqət, inam, sənət, ölüm xofu, nadanlıq, erotizm, qısqanclıq və bir çox bu kimi anlayışlar barəsində apardığımız söhbətləri çap etdirməklə bağli verdiyimiz sözə sadiq qalım. Zənnimcə, elə bir kitab ərsəyə gələcəkdi ki, o nəinki birbaşa sənətlə əlaqəli, həmçinin adi insanlar üçün də faydalı olacaqdı. Biz sona qədər, həftədə iki dəfə görüşməklə işləyirdik. Günorta, iki-üç saata yaxın, səsyazanın  köməkliyi ilə söhbət edir, sonra şam yeməyinə gedirdik.
- O, əsasən müasir sol təmayülü əks etdirən bir yazıçı kimi kommunizm ideyasının süqutunu necə qarşılamışdı?
- Deyirdi ki, bu ideya bütünlüklə ölməyib. Onun prinsipləri əvvəl-axır rus xalqının dərin mədəniyyətinin ideologiyasında qalmalıdır. Avropa burjuaziyasında fransız inqilabının prinsipləri ilə baş verdiyi kimi.
- Moravia sizə öz şəxsi həyatı barədə utancaqlıq duymadan nəsə söyləyirdimi?
- Utancaqlığı yox idi. Hər halda mənimlə. Mənə öz qadınları barədə uzun-uzadı danışardı və mən belə bir qənaətdə idim ki, sevgisində ümidsiz idi, bir də ona görə ki, həmişə müəyyən mənada özünə bənzər intellektual qadınları seçmişdi.  İstəmirdi ki, onun sentimental münasibətləri işinə mane olsun.  Mənə deyirdi ki, Elza Moranteni (E. Morante, 1912 - 1985,  A.Moravianın birinci həyat yoldaşı, tanınmış italyan yazıçısı. - C.C.) ən çılğın ehtirasla  sevmişdi, ancaq heç vaxt vurulmadan, hisslərə qapılmadan. Daça Maraini ilə açıqca razılaşmaları var imiş, ta ki, ayrılana qədər, o da mənim yaxşı tanıdığım və çox hörmət bəslədiyim Daçaya minnətdarən. Karmen Llera ilə evliliklərinin vəziyyəti hamının bildiyi kimi olub. Əlbəttə ki, hökmlü və müstəqil xasiyyətli bir qadınla qaydasından kənara çıxan bir nikahda yaşamağı istəməklə bu vəziyyətə düşən Alberto özü idi. Və Moravianın evlilik həyatındakı reallıqların üzünə dik baxsaq, görərik  ki, o, həqiqətən də iztirab çəkirdi.
- Siz Karmenlə tanış idiniz?
- Səthi. Bir gün Alberto mənə dedi ki, daha onların evində görüşə bilməyəcəyik. Mən etirazımı bildirdim ki, bu, zənnimcə, Albertonun yaşamında həqiqi azadlığın çatışmamazlığı, onun buyruq altına düşməsi deməkdir. Mənə cavab verdi:  “Nə qədər ki, mənim nikahım kimi bir nikahda kimsə nizam-intizama riayət etməlidir, bu rolu həmişə mən özüm ifa edəcəyəm”. Bundan sonra mənim evimdə görüşməyə başladıq.
- Moravia sizə hədiyyə verirdi?
- Bəli, özü də çox, hədsiz dərəcədə alicənab, qadın şöhrətpərəstliyinə son dərəcə diqqətli idi. Mənə studiyamın bağçası üçün iki valehedici Afrika palması, pul kisəsi, dəvə yunundan dəst və bir çox başqa şeylər bağışlamışdı. Mən isə ona köynək və qalstuk hədiyyə edirdim. Bir dəfə Keniyadan qayıdanda, oradan daha cavan bir dostum üçün aldığım qeyri-adi bir köynək gətirmişdim. Alberto onu özü üçün istədi.
- Evinizdə özünü rahat hiss edirdimi?
- Bəli, əlbəttə. Yatağa uzanardı, çünki ayağı əziyyət verirdi, söylədiklərini də ləngitmədən diktə edərdi. O da mənim həyatımdan bir çox şeyləri bilmək istəyirdi və səmimi məsləhətlərində israfçı idi.
- Düşünürsünüz ki, sizə bir qədər vurulmuşdu?
- Əlbəttə ki, bizim münasibətlərimiz dərin və sirli tellərə toxunurdu. Ancaq vurğunluqdan sohbət gedə bilməzdi, yəqin ki, həmçinin yaş fərqi səbəbindən. Sözsüz ki, mən onun üçün sevgi, geniş mənada, zəriflik, vurğunluq idim. Məndən böyük heyranlıq duyurdu. Sabaudia çimərliyində günəş vannası qəbul etdiyim zaman o, hətta şux və cəzbedici olmağı da bacarırdı. Onda yazmışdım: “Onun, əlləri ilə saçlarımı oxşadığını, üzərimdən süzülüb tökülən qum zərrəciklərini çimdik-çimdik səpdiyini, sonra onları barmaqlarının ucu ilə götürüb, bədənimin çizgiləri boyu apardığını hiss edəndə, gözlərimi yumurdum”. Məni yoldan çıxarmaqdan zövq alırdı, bu bir oyun idi, mənə yaxın olmaqdan ötrü və alınırdı da.
- Onun barəsində çap olunmamış, ən bilinməyən xüsusiyyəti hansı idi?
- Yazarkən çox vaxt o dərəcədə özünü bilmədən işləyirmiş ki, bəzən ikili halətə düşürmüş. Mənə deyirdi ki, bu cür haləti, yəni cismindən ayrılmasını bəlkə də ölərkən hiss edə bilərdi.
- Ölümü düşünürdümü?
- Bəli, xüsusilə də sübh tezdən. Elə səhərçağı da dünyasını dəyişdi.
- Onun ədəbi yaradıcılığının mərkəzində dayanan “seksuallığa” öz şəxsi münasibəti necə idi?
- O, ədəbiyyatdakı “seksuallığı” əsrlər boyu dünya mədəniyyətinin ona sırıdığı yüksək pafosdan təcrid etmişdi. Şəxsən özünə gəldikdə, daha çox, ismətli adam idi. Qəti surətdə, bəzilərinin yazdığı kimi, pozğun insan deyildi.
- Alberto dünyasını dəyişəndə iztirab çəkdinizmi?
- Son dərəcə. Heç inanmaq istəmirdim. Bir çox dostları kimi mən də düşünürdüm ki, yəqin ölməzdir. Xoşbəxtəm ki, inam yiyəsiyəm, əməli katolikəm. Bu böyük rahatlıqdır. Alberto isə, iradəsinə zidd olsa da, son dərəcə dindar insan idi və mən Allahın mərhəmətinə inanıram.          

İtalyan dilindən tərcümə etdi: Cəmşid CƏMŞİDOV

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!