Braxmanın ayaqları... - Günel EYVAZLI yazır

Günel EYVAZLI

 

Dünyada cinsi, milli, dini, irqi diskriminasiyalar mövcuddur. Əslində, dünya kasta qanunlarına əsasən idarə olunmasa belə, insanlar mənsubiyyətlərinə görə rahatlıqla sortlara ayrılır. Yəni "aşağı sort" hesab olunan  irqin nümayəndəsi müəyyən dərəcədə elmi, karyera, dünya baxışı bucağından öz toplumundan nisbətən fərqlənərsə, ağlar tərəfindən qəbul edilərsə haradasa sıralara daxil oluna bilər. Amma cüzi bir situasiya, mübahisə bəs edər ki, şəxsin hansı klana, hansı sorta aid olması rahatlıqla onun üzünə deyiləcək. Yadımdadır, futbol sahəsində uğura imza atan Zinəddin Zidan baxmayaraq ki, uzun illərdir Fransa qalibiyyətinin qorunub saxlanılmasında əmək sərf edirdi, onun dini mənsubiyyəti qonşu komandanın oyunçusu tərəfindən "terrorçu" adlandırılaraq qiymətləndirilmişdi. O vaxt Zidan susmuşdu. Çoxu kimi...

Ağlar...

Bəyaz əlbisələr geyinərdilər Braxmanın dodaqlarından yaranan şəxslər. Onlar ən ali təbəqə hesab olunardılar. Danışmaq, fikir yürütmək hüququ onlara verilmişdi. Braxmanın qollarına (əsgərlərə, orduya) əmri də onlar verə bilərdilər. Gücü yalnız dodaqlar idarə edirdi.

Sözün arxasında əməl dayanmayanda Braxmanın hərəkətverici qüvvəsi olan ayaqlar - qaralar, qara camaat, kütlə dediklərimiz, lallar bəzən danışmaq istəyirdi. Amma əbədi kasta qanunları ayaqların hərəkətini tezliklə məhdudlaşdırırdı. Yalnız tək dodaqla, sözlərlə heç nə etmək mümkün deyil. Kasta qanunları indi də Hindistan sosiumunu idarə edir. Sadəcə, ayaqlar (aşağı kasta) hərəkət edən orqan olduqlarını unudublar.

Tanrı çox həssascasına yanaşıb bu məqama. İndinin özündə də cinsi diskriminasiya, ayrı-seçkilik olsa belə, hətta səmavi kitablarda qadına yanaşmanın formasını dəyişmək istəsələr də alt məna dəyişmədən qalır. Həvva Adəmin ayaqlarından yox, qabırğasından yaranmışdı. Yəni dodaqlarından da yaranmayıb. Amma ürəyə yaxın olan və onu zərbələrdən qorumağı bacaran sümük olaraq yaxşı zireh kimi yaradılıb.  Baxır o zirehdən kim necə istifadə edir. Belə ki, müasir dünyanın qadınının cinsi istismara cəlb edilməsi və qadınların özünə şəxsiyyət olaraq yox, əşya olaraq davranması və özünə əmtəə məhsulu olaraq baxması, bunun üçün bütün əzalarını bəyzadələrin xoşuna gəlmək üçün böyütməsi, şişirtməsi əşya qadın anlayışını formalaşdırmaqdadır. Anlayış yox, əşya qadınların sayı dayanmadan artmaqdadır.

Bəli, indi qadın olaraq doğulanda daha diri-diri torpağa gömmürlər. İndi onu zorla ərə vermək də mümkün deyil. Yəni Kefli İsgəndərə haradasa ehtiyacımız yoxdur daha. Təbliğat, deyəsən, "şok effekt" verib. Sevmədiyi kişiyə zorla ərə gedən qadınlar indi rahatlıqla evlərini (uşaqlarını belə) tərk edirlər. Gec də olsa "seçim" hüquqlarını bərpa etməyə çalışırlar. Və bu, sosium tərəfindən gurultu, səs-küylə qarşılansa belə, yaxın illərdə xanımların istəmədiyi adamlara ərə getməsi, eləcə də eyni zorakılıqla bəylərin sevmədiyi xanımı alması problem olaraq aradan qalxacaq. Amma indi başqa bir bəla qadınların öz əlləri ilə gerçəkləşməkdədir. Əşya, əmtəə qadın psixozu!

Və hamı vara, dövlətə görə özlərini rahatlıqla satışa, hərraca çıxarmağa hazırdılar. Onları buna heç kim məcbur etmir. Onlar, sadəcə, özlərinə şəxsiyyət olaraq baxmırlar. Bu isə olduqca acınacaqlıdır. Yəni Z.Tağıyevin anaları savadlandırmaqla cəmiyyəti xilas etmək üçün maarifləndirmə çabası qalır bir kənarda, indi iki qüvvə tərəfindən cəmiyyətin qadınına qarşı səlib yürüşü edilir. Bir qüvvə qadını idioloji, fanatik dinə gətirməklə, cənnət xülyaları ilə başını bulandırıb, üzünə-gözünə örtük örtməklə işığı zülmətə çevirir, digər azadlıq carçıları isə əmtəə, əşya qadın çıxış yolunu onlara bəlli edərək yenə də cəmiyyətin anasını ağladır.

Hər şey "Qattaka" filminə baxdıqdan sonra başladı həm də. Hiss etdim ki, beynimdə nə zamandır tıxanıb qalmış düşüncələrim azadlığa çıxmaq istəyir. Məişət mövzuları yox, bazar, dükan yox, çox aşağı klanın, düşüncənin insanları ilə fikir mübadiləsinin aparılması beynimi tormozlamışdı. Cəmiyyətin ziyalısı, müəllimi bir parça diplomla universitet bitirib, illərdir əzbərlənmiş materialları tədris edir. Hətta onların əzbərlənmiş stereotipləri də mövcuddur, eyni çərçivə ilə şagirdlər tərbiyə olunur və belə adamlarla kontakta girmək üçün gərək onların səviyyəsindən onlarla danışasan. Yox, onları aşağılamıram. Sadəcə, yorucudur.

"Qattaka" məni özümə qaytardı.  Filmin ab-havasından oyanıb "Postinsan" yazımı təkrarən oxudum. Və bir zamanların ruhsal təlimlərinin yerini cinsəl təlimlərə verməsinin dəhşətini anladım. Və bu tendensiya bütün dünyada getməkdədir. Toplumlar onların öz əlləri ilə məhv olur. Mənə elə gəlir Üçüncü Dünya müharibəsi artıq başlayıb. Top-tüfəng səsi eşidilmir? Axı bu, top-tüfəng deyil, sükut müharibəsidir. Axı bu müharibə qida terroru, iqlim, cins dəyişməsi, dəyər aşınması yolu ilə gerçəkləşir.

Onlara qızıl milyard lazımdır. Yalnız düşüncəlilərdən ibarət toplum. Qalanı isə elm və texnikanın köməyi ilə gerçəkləşəcək. İstədiyin gen kordinatlarını verərək rahat şəkildə laborator şəraitdə övlad sifariş verəcəksən. Və belələri ən ali insan olaraq qəbullanacaq. Bu insanlar təbii yolla dünyaya gəlmiş insanlara yuxarıdan aşağı baxacaqlar. Və sən nə qədər mücadilə etsən belə, dünyanın yeni bir diskriminasiya mərhələsinə keçid etdiyinin fərqinə varacaqsan. Bunun üçün sənin ağ, qara olmağının heç bir fərqi yoxdur. Əsas olan süni şəkildə laborator şəraitdə yaranmağındır. Süni dodaqlar kimi onda daha çox cazibədar görünəcəksən.

Rahatlıqla energetik içkilərdən içib sərxoş ola bilərsiniz. Mədənizə zibil vedrəsi kimi baxdığınız təqdirdə elə içdikləriniz də sizi mədənizdəkilərə döndərəcək. Bəli, genefondunuz, kişilik kodu məhv olacaq. Buyurun, məst olmaqda davam edin. Qanadlandırır...

"Qattaka" ekranlaşdırılandan çox sonra genetika sahəsində süni yolla uşaqların, daha doğrusu, genin tərkibindən ona gələcəkdə mane ola biləcəyi bütün xəstəlikləri çıxarmaqla (bəlkə də nəsli, genetik kodlar da silinəcək. Milli mənsubiyyət anlayışı yox olacaq) uşaqların yaradılması üsulu kəşf edilir. Dünya ölkələrindən yalnız Çin və ABŞ bu elmi nəticəni dəstəkləyərək insan üzərində təcrübədən keçirməyə icazə verir və Çində iki qız uşağı bu yolla artıq dünyaya gəlib.

Boy, gözün, dərinin, saçın rəngi, sanki kətan üzərində işləyən rəssam kimi valideynlərin istəyinə uyğun olaraq gerçəkləşir. Fantastik görünsə belə, dünya elmi olduqca sürətlə irəliləməkdədir. Yəni biz TV önündə dünya mənzərəsini pop-kornla tənbəl-tənbəl izləyincə dünyanın nəhəng ölkələri sözün həqiqi mənasında nəinki göyə, birbaşa genetikamıza balonlarla səyahət etməkdədir. Onlar öncə sonsuzluq bəlasına kontingentləri mübtəla edərək, sonra rahatlıqla pul qarşılığında toxum satışı ilə məşğul olacaqlar. Ya da aşağı kastanın insanları sonuncu damla gücünə qədər artacaq, həm də öz əlləri ilə məhv olunaraq yox olacaqlar. Vəssalam.

Bütün fantastik əsərlərdə dünya sonu demək olar ki, eyni xətt üzrə təsvir edilir. Fantastik əsərlərə nəzər salsanız bəlli olmayan bir epidemiyanın bəşəriyyətin sonuna gətirəcəyi deyilir. İstəyir bu janrda yetərində roman yazan Stiven Kinq olsun, istərsə də Joze Saramaqo. Yəni fantastik düşüncə yalnız epidemiya olduğu təqdirdə dünyanın sonunun gələcəyinə öncəgörlük edir. Amma istənilən əsərdə həm də gerçək sosioloji durum rahatlıqla göz deşir. Bunun üçün, sadəcə, düşüncə adamı olmağın yetər. Əsərin verdiyi mətnaltı mənanı asanlıqla aydınlaşdırmaq mümkündür.

S.Kinqin "Qarşıdurma" romanında hakimiyyətə keçmiş naməlum, sirli qara adam zəif insanların cismini, ruhunu idarə etmək qüvvəsinə malikdir. Əslində, Stinq burada qeyri-adi heç nə söyləmir. Yəni iradəsi zəif olan istənilən insanı rahatlıqla idarə etmək mümkündür. Bunun üçün sirli, naməlum, mistik olmağa ehtiyac yoxdur. Düşüncəsi mədəsindən o tərəfə getməyən, yalnız "yedim", "doydum", "kef məclisində oldum", "xəz", "bahalı avtomobillər", "imarətlər", "eşqbazlıq" yox, əyyaşlıq səviyyəsindən (səviyyəsizliyindən) uzağa getməyənlər, buna ömür deyib yaşayanlar var ətrafımızda. Onları idarə etməyə nə var ki? "Həyat" dediyi nəsnələrin qarşısına bir balaca sədd çək olsunlar Ələddinin cini. İstədiyin vaxt tozunu al, əmrinə müntəzir olsun.

Və yaxud portuqal yazıçısı Joze Saramaqonun "Korluq" romanı da eyni epidemiya daşıyıcısıdır. Naməlum şəhərin adamları korluq epidemiyasından əziyyət çəkirlər. Bunun üçün kor olmağa lüzum yoxdur. Görərək də kor kimi yaşamaq ağır dərdlərdəndir. Dərd orasındadır ki, bu dərddən xilas olmaq üçün hz. İsanın gözə kül üfürməsi də çarə olmayacaq. Saramaqonun görən obrazları isə romanda korlar cəmiyyətində onlardan şübhələnməsinlər deyə, korluğu imitasiya etməyə başlayırlar. Dəhşətli sözdür, imitasiya. Yaşamağı, xoşbəxtliyi, komfortu imitasiya etmək...

Heç bir elmi inkişafın qarşısını almaq mümkün deyil. Yəni Qalileo Qaliley kimi od üzərinə alimlər atılsa belə, dünya dövr etməyinə davam edəcək. Məqsəd bu dönmələr zamanı başı itirməməkdir. Çünki ən böyük epidemiya düşüncəsizlik, dərksizlikdir. O isə həm də olduqca yolxucudur. Dayazlar arasında dərin olanlar boğula bilir.

Həmin vaxt çığırtın da hamıya imitasiya effekti kimi görünəcək. Sonra əmtəəyə çevrilmək qorxusu içində baş qaldıracaq. Belə dünyada, belə cəmiyyətdə Rene Maqritin "Adəm övladı" tablosundakı obraz kimi simamızı alma arxasında gizlətməkdən başqa çarəmiz olmayacaq. Çünki dərd təkcə Adəm və Həvva çılpaqlığı olmayacaq. Onu birtəhər yarpaqla örtmək mümkün olar. Şəxsiyyət faktorunun ölməsi simamızı gizlətməyə və ömürlük görünməz olmağa məhkum edə bilər. Şəxsiyyəti yox olmuş analar gələcəyin şəxsiyyətsizlərini doğurar. Belə olduğu halda "qızıl milyardın" içində olmamaq ehtimalımız artmış olur.

Dünyada isə hələ ki, şudraların mübarizəsi gedir...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!