Nəsimi mistikasının doğduğu filosofemlərdən... - Niyazi MEHDİ yazır

Niyazi MEHDİ

 

Terminologiya görməmişi olduğum gənclik illərində "fonem", "leksem", "morfem" sözlərindəki şəkilçinin əsasında dildə "emik" qatın olmasını oxuyanda çox etgilənmişdim. Deməli, abstraksiyalar, invariantlar qatını həm də "emik qat" adlandırmaq olar. Deməli, biri var orda-burdakı gölməçələrdəki sular, bir də var Platonsayağı desək, "su ideyası". Bax bu ideyanı emik qatın vahidi saymaq olar - strukturalizmin təsiri altında dilin invariantlarını "emik" adlandırmaq nimdaşlaşmış, sürtülmüş paltarı çıxarıb yeni dəbdə olan paltar geymək kimi adama şuxluq gətirirdi...uzun sürə belə idi. Sonra Hegeli (əslində, Hiqeli) oxuyanda "filosofem" termininə rast gəlib çaşdım: bəyəm bu "emlər" strukturalistlərdən qabaq da işlənirdi? Alman filosofu, məncə, "filosofem" deyəndə fəlsəfi nəzəriyyələrdə invarianta çevrilmiş, dəyişməz motiv kimi işlənən nəsnələri deyirdi. "Mifoloqem" də miflərdən belə ayrılır.

Bu mənada Nəsiminin poeziyasının fəlsəfi özülündə duran filosofemlərdən danışmaq olar. Mən Nəsimi bilicisi deyiləm ki, onu başqa şairlərimizdən ayıran özəllikləri üstündə yazı qurum. "Şair filan misrası ilə demək istəmişdi ki..." konstrukunda poeziyanı anlatmaqdan da uzağam, çünki bu konstruk misranı bir az başqa (çox vaxt da darıxdırıcı) sözlərə çevirmək üstündə qurulur. Ancaq Nəsimini Ortaçağ müsəlman filosofemləri işığında düşünmək mənə xeyli ilginc gəldi.

Buna keçməzdən qabaq bir sorudan yaxamı qurtara bilmirəm. Nəsimi şeirlərini kimə yazmışdı? Sanki üzdə Məhbubə, Yara, Afətə yazmışdı ki, onlara sevgisini göstərib ürəklərini alsın. Ancaq, birincisi, bu sevgililər türk köçəri ellərindən deyildilər ki, yaşmanmamış gəzsinlər və onlara yaxınlaşıb söhbət etmək mümkün olsun. İkincisi, onların ən savadlısı belə, çətin ki filosofemləri bilərdi ki, Nəsiminin ağlına heyran olub "hə" almasını onun üstünə atsın. Bəs onda bizim şair şeirini kimə yazırdı? Bu, məncə, düşünməli sualdır, hələliksə deyə bilərəm ki, sevgili Nəsimidə filosofemlərlə oynamaq  üçün bəhanədir, şərti qadın simvoludur. Bu qadın gah "surəti-Rəhman" olur (lap İisus Xristos kimi), gah bir az şəhvət oyadan qız olur. "Surəti-Rəhman", yəni üzündə Allahı təcəlli edən kəs və ya gözəl, əslində, xristian filosofemi olub  təsəvvüfdə heç yerdə, hətta xristianlıqda olmayan qədər bədiyyatca zənginləşdirilmişdi.

Bu konunun dərininə getmədən keçim filosofemlərə.  Götürək bu beyti:

Məndə sığar iki cahan,

                       mən bu cahana sığmazam,

Gövhəri-laməkan mənəm,

                        kövnü məkanə sığmazam.

Bu beytin əsasında duran filosofem əski yunan filosofu Parmeniddən gələn "bircə olan-çox olan" dixatomiyasıdır. Sonralar Platon ünlü "Parmenid" dialoqunda bu filosofemi elə gəlişdirmişdi ki, absolyut, yəni heç nə ilə tutuşdurulmaz bircə, vahid tam qaranlığa çevrilmişdi. Nəsə bilinir, seçilir yanında başqası olanda. Bircə olan absolyutdursa, yanında tayı, başqası yoxdur ki, onunla tutuşdurub anlayaq. Sonralar Eqil Viller aydırdı ki, bütün Avropa fəlsəfəsi Platonun "Parmenid"inə şərhdir (bu, əslində, Haydegerin sözlərinin perefrazı idi: bütün Avropa fəlsəfəsi Platonun şərhidir).

Xristianlıqda, İslamda Qeyb Aləmi Platonun "Parmenid"indəki absolyut bircədir. Sufilər söyləyirdilər ki, "Tövhid"in (yəni Allahın birliyinin) dəryası sonsuzdur. Bu deyim yenə bircə filosofemi ilə bağlıdır. Riyazi götürəndə bir, sanki ikidən azdır. Filosofem kimi götürüləndə heç nə ilə tutuşmaz Bir sınırsız, sonsuz qaranlıqdır. Laməkanlıq da qırnıqlara, kəsimlərə, yəni çoxluqlara bölünməz Birin özəlliyidir. Hissələri olan enə-uzuna paylana bilir, hissəsiz olan bircədir, ancaq ensiz, uzunsuz bircədir.

A.Losev Aristotelə söykənib deyirdi ki, - onun verdiyi örnəyi unutduğum üçün özümünkünü verirəm, - odunu doğramaq olar, odun anlayışını isə yox. Doğrudan da, bizim bilincimiz (şüurumuz) doğranmış odunu göstərə bilər, ancaq heç bir düşüncəmizin özünü doğramaq olmaz, çünki onlar laməkandırlar, yəni enləri-uzunluqları yoxdur. Nəsimi özünü laməkan adlandıranda bu əski filosofemdən çıxış edirdi: "mən"in ruhu eni-uzunu olan deyilsə, məkansızdır, onun üçün də darlığı yoxdur ki, özünə iki cahanı sığışdıra bilməsin. O biri yandan, özü ilə heç yerə yerləşməz, çünki yerləşmək üçün eni olmalıdır ki, nədəsə "otursun".

Bu filosofemin müsəlman düşünərlərinin sezgi ilə yox, düşüncəli bilməsinə tutarqalar:

- Əflaki: bir gün Mövlanadan soruşurlar, məkansızlıq aləmi haradadır? Deyir: insanların canı və könlüdür məkansızlıq aləmi;

- Mövlana görün bu məsələ ilə bağlı başqa nə demişdi: siz ölçülər dünyasında yaşayırsınız, ancaq bura gəlmisiniz ölçüsüz dünyadan, - ölçüsüz, yəni məkan parametrləri olmayan dünya;

- Fərabi deyərdi: qırnıqlara bölünməz nəsə nəsnə ola bilməz. Deməli, cismani olanlar məkanda olanlardır, cismani olmayanlar, yəni hissələrə bölünməyənlərsə ruhani olanlardır.

İndi isə Nəsiminin sevdiyi "ənə-l-Haqq" (ənəlhəq) düsturunun əsasında duran filosofemə baxaq. Birincisi, bu düstur Nəsiminin tapıntısı deyildi. Ortaçağda hər yerindən duran sufi "ənəl-Haqq" deyə bilərdi. Orta çağda "ənəl-Haqq"ın modası vardı. Düstura hərfi yanaşanda cəfəngiyat alınır, əgər sən Haqsansa, buyur, möcüzə yap, eyni anda beş uzaq yerdə dur. Nəsimi belə möcüzə göstərə bilməzdi, deməli, ənə-l-Haqqın anlamı başqa idi və bunu çağının adamları yaxşı bilirdilər. Onun anlamı təsəvvüf filosofemindən gəlirdi: mənim bilincimdə (şüurumda) Allah düşüncəsindən başqa heç nə yoxdur, heç özüm də yoxam. Bu anlamda mən Allaham. Sufizmdə filosofem belə idi: arif adam ölməzdən qabaq ölməlidir. Yəni ayrıca kimsənəliyi özündə öldürməlidir ki, onda yalnız Allah qalsın. Bu filosofemin başqa düsturu belə idi: VAR olmaq üçün ölmək lazımdır. Yəni əsl varlıq Allah düşüncəsinə tutulmaqdır, bunun üçün insanın özlüyü yox olmalıdır.

"Ənə-l-Haqq" düsturu ilə bağlı bir ilginc olayı da söyləyim. Nəsimidə dəfələrlə "ənə-l-Haqq" deyən Mənsurun dar ağacından asılması metafora kimi işlənir, bəzən bu metafora onun gələcək taleyinə də işarə vurur. O, yaşamının dar ağacında qurtarmasını sanki şeirləri ilə irəlicədən dünyaya diktə edir. Doğrudanmı, Nəsimini dar ağacından asıb soyublar, yoxsa onun şeirlərindən leytmotiv kimi keçən ənə-l-Haqq deyimi onun həyatını dar ağacı ilə əfsanələşdirib? Bu məsələ Kamal Abdullanın Borxes üslubu ilə baxışan hekayələri tipində yazıya layiqdir (yada salın "Platon deyəsən xəstələnib" hekayəsini).

Nəsimi şeirlərində sevimli filosofem "küfrü-imandır", yəni iman və küfrün biryerdəliyidir. Tutuşdurun:

Küfr əgər iman deyilsə, pəs niçün düşmüş ki, mən

Küfri-zülfün həlqəsində nuri-iman bulmuşam?!            

***

Saçının hər tarəsində küfrü-iman buldum uş.

***

Küfrüm ol mahın qara saçıdır, imanım üzü.

***

Aşiq qatında küfr ilə İslam birdir.

Təsəvvüf formulası var: ən böyük iman küfrlə qonşuluqdadır.

Bununla səsləşən Berdyayevin fikri də var: ən böyük ateistləri Tanrı dini missiya ilə göndərir ki, onların tənqidi sonucunda iman qaxaclanmış ünsürlərdən arınsın və bunun üçün dində islahat baş versin. Sufilərin düsturunu belə də yozmaq olar, ən böyük iman Allahla bağlı küfr suallara çıxır, sonra da onlara özü cavab tapıb möhkəmlikdə qərar tutur.

Bu ideya, öz növbəsində, Tanrı/İblis qarşıdurumu ilə bağlıdır. Filosofları bu qarşıt çox düşündürmüşdü: Tanrının bu qədər gücü olan yerdə İblisə niyə imkan vermişdi? İblis və onun pisliklərinin müəllifi Tanrıdır, yoxsa O yamanın "müəllifi" ola bilməz?

Avqustin sayırdı ki, Tanrı pisliklərin müəllifi deyil, sadəcə, haradan işığını çəkirsə, orada qaranlıq kimi pisliklər ortaya çıxır. Yəhudilərin Kabbalasının ana kitabı "Zoxar"da Tanrının məhkəməsi varsa, bu məhkəmənin "materialı" olması üçün cinayət də olmalıdır, - cinayət isə İblisdən gəlir. Bax, bu analamda iman/küfr arasında (Tanrı/İblis, yaxşı/yaman, işıq/qaranlıq arasında) doğan düşüncələrin verdiyi paradokslar əski bir filosofemə bağlıdır. Nəsimi poeziyası əsl mistik poeziya kimi iman/küfr paradokslarının ekstatik yaşantısında bulunan poeziyadır.

"Sevgi vəhdətdir" - bu da əski filosofemdir. Onu Platonda, Plotində görmək olar. Yunan fəlsəfəsini yaxşı bilən İbn Sina da sevgini birliyə, vəhdətə can atmaq kimi açmışdı. Ortaçağda "sevgi vəhdətdir" düsturuna mən "Bəxtiyarnamə"də də rast gəlib təəccüblənmişdim, çünki fəlsəfi traktatda olan bir nəsnənin nəsr əsərində belə, hərfi təkrar edilməsi gözlənməz idi. Füzuli "iki təndə bir can" deyəndə bu da sevgi filosofemindən törəyirdi. Bundan sonra Nəsimiyə baxaq:

Nəsimi kimi vahid ol yar ilən,

İkilik sifətindən ikilik bitər

İkilikdə qalan əzazil olur.

Qısaca Nəsimi fəlsəfəsi haqqında bunları demək olar.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!