Kinoda səsin yaranması... - Samirə Əşrəf yazır

Samirə ƏŞRƏF

 

Artıq çoxdan klassik sənət nümunəsinə çevrilmiş səssiz kinonun  özünəməxsus qaydaları olsa da, ötən əsrin 20-ci illərin sonlarına yaxın ortaya səs elementləri çıxmağa başladı. İlk səssiz filmlərdə Çarli Çaplinin, Sergey Eyzenşteynin filmlərində gördüyümüz kadrarası yazıları belə yox idi. Daha sonralar bir çəkilişdən digərinə keçərkən zamanın irəlilədiyini göstərmək, tapılan yeri bildirmək, obrazların kimliyini ortaya çıxartmaqdan ötrü bu cür yazılarından istifadə olunmağa başlandı. 

Zaman keçdikcə bu üsulu “danışmağı” göstərən yazılar əvəz etdi. 1920-ci ilə qədər çəkilən filmlərdə ssenarinin inkişafı görüntülərə qədər istifadə olunan kadrarası yazılar çəkiliş arasındakı açıq qalan yerləri bitirmək ehtiyacı duyan quruluşçunun istəyinə görə deyil, ssenari müəllifinin istəyinə görə hazırlanırdı. Səssiz filmlərin tarixə qovuşmasına son bir neçə il qalmış danışıqlı yazılar o qədər maraq qazandı ki, hər hansısa aktyor kadrda bir söz söyləməyə başladığı zaman çəkilişi dayandırıb kadrarası yazıyla həmin sözü vermək vərdiş halına çevrildi.

Beləliklə, səsin kinoya girişi dövrü artıq başlanmış hesab olunurdu. Səsli filmlərin ilk dövründə səslə görüntünün birlikdə ekrana çıxmasını yaratmaq asan məsələ deyildi. Bundan əlavə səssiz filmin özünə xas quruluşu, texnikası bunun xaricindəki irəliləyişlər, mikrofonların inkişafı bu sahədəki işləri sürətləndirdi.

Lakin, kino texnikasını alt-üst edəcək bu yeniliyə kinonu əllərində saxlayan inhisarçılar qarşı çıxırdılar.

1923-cü ildə həmin inhisarçılardan biri amerikalı prodüsser Cek Uorner hissələrini digər şirkətlərə sata bilmədiyi üçün məcburiyyət qarşısında qalıb bəxtini sınamalı olur. Belə ki,  o, üç qardaşı ilə birlikdə "Warner Qardaşlar" şirkətini yaradır. Şirkət qısa vaxt ərzində müvəfəqiyyət qazanır. İlk olaraq 1926-cı ildə yarı opera janrında “Don Juan” filmi çəkilir. Film elə həmin ilin avqust ayında Nyu Yorkda nümayiş olundu. Təkcə musiqidən ibarət olan bu filmdən sonra 1927-ci ildə şirkət  Alan Kroslandən rejissorluğu ilə "Caz müğənnisi" adlı ilk musiqili və danışıqlı filmi ekranlaşdırır.

Film 6 Oktyabr 1927-ci ildə nümayiş olunarkən ortalıq bir-birinə qarışır. Çünki kinoda ilk danışıqlı film olan "Caz müğənnisi" inqilab hesab olunurdu. Film 1929-cu ildə “Oskar”ın xüsusi mükafatını qazanır.

Hər iki filmi səsləndirmək üçün vallardan istifadə olunurdu. İki filmin qazandığı rəğbət səsli filmin daha da inkişaf etməsinə səbəb oldu. Səsli filmin yaranmasıyla səssiz film dövrünün xeyli sayda aktyoru birdən-birə səsli kinodan kənar düşdülər. Çünki onların səsi kino üçün əlverişli deyildi.

Eləcə də kino sənətinin böyük rejissorları səsli filmə qarşı qərarsız oldular. Səsli filmin ilk illəri sənət baxımından xeyli uğursuzluq yaşadı. Xalq belə filmə böyük maraq duyduğu halda Çarli Çaplin, Vsevolod Pudovkin, Sergey Eyzenşteyn, Qriqori Aleksandrov, Fredrix Murnau kimi böyük sənətkarlar səsli filmlərə qarşı çıxdılar. Nəticədə Eyzenşteyn, Pudovkin və Aleksandrov səssiz film zamanının artıq geridə qaldığını, səsin filmdə dəstəkləyəci rol olduğunu etiraf etməyə başladılar. Onlar bir film kadrına əlavə olunacaq danışığın kadrın bütün dəyərini, xüsusilə bir kadrdan digərinə keçidin özünəməxsusluğunu "yox" edəcəyini vurğulayırdılar.

Beləliklə, səsin kinoya gəlişi kinonu səssiz və yaxud da hərəkətli rəsmlər formasından çıxarıb həyatın özünə çevirməyi bacardı.

Qeyd etdiyimiz kimi səs və diksiya istedadları, əzbərçilik qabiliyyətləri olmayan bir çox məşhur aktyorlar kinonu tərk etmək məcburiyyətində qaldığından onların yerini yeni kino ulduzları aldılar. Kinoda dramatik qurluş üstünlük qazandı. Ekrandakı aktyor danışır, gülür, ağlayır və tamaşaçı aktyorun ifasını izlədiyi kimi səsini də eşidirdi. Lakin, filmlərin səslənməsi başqa ölkələrdən olan tamaşaçı üçün çətinliklər yaratmışdı. Bu səbəbdən də təkcə filmi istehsal edən ölkənin yox, həm də başqa ölkələrin tamaşaçılarının da filmdə baş verənləri anlaması üçün dublajın yaranması vacib idi. Filmlər ilk olaraq alt yazılı dediyimiz ilkin variantla kinosevərlərə təqdim olundu. Daha sonra isə dubyaj sənəti yaranmağa başladı.

Milli kinomuzda ilk səsli film 1936-cı ildə rejissor Boris Barnet tərəfindən ekranlaşdırılmış “Mavi dənizin sahilində” filmidir. Filmin operatoru Mirzə Mustafayev olub. Həm də ilk səsli sovet filmi hesab olunan bu filmin səslənməsi rus alimi və ixtiraçısı mühəndis Pavel Tagerin sistemi üzrə yazılmışdır. Dünya kinosunun 100 illiyi münasibətilə ən nüfuzlu kinoşünaslar arasında keçirilən sorğuya əsasən bu film dünya kinosunun ən yaxşı 12 əsəri siyahısına daxil edilmişdir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!