Ən yaxşı şeirlər dizimin üstündə yazdıqlarımdır... - Nuranə Nurun növbəti müsahibi şair Qəşəm Nəcəfzadədir

 

- Qəşəm müəllim, şeirlərinizin birində demişdiniz ki, bir gözəl misradan şəhər salınar. Necə oldu, o şəhər salındımı?

- Dünyada nə qədər gözəl şəhərlər, o şəhərlərdə imarətlər, məscidlər, minarələr var, hamısı bədii sözün qüdrətindən salınıb. Çünki hər şey sözdən başlayır. Necə ki, xalqımızda güc toplamaq və ağır bir yükü qaldırmaq üçün belə bir ifadə var: bir, iki, üç... Bax, şəhərlər də belə salındı. Qurandan sonra Şərq belə çiçəkləndi. Füzulinin ilahi eşqindən, qəzəlindən Bakıda alov qüllələri tikildi. Dərindən fikirləşsən, Avropa sözdən qurulub, içindəki demokratiyadan qurulub.

- Bəs müharibələr...

- Müharibə o zaman başladı ki, söz dolaşıq düşdü, sözü düyün saldılar. Bu dolaşıq, düyün açılan kimi müharibə də bitəcək, xarabalıqda - yerində gözəl şəhərlər salınacaq.

- Siz mövzunu necə seçirsiniz, mövzu sizi tapır, yoxsa siz mövzunu?

- İkisi də olur, əsasən mövzu gəlib məni tapır. Amma şair bilməlidir ki, mövzunun hansı tərəfini yazmalıdır. Məsələn, bir dəfə İçərişəhər metrosunun qarşısında dayanmışdım. Birdən sağ tərəfimdə bir kişi qəflətən yıxıldı öldü. Tappıltıya hamı yıxılan adamın ətrafına yığıldı. Adi bir adamın yıxılmağında nə qədər mövzu vardı. Fikir verin, o ölüb, amma sol əlindəki qəzeti külək hələ vərəqləyirdi, sanki külək həkim kimi onun ölüm səbəbini araşdırırdı. Bu bir mövzu. Bir şair bunu yaza bilərdi. Sağ əlində siqaret hələ də tüstülənirdi, sahibi ölmüşdü, amma siqaret hələ də "yaşayırdı". Bu da ikinci mövzu. Kişi yıxılan kimi ayağından ayaqqabıları çıxmışdı. Corablarının dabanı deşilmişdi. Kişini corablarındakı deşik öldürmüşdü. Çünki bu deşik o kişinin maaşı idi, ehtiyacı idi, evinin açıq qapısı, sınmış pəncərəsi idi, ordan əsən külək kişini yerə "sərmişdi". Bu da bir şeir. Sonra bir nəfər əyilib onun cibindən əl dəsmalını çıxartdı, təzəcə ütülənmişdi, sağlığına qismət, sərdi kişinin ağ üzünə. Elə bil o kişi  kimdənsə qaçıb əl boyda dəsmalın altında gizlənmişdi. Bu da başqa bir şeir. Yıxılan kimi cibindən telefonu çıxıb kənara diyirlənmişdi, kimsə zəng eləyirdi, bu da biri. Əlinin üstündə mürəkkəb ləkəsi hələ yaşayırdı. Bu da bir başqası. Gör bir insanın "yıxılmasında" nə qədər mövzu var. İndi bunun hansını yazmaq və özü də necə yazmaq - artıq o, şairin işidir, bu onun istedadından, təcrübəsindən, peşəkarlığından və zəhmətindən asılıdır.

- Slavyan Universitetində dərs deyəndə bunu bizə danışmışdınız...

- Hə, bunu demək o anda yadıma düşürdü. Yəni dərs zamanı. Dediyim və bəzən inana bilmədiyim şeylərə tələbə baxışları və təəccübü məni inandırırdı. Mən sizdən öyrənirdim. Müəllim bəzən şagirdindən öyrənir. Çox qəribə psixoloji prosesdir: mən çox vaxt özümdən yaşlıdan yox, kiçiklərdən, xüsusən şagirdlərimdən, gənc şairlərdən, onlarda yaratdığım problem situasiyalardan öyrənirəm.

- Bir dəfə qrupumuzda bir tələbə sizə irad tutdu sərbəst şeirləriniz barədə. Şeirlərinizdə qafiyə yoxdur, - dedi. Xatırlayırsınız?

- Hə, tələbə icazə alıb dedi ki, sizin şeirlərinizdə heç bir qafiyə yoxdur. Əlimdə qəzet vardı, qəzetin üstünə eynəyimi qoydum, dedim ki, bax, qızım, bu qəzetə bu eynək qafiyədi. Daha hansı qafiyəni tapa bilərsiniz? Başqa bir tələbə dedi ki, bir stəkan çay olsa, o da qafiyədi. Digəri dedi ki, çay da bir az yarımçıq olsa, qafiyədi. Yəni mənim şeirlərimdə məna qafiyədi. Əşya əşya ilə qafiyədi. Mən şeirimin quruluşu üzərində çox çalışıram. Ona dizayn verirəm. Və axırda hiss edirəm ki, şeirlərim, əslində, minillik heca şeirinin içidi. Heca şeirləri sökülüb-dağılıb, dağıntıları mənim sərbəst şeirlərimdi. Heca vəzni buzdu, əriyib olub su - sərbəst vəzn. Sonra gözüm pəncərə şüşəsinə sataşdı, daha irəli gedib dedim ki, uşaqlar, baxın o pəncərə şüşəsi heca şeiridir, o sınıb çiliklənsə, sərbəst şeir olacaq. Gördünüz, material hecadır, sınanda sərbəst. Yenə sual verən tələbə inadla dilləndi: - Müəllim, axı şüşə qırıntıları heç nəyə lazım deyil. Mən o saat susdum. Haqlı sual idi. Ancaq belə qalmamalıydım, nəsə uydurub deməliydim, nəsə bir şey tapmalıydım. Aha, tapdım. Dedim ki, o şüşələr elə üç və dördbucaqlara, piramidalara parçalanır ki, insan əli onu o cür xırdalaya bilməz. Bu təbii hadisədir. Tələbə susdu. İnanın, bu cavabları elə o auditoriyada tapırdım, başqa yerdə tapa bilməzdim. Bu mübahisələr mənim yazmağıma təkan verirdi.

- Şeirlərinizi necə yazırsınız? Yəni şairin şeir mətbəxi. Əgər iş otağının qapısı qəflətən açılsa, sizi nə vəziyyətdə görmək olar? Alın düyünlənmiş, saçlar dağınıq və s. Belə mənzərələr, yoxsa?..

- Şairin fikirli, qayğılı görkəmi, alnını ovuşdurması, qaşlarını çatması, durub ortada gəzişməsi - bütün bunlar sovet realizminin yaratdığı mənasız şeylərdi. Mən ən yaxşı şeirlərimi uşaqlarımın səs-küyünün içində yazmışam. Xüsusi yaradıcılıq otağım yoxdur. Dizlərimin üstündə kağız parçalarına yazdığım ən gözəl (məncə) şeirlərimdir. Mən həm də şeirlərimin rejissoruyam. Duyğu dolu misraları irəli, qabağa çəkirəm. Şeiri səhnədə necə deyəcəm, hara baxacam, bu misranı deyəndə əllərimi yuxarı qaldıracağıma qədər düşünüb götür-qoy edirəm. Elə bilirəm səhnədə yuxarı qaldırdım, sağ əlim "ə" hərfinə oxşayacaq və şeirimin çatmayan qafiyəsinin birinin yerini tutacaq. Evdə yeni yazdığım şeiri ucadan oxuyuram. Hansı söz tələffüzə yatmır, dəyişirəm. Mən şeirlərimi Filarmoniyanın, Muğam və Balet teatrlarının, Azdramanın səhnəsində oxuyurmuş kimi yazıram.

- Qəşəm müəllim, sizi hansı ədəbi nəsilə aid edirlər, 80-ci, yoxsa 90-ıncılar?

- Ədəbi nəsillər sözü şərtidir, yəni insanın doğum tarixi kimi bir şeydi. Onilliklər texniki məsələ kimi deyək ki, tənqidçinin, tədqiqatçının apardığı bir araşdırma ola bilər. Mənim üçün bu tamamilə başqa bir anlamdır. Məsələn, 90-cı illər ədəbiyyatı ötən əsrin 30-cu illərinə qədər olan ədəbi prosesin və intibahın davamıdır. Bu davamlılıq və ardıcıllıq tarixlə deyil, mənəvi silsilə ilə ötürülür. Məsələn, mən (şərti) 80-ci illər nəslinin bir nümayəndəsi olaraq heç vaxt öz zamanımı ifadə etməmişəm, bu illərin nəsli ilə də yaxın deyiləm, nə də onlar məni təqdir etməyiblər, ehtiyacım da yoxdur. Yaradıcılığımda bütün tarixləri keçə bilən, deyər ki, ötən əsrin birinci yarısında Mikayıl Rəfilinin və ya 2050-ci ildə bir cavan şairin könlünə düşən bir işıq var. Ola bilsin ki, mən XIX əsrdə daha çox mövcudam, nəinki, ötən əsrin 80-ci illərində. Mən yayılmış, səpələnmiş haldayam, bir tarixin içində deyiləm. Pedaqoji, tədris nöqteyi-nəzərdən kiminsə dediyini təsdiq etmişəm, amma ədəbiyyat baxımından təsdiq etməmişəm. Bu, hələ sonradı... Ədəbiyyatda dünən dediyimin ola bilsin ki, bu gün əksini demişəm, amma isbat eləmişəm ki, hər ikisi düzdür. Ola bilər ki, düz on il keçsin bu, düz olmasın, amma yüz ildən sonra hər ikisi dübbədüzdür. İçimdə şeirlərimi bu gün yan-yana düzsəm çoxu bir-birinə daban-dabana ziddir. Amma yüz ildən sonra hər şey yerindədi, eynidi, işığın zaman qarşısında hərdən qırmızı, sarı, narıncı və yaşıl kimi görünməsidir, amma yenə həmin işıqdır.  

- Heç özünüzə sual vermisiniz ki, Qəşəm Nəcəfzadə kimdir? Özünüzlə nə vaxt tanış olmusunuz?

- Mənə elə gəlir ki, biz özümüzü fiziki mənada tanıyırıq. Hə, bu mənəm. Amma mənəvi mənada, ədəbi-bədii və məqam mənasında mən özümü tanıya bilmirəm, böyük Füzuli demişkən, "Heyran olduğundandır ki, heyran olduğun bilməz" və mən deyərdim ki, şeir yazmaq elə özümü tanımaq cəhdlərimdi. Məsələn, dəniz bilirmi ki, o dənizdir? Amma biz dənizi yaxşı tanıyırıq, onun kimyəvi və bioloji tərkibini yaxşı bilirik, haqqında məqalələr, kitablar yazırıq. Elə insan da belədir. Nəsimini öyrənirik, təhlil edirik. Məncə, Nəsimi özünü bu qədər tanıya bilməzdi. Yəni o mənadakı Nəsimi hansı gücün daşıyıcısıdır, bunu bilirdi, amma onu hərəkətə gətirən enerjinin mənbəyini bilmirdi. Bir şeirimdə dediyim kimi, "Yarpaq bilmir ki, onu açan vaxt özü yıxdı". Ürək bilirmi ki, onu döyündürən nədir? Əsla bilmir. Amma tibb elmi bunun səbəbini bilir. Buna rəğmən, sən məni daha yaxşı tanıyırsan, nəinki mən özümü. Qəhrəman bilmir qəhrəmanlıq elədiyini, sanki adi bir iş görür, ancaq biz bunun qəhrəmanlıq olduğunu bilirik.

Füzuli "Leyli və Məcnun" poemasının dibaçəsində deyir ki, Allah əşyalarda çox sirləri əyan eləyib, amma onların yerini bilməyi bizə nihan eləyib, kələfin ucunu gizlədibdi. Yəni bizə bura qədər bilməyə icazə verilib, daha artıq bilməyə ixtiyarımız yoxdur. Həyatın, yaşamağın, ölümün fəlsəfəsi də elə budur.

- Qəşəm müəllim, siz Yazıçılar Birliyində Uşaq ədəbiyyatı şöbəsinə rəhbərlik edirsiniz. Bu günün uşaq ədəbiyyatında uşaq özünü necə hiss edir?

- Bilirsiniz, babanın öz nəvəsinə yazdığı şeir uşaq şeiri deyil. Çox adamlar elə bilir ki, uşaqlara yazılanlar elə uşaq şeirləridir. Guya ki, aysellərin, günayların adına şeir yazmaqla uşaq ədəbiyyatı yaranır. Əslində belə deyil. Bunlar uşaqlar haqqında şeirlərdir. Uşaq şeirinin içi olmalıdır. Orada uşağın xarakteri olmalıdır. Çox vaxt biz uşaqları görə bilmirik. Fiziki mənada görürük; üç yaşı tamam oldu, yaxud yeddi yaşı var, məktəbə gedir və s. Bu, uşağın fiziki göstəricisidir. Uşağın aləmi tamam başqadır. Uşağı görmək üçün gərək uşağın özü ola. Yəni əyani material. Amma biz bəzən uşağı uşaq olmağa qoymuruq. Vaxtından əvvəl "böyüdürük". Uşağı böyüklər kimi danışdırmağa çalışırıq. Uşaq çaşmalıdır, ayağı ilişməlidir, "2" almalıdır. Yeməyini dağıtmalıdır. Süd içəndə ağzının böyür-başı bulaşmalıdır. Uşaqdır axı... Belədə biz uşaq ədəbiyyatı yarada bilərik. Fikir versəniz görərsiniz ki, Azərbaycanda bütün uşaq obrazları hamısı bir-birinə oxşayır. Mən əsasən ümumi nöqsanları dedim. Amma bu gün bizim çox gözəl uşaq ədəbiyyatımız yaranır, sadəcə, onun yayımında, təbliğ olunmasında müəyyən problemlər var.

- İllərdir kəndin xatirələrini şəhərə daşıyırsınız, amma bitib tükənmir...

- Hə, İmişli rayonunun Əliqulular kəndində doğulub boya-başa çatmışam. İçimdə bütöv bir kənd var - Azərbaycan kəndi. İydə çiçəyi, at kişnərtisi, it hürüşməsi, haylı-küylü bir kənd. Əliqulular da tipik bir Azərbaycan kəndidir, iti hürür, atı kişnəyir. Uşaqlıqda çox nadinc olmuşam. Məktəbin şüşəsini sındırardım ki, görüm şüşə sınanda necə səs gəlir. Onun çilik-çilik ovularaq hay-küylə yerə tökülməsi mənə zövq verərdi. Kəndin poçt qutusunu kağız-kuğuzla doldurardım, elə bilirdim bunlar doğrudan da hansısa ünvana çatacaq. Oturub cavab gözləyərdim. Bir dəfə kəndimizə bir fotoqraf gəlmişdi. Hamı şəkil çəkdirirdi. Mən də yaxınlaşıb şəklimi çəkməsini xahiş etdim. O, aparatı üzümə tutdu və ağzı ilə "çık" elədi. Həmin an şəklimi istədim. O da cibindən bir dovşan şəkli çıxarıb verdi. Görünür, uşaq qəlbimi sındırmaq istəməmişdi. Elə bilirdim ki, bu, doğrudan da mənim şəklimdir, uzun müddət həmin dovşan şəklini hamıya göstərib deyirdim ki, baxın, bu mənim şəklimdir. Elə bilirdim biz adam olanda belə oluruq, amma şəkilimiz çıxanda dovşan kimi çıxır. Hər gecə kəndimizi yuxularımda görürəm.

- Həmişə yorğun görünürsünüz, elə bil indicə hardansa gəlmisiniz və harasa gedəcəksiniz.

- Bu gün həyatın ritmi belədir. "Dünya duracaq yer deyil, ey can səfər eylə" misrasında deyildiyi kimi. Mənim şeirimin həmişə bir mövzusu olub: həyat, ölüm, sevgi, dünya. Biz hardansa qopub gəlmişik Yer kürəsinə. Füzuli də ona görə deyir ki, Qeys - Məcnun anadan olanda ağladı. Yəni biz qopub gəldiyimiz yerdən ötrü ağlayırıq. Hətta belə söz var, deyirlər, dünyasını dəyişən adamdan soruşsan ki, istəyirsənmi səni geri qaytaraq, o qayıtmaq istəməz. Çünki insan qopub gəldiyi yerə qayıdır. Mən həmişə həyatı dərk etməyə çalışmışam. Fikirləşmişəm ki, biz pişiyə pişik deyirik, görəsən pişik bizə nə deyir? Yəni pişik bizə nə ad qoyub? Yaxud quşlar bizə hansı adı verib. Yaxud deyək ki, istifadə etdiyimiz əşyalar, məsələn, saat. Bizim üçün saat 1-di, bəs pişik üçün saat neçədi? Həyatdan kənarda ədəbiyyat yoxdu. Mən qələmimi həyata batırıb şeir yazmışam. Şairin mürəkkəbi həyat olmalıdı. Mən, ümumiyyətlə, əşyalara toxunmaq istəyirəm. Üst-başıma fikir verən adam deyiləm. Məsələn, özümü divara vurub onu hiss etmək istəyirəm. Məsələn, mənə elə gəlir ki, havada kiminsə əli var. Mənə elə gəlir ki, skamya başını havaya söykəyib. Ona görə özümü havaya, daşa, qayaya çırpmaq, çırpılmaq istəmişəm. Bir çiçəkdə, daşda yatmış mənanı oyatmaq istəmişəm. Bizim kənddə bir qovaq ağacı vardı, anam o vaxt xəstələndi ki, o qovaq ağacını biz kəsdik. Çünki ətrafımızdakı əşyalar, ağaclar, deyək ki, böyük bir dağ orqanizmdəki maddələr mübadiləsini tənzimləyir. O qayanın mənə təsiri var, o çinarın mənə təsiri var. Məsələn, Xəzər dənizi olmasa orqanizmimizdə çox böyük dəyişikliklər baş verər. Xəzər dənizi bizə çox böyük təsir göstərir. Təkcə havasına görə yox. Sadəcə, öz varlığıyla.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!