Coys narahatlığı, Mirzə Cəlil üsyanı - Nicat Həşimzadə yazır

Ceyms Coysla aramızdakı yeganə oxşar cəhət, bəlkə də, hər ikimizin çap olunan ilk yazımızın esse olmasıdır. Mənim də çap olunan ilk yazım Dostoyevskinin əsərləri haqqında yazdığım esse olub. Coysun çap olunan ilk essesi İbsenin "Biz ölü olanda oyanırıq" adlı əsəri haqqında idi. Bu cümlələri oxuyan bəzi oxucular düşünməsin ki, özümü Coysla müqayisə etmək niyyətindəyəm. Modernist irland yazıçısının "Ölülər" əsəri haqqında danışmaq istəyirəm. Coys  bu əsəri 1907-ci ildə, 25 yaşında yazıb. Mirzə Cəlil də iki il sonra 1909-cu ildə  eyni adda əsər yazıb. Görəsən, Mirzə Cəlilin Ceym Coysun bu əsərindən xəbəri var idimi? Bəs bu əsərlər arasında oxşar və fərqli cəhətlər nədir? Mirzə Cəlilin "Ölülər" pyesinin məqsədi cəmiyyət həyatında baş verən problemləri göstərmək idi. 2-3 il öncəki düşüncəmlə bu əsərləri müqayisə etsəydim təbii ki, üstünlüyü Coysun povestinə verərdim. İndisə məsələyə fərqli yanaşıram. Əslində, bu iki müəllifi və bu iki əsəri müqayisə etmək ədalətsizlikdir. Çünki dövrlər eyni olsa da, şərtlər, sistemlər, xalqlar, coğrafi məkanlar fərqli idi. Novruzəli poçt qutusuna məktubla birlikdə düşünmə qabiliyyətini də atırsa, buna Mirzə Cəlil neyləsin? Haqqında danışdığım əsərlərin ən önəmli fərqi də elə budur. Mirzə Cəlil cəmiyyətin cahilliyini, naqis cəhətlərini, çatışmaz tərəflərini izah etdiyi halda, Coys povestində  klassik düşüncə ilə modernist düşüncə arasındakı sərhədləri müəyyən etmək, insanın daxili mahiyyətini anlamaq, ruh halını dərk etmək kimi məsələlərə toxunub. Məsələn, Coys bizə nəsillərarası savaşın səbəblərini izah etməyə çalışır. Hələ bir əsr əvvəl Ceyms Coys yazıb ki, yeni nəsillər həyata yeni düşüncə, yeni enerji ilə atılıblar. Onların yolu, hətta yanlış olsa belə anlamağa, dəstək olmağa dəyər. Bu məqam mənə Dostoyevskinin bir cümləsini xatırlatdı: "Başqalarının doğruları ilə yaşamaqdansa, öz səhvlərinlə yaşa". Povest 80 səhifədir, 80 səhifədə yazılan söhbətlər bir ziyafətdə baş verir. Müəllif  hadisələr yaradıb, onları müxtəlif məna qatları ilə təsvir etməkdən daha çox, öz fikrini bizə ziyafət zamanı yaranan dialoqlar vasitəsilə çatdırır.  Povesti oxuyarkən qəribə hisslər yaşadım. Kafkanı sevməsəm də, onun bir fikri yadıma düşdü: "Mənim tənhalığım insanlarla doludur".

Coys 25 yaşı olarkən niyə belə bədbin olub? 25 yaşlı gənc həyatı belə dərindən anlaya bilərmi? Keçmişimiz niyə bizi daim təqib edir? Keçmiş nifrətlər, keçmiş uğursuzluqlar, keçmiş sevgilər niyə bizdən əl çəkmir? Ümumiyyətlə, hansısa bir hadisəni nəyə əsasən "keçmiş" adlandırmaq olar? Əgər insan zaman  maşınında öz həqiqi mahiyyətini itirirsə, nəyin keçmiş, nəyin indi, nəyin gələcək olduğunu hansı zaman vahidi ilə müəyyən edirik? Əgər biz də cansız əşyalar kimi atomlardan ibarətiksə var olduğumuzdan necə əmin ola bilərik? İnsan özünü hansı şərtlərə əsasən "var" saya bilər? Yatmaq, oyanmaq, nəfəs almaq yaşamaqdırmı? Mən belə anladım ki, Ceyms Coys klassik ədəbiyyatdan fərqli olaraq, düşünən adamları canlı, cahil adamlarısa ölü adlandırmır və ən əsası irland yazıçı ölülər deyərkən məzarda yatanları nəzərdə tutmur. Ölülər bizim unutmağa çalışdığımız, ancaq unutmağı bacarmadığımız, yaddaşımızın künc-bucağında gizlənib qalan adamlar və hadisələrdir. Modernist ədəbiyyatın klassik ədəbiyyatdan fərqlərindən biri də bu idi. İnsanın altşüuruna enmək, onu daha yaxından tanımaq, teatrı, ədəbiyyatı cəmiyyətdəki hadisələr əsasında qurmaqdan imtina edib, insanın daxili dünyasına nüfuz etmək. Bu mənada Mirzə Cəlilin "Ölülər"i ilə Coysun "Ölülər"i bir-birindən kəskin fərqlənir. Bəs görəsən, hansı obrazlar daha bədbəxtdir? Novruzəli, Şeyx Nəsrullah, yoxsa Qabriel Konroy, Qreta, Meri Ceyn? Mirzə Cəlilin qəhrəmanları öz bədbəxtliklərindən xəbərsiz idilər. Coysun qəhrəmanlarısa necə bədbəxt olduqlarını bilirlər. Qonorar qarşılığında qəzetə yazılar yazdığı üçün Qabriel Konroyu aşağılayırlar. Bu hadisə mənə cəmiyyətimizin yazarın öz yazılarından pul qazanmasına necə mənfi münasibət göstərdiyini xatırlatdı. Qustav le Bon "Kütlələrin psixologiyası" kitabında yazır ki, cəmiyyətdə köhnəlmiş çürük fikirlər hakim olduğu üçün yeni fikirlər nifrətlə, ikrahla qarşılanır. Ceyms Coys da məlum povestdə bunu vurğulamaq istəyib. Coys öz povestində insan nə üçün var, nə üçün yaradılıb, insanın təyinatı nədir suallarına cavab axtarıb. İnsanlar yalanları bir həqiqətmiş kimi yaşayırlar. Bunu anlayan zamansa çox gec olur və gecikdiyin üçün yaddaşının küncündə gizlənib sənə əzab verən keçmişin gələcəyinə qalib gəlir. Keçmiş nəsil daha intellektual idimi? Keçmiş nəsil yerinə yaşlı nəsil desək daha nəzakətli olar. Dövrləri müqayisə etsək yaşlı nəsli 50-60 il əvvəlki zaman üçün intellektual saymaq olar. Amma 2018-ci ildə informasiyaların miqdarı, həcmi və sürəti o qədər çoxalıb ki, insan bu sıxlıqda ağlını itirir, dəli olmaq həddinə çatır. Coys "Ölülər" əsərində yazır ki, yeni nəsil əvvəlki nəsildən fərqli olaraq, öz hisslərini itirib. Bu məntiqlə bizə məlum olur ki, ən müasir insanda ümumiyyətlə hissi qavrayışlar yoxdur. Bu fikir çox da inandırıcı görünmür. Nə üçün biz həmişə keçmişin nostalgiyası ilə yaşayırıq, keçmiş günlərimizi geri qaytarmaq istəyirik? Gələcəyimizin uğursuz olacağını düşünürük, ya da keçmişdəki nöqsanların peşmanlığını yaşayırıq? Hər addım-başı yaşlı nəsli tənqid edirik. Bizdən əvvəlki nəsil ciddi travmalar yaşayıb. Atalarını İkinci Dünya müharibəsində itirən həmin nəsil övladlarını Qarabağ savaşında itirib. Repressiya illəri, İkinci Dünya müharibəsi, Qarabağ savaşı və digər dəhşətli hadisələr bizdən öncəki nəsillərdə ciddi psixoloji sarsıntı yaşadıb. Mirzə Cəlil, bəlkə də, Coysun əsərlərindən daha möhtəşəm əsərlər yaza bilərdi, ancaq Mirzə Cəlilin məqsədi dünya ədəbiyyatının ən müdhiş əsərlərini yazmaqdan daha çox, Novruzəliyə kömək etmək idi. Bəzən sənət adamını xilası uğrunda mübarizə apardığı cəmiyyət məhv edir, ancaq ən ağır şərtlər altında belə, doğma məmləkətinin inkişafı naminə çalışmaq, mübarizə aparmaq şərəfli işdir və faydalıdır.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!