Ömrünü yoxsulluqla başa vuranlar

 

Deyl Karnegi “Tanınmış simaların həyat hekayətləri” kitabında Allan Po haqqında danışarkən, ömrünü səfalət içində başa çatdıran, ölümündən sonra dahilik zirvəsinə ucalanların acı taleyini məyusluqla oxuduğunu diqqətə çatdırırdı. Əslində doğru müşahidədir və bir çox ədəbiyyatşünaslar, adi insanlar belə, zamanında qiymətini almamış, ömrünü səfalət içində tamamlayan dahilərin həyat hekayətlərini nəzərdən keçirdikdə dəhşətə gəlməyə bilmirlər.

Məsələn, Motsartın özü də olduqca kasıb birisi idi. O qədər kasıb idi ki, yoxsul evini qızdırmağa odun belə ala bilmirdi. O, ilahi musiqilər bəstələyən zaman yun corablarını əlinə geyinərək isinməyə çalışırdı. Onun dəfni belə yoxsulluqla əhatələnmişdi. Dahi bəstəkarın tabutunu daşımağa insan yox idi. Dəfnində altı nəfər iştirak etmişdi. Onlar da yağış yağdığından geri qayıtmışdılar.

Və yaxud Dvorjak Antonin adlı çex bəstəkarı da eyni taleyi yaşayanlardandır. Uşaqlıq yaşlarından atasının ət mağazasında işləmiş bəstəkar gərgin işinə baxmayaraq daxilində ona rahatlıq verməyən musiqinin sədası ilə işlərini buraxaraq Praqaya- musiqi sənətinin sirlərini öyrənmək üçün yollanmışdı. Küçədə skripka çalaraq çörək pulu qazanan Dvorjak evin kirayə haqqını vermək üçün imkanı olmadığından şəhərin ən kasıb məhləsində çardağda yaşayırdı. Hətta bu atılmış məkanın belə kirayə haqqını ödəyə bilmədiyindən onu beş dostu arasında bölüşdürmüşdü. Orada qışda həddindən ziyada soyuq olurdu. Öyrəndiklərini tətbiq etmək üçün pianonu bir neçə saatlıq kirayə götürən Dvorjak bəzən uzuc pianinonun dillərinin olmamasından əsəb keçirərdi.

Soyuq qış gecələrində piano arxasına keçən bəstəkar bəstələrini havada qoyurdu. Çünki adi bir kağız almaq üçün imkanı olmayan bu insan, sadəcə daxilində çağlayan musiqini çalmaqla kifayətlənirdi. Bəzən isə küçələrdən, nəm torpaq üzərindən tapdığı kağız parçalarını yığaraq notlarını oraya köçürərdi.

Allen Po müasir dünyanın insanları üçün fantastik və detektiv janrının yaradıcısı kimi məlumdur. O, həm də dövrünün ən romantik şairlərindən biri idi. Gənclik illərində oyunlara pərəstişi və içki düşkünlüyü Virginiya Universitetindən qovulmaqla nəticələnmişdi. Daha sonra hərbi hissədə qaydaları pozduğuna görə həbsə məhkum edilmişdi. Dostları hərbi silahlarla davranmağı öyrənərkən Po, həbsxana barmaqlıqları arasında romantik şeirlər yazırdı.

Po öz valideynlərini çox erkən itirir. Tütün baronu tərəfindən oğulluğa götürülən yazıçı uğursuzluqlarına görə atalığı tərəfindən dəyənəklə döyülərək evdən qovulmuşdu. Çöllərdə ac-yalavac dolaşaraq bir qarın çörəyə belə möhtac idi.

Ponun ailə qurma əhvalatı isə bir əsərin mövzusu ola bilər. Bu hekayə olduqca maraqlı və romantikdir. Po özündən çox kiçik olan bir xanımla, öz xalası qızıyla ailə həyatı qurur. Ponun iyirmi altı yaşı olanda qız on üç yaşında idi. Həmin vaxt yazıçı heç yerdə işləmirdi. Evlərində günlərlə yeməkləri də olmurdu. Bu qədər məşəqqətli güzaranda onların ailə həyatlarının sona qədər davamlı olmağı bəlkə də hamı üçün sual altında olardı. Amma, bu xoşbəxt cütlük ömürlərinin sonuna qədər bir yerdə olmağı bacarırlar.

6 aprel 1844-cü ildə Edqar və Virciniya Po Nyu-Yorka gəlirlər. Bir aydan sonra qaynanası da onlara qoşulur. Mariya Klemm qızının və kürəkəninin həyatında mühüm rola malik birisi idi. Onun əməksevərliyi, qayğısı ailəni yaxından tanıyanlar tərəfindən yüksək qiymətləndirilirdi. Edqar öz “Muddy”sini çox sevirdi. (çox güman ki, “Muddy” -“mummy” ana və “daddy” ata sözlərinin qısaldılmış forması idi). O, bu müraciətindən ünvanladığı məktublarında da istifadə edirdi. Axı bu həqiqətən də belə idi. Mariya Klemm Edqarın həyatında əsl ana obrazı idi və kürəkəninə övlad qayğısı ilə yanaşırdı.

Buraya gəlişinin bir neçə həftəsindən sonra Allanın New York Sun qəzetinin xüsusi buraxılışında yayımlanan “Hava şarı rəvayəti” böyük ajiotaj yaradır. Yazıçı istədiyi effekti almışdı. Bununla elmi fantastikanın əsası qoyulurdu.  

Bir neçə müddətdən sonra ailə yeni mənzilə köç edir.  Brennanov ailəsi malikanələrinin bir hissəsini onlara vermişdi. Yazıçının tənqidi xülasələri, məqalə və hekayələri nəşriyyatlar tərəfindən nəşr olunurdu. Amma qonarar məsələsi hələ də az miqdarlı olaraq qalmaqda idi. Bu malikanədə Po, “Yuxular ölkəsi” şeirini qələmə alır. Şeir başdan-başa gördüyü təbiət mənzərələrindən qaynaqlanırdı. Elə buradaca şairin poetik pasportuna çevrilən “Qarğa” poeması yaranır.

Po yazdığı “Qarğa” poemasina görə iki funt məbləğində pul alır. Halbuki ölümündən sonra kitablara yığılan  yaradıcılıq nümunələrinin gətirdiyi gəlir az qala milyonlara çatırdı. Bu əsəri hansı müddətdə yazdığı naməlumdur. Tədqiqatçılar bir neçə həftə, bəziləri isə illər olduğunu söyləyirlər. Ponun özü isə bu əsərə növbəti əsərlərinin yolu üçün eksperiment adlandırırdı.

1846-cı ilin mayında ailə Fordxemedə yerləşən balaca bir kotecdə məskunlaşır. Ailə yenə də maddi çətinlikdən əziyyət çəkirdi. Yay və payız aylarında Po heç nə yazmırdı. Virciniyanın da vəziyyəti günü-gündən pisləşirdi.

Onun ölüm səhnəsini şair Meri Qouv belə xatırlayır: “Payız gəlmişdi. Missis Po vərəmdən günü-gündən zəifləyirdi. Mən onu yataq otağında gördüm. Ətrafda təmizlik və yoxsulluq hökm sürürdü. Özümdən asılı olmayaraq mütəəssir olmuşdum, yazığım gəlirdi. Elə bir yazıqlıq hissi ki, yalnız yoxsul, yoxsula qarşı belə hiss edə bilərdi. O, soyuqdan titrəyirdi və ərinin paltosuna bürünmüşdü. Sinəsində isə tüklü pişik oturmuşdu. Elə bil pişik böyük və xeyirxah missiyanı yerinə yetirdiyini dərk edirdi. Əri əllərini, anası isə ayaqlarını ovuşdururdu”. (Meri Qouv Nikolz. “Edqar Ponun xatirələri”).

Bəli, o, soyuq qış gecələrində üşüyərkən anası əllərini, Po isə ayaqlarını ovuşdurub isitməyə çalışırdı. İsinmək üçün üstünü örtməyə belə isti heç nə yox idi. Yalnız köhnə palto Virginiyanın xəstəlikdən və aclıqdan süstəmiş bədənini qızdırırdı.

Meri Qouv kasıb ailəni tərk etdikdən sonra Meri Luiza Şyuya müraciət etmişdi. Bu qadın yoxsulluqdan əziyyət çəkənlərə yardım edirdi, xeyriyyəçiliklə məşğul olurdu. 1846-cı ilin noyabr, dekabr aylarından xeyriyyəçi xanım bu ailəyə hər gün baş çəkirdi. Toplanmış vəsaitlə ailəni həm qida ilə təmin edirdi, həm də həkim gətirərək xəstə Virciniyanın az da olsa yaralarına məlhəm ola bilirdi.

Hal-hazırda şairin vaxtilə yaşadığı ev, muzey kimi fəaliyyət göstərir. Onun həyat yoldaşı Virginiya elə buradaca rəhmətə getmişdi. Yazıçının öz ölümü isə olduqca müəmmalı və sirlidir.

3 oktyabrda Allanı Baltimorda küçə skamyalarının birinin üzərində sayıqlamış vəziyyətdə tapırlar. Onu xəstəxanaya çatdırsalar da yazıçı 7 oktyabr tarixində dünyasını dəyişir. Həmin müddət ərzində onun əhvalı düzəlmir və vəziyyətinin nədən belə olmasının açıqlamasını verə bilmir.

Dəfn olunmağına baxmayaraq ölümü ətrafında dolaşan sirr yenidən cəsədi eksqumasiya etməyə sövq edir. Onun ölümü haqqında bir neçə mülahizələr irəli sürülürdü: intihar, sui-qəst, vərəm, sifilis, qripp, həmçinin alkoqol zəhərlənməsi.

Öncə Po, Westminster Hall and Burying Ground məzarlığında başdaşısız dəfn olunmuşdu. 1875-ci ildə dəfn olunduğu məzarlıq dağıdılır. Və nəslinin heç bir nümayəndəsi olmadığından onun qalıqlarının ardıyca heç kim gəlmir. Po yaradıcılığının ilk araşdırmaçısı Uilyam Djill məzarlığa gələrək onun yerdə qalan qalıqlarını bir qutuya yığıb çarpayısının altında qoruyur. 19 yanvar 1885-ci ildə  həyat yoldaşı və qaynanasının qalıqları da dəfn əzrazisinə gətirilir. Yalnız ölümündən on il sonra qəbri üzərində şərəfinə heykəl ucaldılır.  Onun məzarsız kenotafı (simvolik məzar) isə ilk dəfə dəfn olunan ərazidə hələdə yerləşməkdədir.

 

Hazırladı, rus dilindən tərcümə etdi: Günel EYVAZLI

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!