Həsənağa Turabov bütövlüyü - Əlisəfdər HÜSEYNOV yazır

 

Həsənağa Turabovu yaxından tanıyanlar bilirlər ki, o, şəxsi həyatında da, sənətdə də öz prinsipləri olan və bu prinsiplərə dönmədən əməl edən insan idi. İnanmadığı şeyə onu zorla inandırmaq, ürəyinə yatmadığı şeyi ona sevdirmək mümkün deyildi. Mübahisəli məqamlarda, kritik vəziyyətlərdə həmişə mövqe nümayiş etdirirdi, kiminsə xoşuna gəlib gəlməyəcəyindən, ürəyinə yatıb yatmayacağından asıdlı olmayaraq sözünü birbaşa deyirdi. Bir sözlə, bütöv şəxsiyyət idi Həsənağa Turabov - aktyor kimi də, vətəndaş kimi də. Bu mənada Azərbaycan teatrına və kinosuna neçə-neçə bənzərsiz obraz bəxş etmiş Həsənağa Turabovun yaratdığı ən möhtəşəm obraz, heç şübhəsiz ki, onun öz obrazı idi.

H. Turabovun xoşbəxtliyi onda idi ki, bir şəxsiyyət kimi bütövlüyü onun yaradıcılığına da sirayət etmişdi. O, hansı obrazı yaradırdısa - müsbət, ya mənfi, əsas, ya epizodik, tarixi, ya müasir - fərqi yoxdur - onu bütöv yaradırdı, bu kiçik insaların taleyini - faciəsini və xoşbəxtltyini, aqibətini məhdud ekran və ya səhnə zamanının içinə sığışdırmağı bacarırdı, obraz haqqında əsərdə birbaşa  əksini tapmayan informasiyanı da tamaşaçılara ötürə bilirdi. Elə buna görə idi  ki, hansısa tamaşada, yaxud filmdə lap kiçik, ikinci dərəcəli rola çəkilsəydi belə, onun yaratdığı obraz 25-ci kadr effekti ilə yaddaşa həmişəlik hopurdu. Rəşid bəy ("Dərviş Parisi dağıdır"), Səlimov ("Qatır Məmməd"), Biçeraxov ("Səmt küləyi"), Qəzənfər Məmmədov ("Yaramaz"), Afşin ("Babək"), ata ("Əlavə iz")…- bunlar H. Turabovun kiçik qəhrəmanlarının qısa siyahısıdır. Amma bu kiçik qəhrəmanların hər biri özündə müəyyən bir bir insan taleyini bəlirləyəcək qədərində zəngin bədii enerji daşıyır.

H.Turabovun yaratdığı obrazların şamısı bütövdür, onları "uğurlu", ya "uğursuz", "güclü", yaxud "zəif" meyarları ilə təsnif etmək mümkün deyil. Hansına müraciət edirsən et - yüksək sənət nümunəsi ilə qarşılaşırsan.

Azərbaycan kinosunda H. Turabov qədər bir-birinə bənzəməyən müxtəlif xarakterli obraz yaratmış aktyor tapmaq çətindir və bu obrazların hər biri tamaşaçılar üçün bu vaxta qədər açılmamış kitab, yeni bir dünya idi. Gah vüqarlı,  əzəmətli Gəray bəy olurdu, gan da əlindən bir  iş gəlməyən, istedadsız, teatrda baş girləyən Kəbirlinski; gah haqqında xalqın mahnı qoşub dastan bağladığı Qaçaq  Nəbiyə çevrilirdi, gah da hiyləgər, fəndgir Afşinə; gah məkrli quldur Cəfər bəyin qiyafəsinə giriri, gan  da obıvatel Dadaşın…və bu qədər rəngarəng  xarakterin bir vücuddan, bir ruhdan qopduğuna ininmaq asan deyildi.

Şübhəsiz ki, 32 yaşında yaratdığı Gəray bəy onun kinoda ilk və həm də ən möhtəşəm yaradıcılıq qələbəsi idi. Sovet ideologiyasının "pis insan"  damğası vurduğu Azərbaycan bəyi milli kinomuzda ilk dəfə məhz Turabovun  təfsirində öz stereotip sələflərindən fərqləndi, rus bolşevik rejiminə qarşı mübarizə aparan, milli ruhun təmsilçisinə çevrildi, torpağın qoruyucusu olan tarixi varlıq kimi bəraət aldı. H.Turabovun yozumunda Gəray bəy tarix meydanından sıxışdırılıb çıxarılmaqda olan əxlaqın, düşüncənin təmsilçisidir və bu tarixi həqiqət aktyorun tapıntıları sayəsində filmin mətninin dərin qatında kifayət qədər kodlaşdırılmışdır. Aktyor, Gəray bəyin içindəki enerjini zəngin mənalar verən işarəyə çevirmək üçün böyük məharət nümayiş etdirir və mətnin üst qatında onun qəhrəmanı nə qədər mənfi qütbə sıxışdırılsa da, həmin enerji obrazın başlıca bədii məziyyətinə çevrilir.

H.Turabovun ifasında Gəray bəy qranitdən yonulmuş əzəmətli, möhtəşəm heykəl təsiri bağışlayır. Onun ağayana baxışları, şax yerişi əyilməz iradədən, böyük qürurdan xəbər verir. Gəray bəy həyatının elə bir məqamında təsvir olunur ki, zaman onun xeyirinə işləmir, bolşevik kabusu xalqın ruhunu, yaddaşını da işğal etməklə məşğuldur. Lakin Gəray bəy keçmişini öz yaddaşında yaşadan şəxsiyyətdir və onu bolşevik kabusuna qarşı mübarzə aparmağa sövq edən də bu yaddaşı yaşatmaq zərurətidir. Bu mənada nə qədər paradoksal təsir bağışlasa da, filmdə Gəray bəyin gələcəyinin də ekran ifadəsi var. O, mübarzə meydanını mənəvi cəhətdən qalib kimi tərk etməyə özündə qüvvə tapır, komsomolçu Bəxtiyara imkan vermr ki, onu öldürsün. Son gülləsini ürəyinə sıxan Gəray bəyin ölümqabağı sarsıdıcı gülüşü və Bəxtiyara dediyi sözlər əslində onun tarixi bəraətinin başlanğıcıdır.

H. Turabovun yaratdığı daha bir bəy obrazı var - "Dərviş Parisi partladır" filmindəki Rəşid bəy. Bu obraz aktyorun oyun diapazonunun geniş miqyası, onun başqalaşma, tamamilə fərqli xarakterlərə malik obrazlar yaratmaq məharəti haqqında bitkin təəssürat yaradır.

Maraqlıdır ki, M.F. Axundovun "Müsyo Jordan və dərviş Məstəli şah" pyesində belə bir obraz yoxdur. Elə isə o, filmin bədii məkanına haradan düşmüşdür, onun varlığını, hadisələrdə iştirakçı statusunu hansı bədii-estetik amillər şərtləndirib, Rəşid bəy obrazının filmə daxil edilməsi müəllifin məramının hansı cəhətlərini qabartmaq zərurətindən irəli gəlib?

H.Turabovun böyük ustalıqla yaratdığı obrazın səciyyəvi cəhətlərini göz önünə gətirək. Rəşid bəy fransızca bilir, deməli savadlı, təhsil görmüş adamdır. Onun Avropa mədəniyyətindən də müəyyən dərəcədə xəbəri var. Bir qədər yumoristik planda təqdim olunsa da  danışığında, üz-sifət cizgilərində, xüsusilə də gözlərinin dibindəki kədərli ifadə Rəşid bəyin keçmişi, gələcəyi, ümumiyyətlə, taleyi barədə dolğun təsəvvür yaradır. Rəşid bəyin zahirən şən görkəminin, şux davranışının arxasında nəyə görəsə həmişə sıxılan, darıxan bir insanın iztirablarını görməmək mümkün deyil. Aktyor obrazın xarakterindəki bu paradoksu ustalıqla verir və nəticədə Rəşid bəy nə vaxtsa elmin, maarifin havası ilə nəfəs alsa da, sonradan Şahbaz bəyin dili ilə desək, "qamışlıq və bataqlıq" səltənətinin sakini olmaq qisməti ilə barışmış bir insanın obrazına çevrilir. Və bütün bunlar onun bəlkə də bəyliyindən irəli gələn təkəbbürü ilə toqquşanda özündə həm komik, həm də faciəvi bir aqibətin əlamətlərini yaşadan obraz formalaşır. Rəşid bəy liberal düşüncəli (Fransada inqilab olduğunu eşidəndə  onun necə sevindiyini, qışqırdığını yada salaq), lakin bu düşüncələri dədə-baba qaydaları qarşısında güzəştə  getməyin ağrı-acısını başa düşən yarımçıq bir ziyalıdır. Onun gizli iztirabları, xiffəti  müəyyən dərəcədə anlamaq dərdinə tutulmuş bir insan tərəfindən öz qınına çəkilib yaşamağın və inkişafa, elmə can atmağın eyni vaxtda mümkünsüzlüyünü dərk etməsindən irəli gəlir. Bu mənada o, həm də   müəllf konsepsiyasının mətnaltı  qatlarının ifadəsinə çevrilir. Rəşid bəyin taleyi oxumağa, təhsilə can atan indiki Şahbaz bəylə, nə vaxtsa oxuyub öz elinə dönəcək Şahbaz bəyin taleyinin qovuşdurur

Və nəhayət, H. Turabovun "Dantenin yubileyi"ndəki Kəbirlinskisi…Aktyor haqqında danşanda bu obrazı xatırlamamaq, sadəcə, mümkün deyil.

"Dantenin yubileyi" filminin qəhrəmanı fərqlənmək, gözə çarpmaq, öz qabiliyyəti,  bacarığı ilə seçilmək imkanları tamam tükənmiş,  işlədiyi teatrda az qala rekvizit, dekorasiya səviyyəsinə enmiş istedadsız qocaman aktyor Feyzulla Kəbirlinskidir. H. Turabovun ifasında Kəbirlinski nəinki  kiçik, hətta sözsüz rolları belə oynamaqda aciz adamdır. Kəbirlinskinin  bunu  bilir,  fərqinə varırmı? Xeyr, uzun illərdən bəri çalışdığı teatr, tülkü rolunu oynamaq üçün tələsdiyi radio,  televiziya tamaşasında 1-cə cümləsini demək üçün getdiyi telestudiya Kəbirlinski üçün çox guman ki, maaş, az-çox qonorar,  dola-nışıq mənbəyidir. Onu tez-tez ələ salırlar, təhqir edirlər - Kəbirlinskini isə hər şeyi qulaqardına vurur, heç nəyə reaksiya vermir, sanki elə belə olmalıymış kimi öz "fəaliyyətini" davam etdirir, məşq zamanı Səyavuşun dediyi cümlələrdən "oğurlayıb" rəhbərlik etdiyi dram dərnəyinin kollektivi qarşısında sənət yanğısı barədə çıxış edir. Onun daxilində fəaliyyətə, yaradıcılığa  mənəvi stimul verən  heç bir motiv,  maraq yoxdur. O, hamı ilə normal  münasibət qurmağa çalışır, lakin  hər dəfə də uğursuzluğa düçar olur. Heç bir böyük iddiası, arzusu olmayan bu  adam işlədiyi kollektivdə, heç gün ünsiyyətdə olduğu adamlar arasında tənhadır. H.Turabov Kəbirlinskinin naturası ilə onun daxili aləmi arasındakı bağlılığı qrafik cizgilərlə əks etdirir, qəhrəmanını mülayim, kövrək qəlbli, sadəlövh, həyata etibarını itirməyən bir insan kimi yaradır,  obrazın daxili aləmini açan vizual ifadə vasitələrindən yerli-yerində istifadə edir. Onun Kəbirlinskisi tamaşaçını ömrün mənası, insanın həyatdakı missiyası ilə bağlı dərin  düşüncələrə daldırır, neçə-neçə belə insanın taleyinə yeni rakursdan baxmağa sövq edir. Bu obrazı H.Turabovun kino fəaliyyətinin zirvələrindən biri hesab edən yazarlarla razılaşmamaq çətindir.

...H.Turabovun Azərbaycan xalqı qarşısında başı ucadır. O. Azərbaycan aktyorluq sənətinə, Azərbaycan kinosuna yeni keyfiyyətlər gətirən, milli kino və teatr xəzinəmizi br-brindən maraqlı, orijinal, parlaq ekran və səhnə obrazları ilə zənginləşdirən  nadir istedad sahibi, adı böyük hərflərlə yazılan AKTYORdur.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!