Yatmış şəhərin yuxusu yaxud rəssam Ucal Haqverdiyev - Azər TURAN yazır - Azər TURAN

Azər TURAN

 

1984-cü ildə Sibirdə tanış olduq. Port-Artur savaşı dövründən qalma məşhur Qırmızı Kazarmada əsgərlik həyatı yaşadıq. Hər dəfə məxməri səsiylə Fransua Millenin anasının səhərlər oğlunu oyadarkən dediyi sözləri təkrarlayardı: "Qalx, Fransua, quşlar artıq çoxdan Allahı salamlayıb".

Ucalın səsi yaddaşımda bu sözlərlə qaldı. Bir də hər səhər yuxudan duranda "Da zdravstvuet jivopisğ!" - deməyi vardı.

Əsgərliyini rəssam olaraq başa vurdu. Qələm-kağız əlindən düşməzdi. Ya gündəlik qeydlər yazar, ya da rəsm çəkərdi. Çox vaxt da ney çalan qıvrımsaçlı bir qızın rəsmini. Sənət haqqında, özəlliklə, İntibah dövrü rəssamlığı barədə söhbətlərindən doymazdım.

Avanqard idi. Ucalın rəsmlərindəki kultroloji arxetip Azərbaycandan Misirə, Bibliyadan Andrey Rublyova, fransız impressionizmindən primitivizmə, ekspressionizmə qədər şaxələnirdi. Və Ucalın primitivizmi Pirosmaninin deyil, Qogenin, yaxud Anri Russonun primitivizmi ilə səsləşirdi. Sənətşünaslar bunu necə qarşılayar, bilmirəm, amma yazmaq istəyirəm ki, Ucalın "Sehirli bağ"ı ilə Anri Russonun "Röya"sındakı parlaq ekspressiya, lirika, rəng qamması, hüzur və harmoniya, plastika, hətta mifoloji semantika belə eynidir. Amma Ucal həm də şairdi axı, "saatları geriyə - əbədiyyətə çəkməyi" vardı:

Amma mən Sizin üçün Səmanı çəkəcəyəm,

Və o gözəl rəqsini güllərin, yarpaqların.

Ulduzların odunu sönməyə qoymayacam,

Həqiqət nuru olsun qoy bütün nağılların.

Bir az arzu gərəkdir, bir az da ümid olsun,

Su üstüylə xəfifcə gah sürüşən, gah süzən,

Bir az eşq bacarığı, bir az gözəllik qalsın,

Heç olmasa azca da sirr - kiçicik möcüzə.

Bir də ki...saatları geriyə çəkəcəyəm,

Bir xeyli gün əvvələ, yəni əbədiyyətə!

(rus dilindən çevirəni: Cavi Dan)

Onun saatları tanıdığım gündən indi barəsində bu sətirləri yazdığım ana qədər əbədiyyətə işləyirdi. "Röyalar şəhəri"ndəki çərpələng uçuran qız, yuxuya dalmış evlər, evləri çevrələyən dağlar, dağın zirvəsindəki ağac... "Mən - şəhərin rəssamı, / Şəhər-mənim yuxumdu" - deyən Ucal sükutun və zamanın harmoniyasını yaradırdı. "Sevgililər"dəki intim romantika, eşqin və həzzin nirvanası və Ucalın şeirlərindən uçub sevgi çardağına qonmuş göyərçin... "Sehirli bağ"dakı zaman da bizdən uzaqdakı zamandır. Onun indiyə dəxli yoxdur. İşığa doğru uçan maral da, bağ da, çılpaq qadın da  sanki Edem bağının zamansızlığındadır. "Sehirli bağ"dakı obrazlar sistemi, kompozisiyaya yerləşdirilmiş aləm - qadınla maral arasındakı məsafə Ucalın qeyri-adi erudisiyasından soraq verir. Karl Qustav Yunqdan başlayaraq, simvol və arxetipləri araşdıranların qənaətinə görə, meditasiya zamanı insan məni qadın təhtəlşüurunda maral obrazında zühur edir. Ona medium da deyirlər. Çünki o, insanlara, ağaclara, heyvanlara, hətta daşlara da daxil olaraq onları bir-birinə bağlayır. Onun içində yanan od bütün kainatda yanır, yaxud kainatı işıqlandırır. Ucalın zamanı ətrafdan təcrid olunmuş, öz daxilinə hopmuş, gizli, sirli və bütöv bir zamandır. Daha çox da zamansızlıqdır.

Özüm üçün balaca bir ev çəkmək istədim,

Baca, soba, pəncərə,

Pəncərədə göyərçin - nağıl kimi mənzərə.

Uzun masa üstündə süfrə yox, mahud sərdim.

Bir də damda leyləyə ufacıq yuva qurdum,

Bir də ki yaz nəfəsli şən və şux bir ildırım.

Zərfdə xoşbəxt xəbərlər...

Hər şey haqda xəbərlər,

                        daha nələr və nələr....

Çaya enən bir çığır,

Çayqırağı bir bərə... və sair və ilaxır...

Bir də ora enməyi görmək, duymaq istədim.

Bir də yazmaq istədim,

                        yazmaq, yazmaq istədim.

Qarşı sahilə keçib mən oxumaq istədim

Necə yazdım-yaşadım,

                        necə yaşadım-yazdım...

....amma ki, bacarmadım....

(çevirəni: Səlim Babullaoğlu)

Tablolarındakı kompozisiyaların, dəst-xəttin özünəməxsusluğu onu müasirlərindən xeyli fərqləndirirdi. Ucal yeni dövrün nadir rəssamlarından biriydi. Sənətdə yeni yol quranlardan oldu. Yolun avanqardını seçdi. 80-90-cı illər Azərbaycan rəssamlığının  modern axtarışlarını Ucalın iştirakı olmadan dəyərləndirmək, bəlkə də, heç mümkün deyil.

Nəsrimizdə epik sanbalına və modernist estetikasının parlaqlığına görə seçilən "Əbuhübb" romanında Aydın Talıbzadə avanqard bir rəssam obrazı yaradıb: Tuncal! Çəkdiklərini heç kəs anlamır. Həm də şairdir.  Amma şeirlərini dostlarından başqa heç kəsə oxumur. Bütün halıyla - rəsmlərilə, şeirlərilə, qəribəlikləri ilə Tuncal Ucaldır. Aydın Talıbzadənin özündən də soruşmuşam: "Ucal bizim məhəllədə yaşayırdı. Dərin ünsiyyətim yox idi onunla. Sadəcə seyr edirdim onu" - deyir. "Necə qalıb yadınızda?" "Qəribə, çox qəribə adam, heyrətləndirəcək dərəcədə qəribə adam. Başında sombrero, əynində qara köynək, qara şalvar və qara çəkmə: gülümsər çöhrəli topasaqqal bir cavan. Onun təbəssümündə və baxışlarında mən bir məna oxuyurdum həmişə: "əfsus ki, siz heç nə anlamırsınız, siz mən anlayanı anlamırsınız."

Bu qədər...

"Tuncal əksərən vedalardan danışırdı, amma hindli deyildi. Salavat çevirirdi, amma müsəlman deyildi. Kilsənin zəngini eşidəndə xaç vururdu, amma xristian deyildi. Yom-Kippurim bayramlarında xavraya gedirdi, amma yəhudi deyildi..." "Əbuhübb"ün bu nöqtəsində dayanıram. Yaddaşımdakı Ucal oyanır. Xəyalım 1985-ci ilə gedir. Ucalla vedalar, hətta şamanizm barədə danışsaq da, xristianlıq, islam, yəhudilik barədə danışmamışdıq. Bir az da dərindən xatırlayıram. O zaman 25 yaşlı Ucal rəssamlığa din səviyyəsində etiqad edirdi. Onun peyğəmbərləri İntibah rəssamlarıydı... Leonardo da Vinçi, Mikelancelo, Rafael, Rembrandt... Səhərlər isə yalnız bu duanı oxuyurdu: "Da zdravstvuet jivopisğ!"

Sonralar Leonardo da Vinçi onu "Müqəddəs İyeronim"ə yaxınlaşdıracaqdı...

Posmotri - okno zapotelo.

Narisuy menə na okne.

Çtob ono poteklo, poteplelo...

Bir də on doqquz il sonra təsadüfən Bakıda - Torqovı küçəsində onu uzaqdan gördüm. Şeirlərindəki obraza bənzəyirdi. Uçulmuş şəhər idi sanki. "Ucal, Ucal!" - deyə səslədim. Qara, uzun saqqalı, laübalı yerişi onu tanınmaz etsə də, Ucal olduğu dərhal bilinirdi.  Dayandı. Arxaya - səs gələn tərəfə baxdı. Yaxınlaşdım. Tanıdı. Qucaqlaşdıq. Amma bu, artıq mənim tanıdığım Ucal deyildi. Ürəyi ağrıyırdı.  "Harda görüşək?"  - sualıma "Vaxtımın çoxunu kilsədə oluram" - deyə cavab verdi. Heç nə anlamadım. "Kilsədə niyə?.."

Ucalla görüşmədiyimiz illərdə mən Məkkə ziyarətində olmuşdum, o isə...

Bir vaxt rəsm qovluğunu dizinin üstünə qoyub ney çalan qıvrımsaçlı bir  qızın şəkillərini çəkən Ucal isə Bakıda Mixail Arxangel kilsəsinin divar freskalarını çəkən provaslav Pyotr Ucala çevrilmişdi...

Məncə, rəssam Ucalı öz böyük sevgisinin təsəvvüfünə çatdıran, onu xaç suyuna salan elə ilk gənclik illərindən könül verib tapındığı renessans rəssamları oldu.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!