Ekranlaşdırılmış ədəbi əsərlər - Alberto Moravianın "Nifrət" romanı əsasında çəkilmiş eyniadlı filmin təhlili Sevda Sultanovanın təqdimatında

Layihədə təqdim etdiyimiz növbəti film italyan yazıçısı Alberto Moravianın "Nifrət" romanı (1954) əsasında çəkilmiş eyniadlı filmdir.

Sevda Sultanova

 

Moravianın əsərləri Vittorio De Sika ("Çoçara"), Bernardo Bertoluççi ("Konformist") kimi parlaq rejissorlar tərəfindən ekranlaşdırılıb.

Yazıçının "Nifrət" romanını isə 1963-cü ildə fransız "Yeni dalğa"sının yaradıcılarından, kinonun klassiklərindən biri Jan Lyuk Qodar ekranlaşdırıb. Qodarın bu filmi reallaşdırmasına razılıq verməsini "yeni dalğaçı"lar birmənalı qarşılamır, hətta onu prinsiplərinə xəyanətdə suçlayanlar da olur. Bu haqda az sonra ətraflı danışacağıq.

Öncəliklə, filmin süjeti barədə:

Yazıçı Pol Javal idealistdir, bununla belə, o, kütləvi detektivlər və ssenarilər yazaraq pul qazanır. Avropaya gələn amerikalı prodüser Prokoş Homerin "Odisseya"sının motivləri əsasında film çəkməyi planlaşdırır. Filmi alman rejissoru Fritz Lanqa həvalə edir. Amma Lanqın yozumu, ciddi sənət filmi çəkmək istəyi onu qane eləmir. Çünki Prokoş "Odisseya"nı kütləni maraqlandıran döyüş filmi kimi görmək istəyir, çılpaq qadın bədənlərinin çox olmasını arzulayır. Onu hər şeydən əvvəl filmdən pul qazanması maraqlandırır. Ona görə Pola ssenarini yenidən, onun istəklərinə uyğun yazmağı təklif edir. Pol arvadı Kamillanı çox sevir və onun arzusunda olduğu yeni mənzilin pulunu ödəməkdən ötrü müqaviləni imzalayır.

Çəkiliş heyəti ssenari yazmaq və filmi çəkmək üçün Kapri adasına yola düşür.

Prokoşun Kamilladan xoşu gəlir, bunu sezən Pol bunu görməzdən gəlir. Ərinin ideallarına xəyanətinə, prodüserlə birlikdə olmasına şərait yaratmasına görə arvadı ona nifrət edir.

Kamilla onu tərk edərək Prokoşla Romaya gedir və yolda onların olduğu avtomobil qəzaya uğrayır. Kamilla və Prokoş həlak olurlar.

Arzusu teatrda işləyib, dramlar yazmaq olan Pol Kapridən qayıdır. Lanq filmi tək çəkir...

İndisə Qodarın filmə görə nədən tənqid olunmasına qayıdaq.

"Yeni dalğa"nın meydana gəlməsinin əsas motivi etiraz idi. Onlar baş qəhrəman kimi ancaq gözəl qadınları və yaraşıqlı kişiləri seçən, reallıqdan uzaq, qlamur həyat tərzini prioritetə çevirən kino kanonlarını rədd edir, kommersiya filmlərinə önəm verdiyi üçün yaşlı nəsli tənqid atəşinə tutur, sosial normalara qarşı çıxır, nəql texnikasında, kino dilində eksperimentlərə əl atır, ideal gözəlliyə malik olmayanları əsas qəhrəman kimi seçirdilər. Onların personajları cəmiyyətə üsyan edir, özünün xaotik davranışı ilə ona meydan oxuyurdu.

"Yeni dalğaçı"ların əsasını qoyduğu müəllif kino nəzəriyyəsinə görə, rejissor filmin tam müəllifi, kinoprosesdə həlledici fiqur olmalı, istehsal zamanı bütün mərhələlərdə iştirak etməli, filmə kommersiya yox, sənət nümunəsi kimi yanaşmalıdır. Bununla da onlar kino sənayesini maddi maraqlara çevirən prodüserlərə qarşı çıxırdılar. 

Məsələ onda idi ki, "Nifrət" film layihəsini Qodara çəkməyi, dövrünün iki nəhəng prodüseri italyan Karlo Ponti və amerikalı Cozef Levin təklif etmişdi. Üstəlik, onlar 1950-60-cı illərin seks simvolu, kommersiya filmlərində çəkilən Bricit Bardonun baş rolda oynamasını şərt kimi qoymuşdular. Şərtlər Qodarın prinsiplərinə zidd olsa da, o, layihəyə razılıq verir. Eynilə Pol Javal kimi.

Ancaq nəticə gözlənilməz olur, çünki filmin böyük prodüser layihəsi olmasına, şərtlərə baxmayaraq, Qodar prinsiplərinə burda da sadiq qalır. "Nifrət"i prodüserlərin müəllifə təzyiqini göstərən tənqidi film kimi çəkir. Film bitəndən sonra prodüserlər rejissora Bricit Bardonu çılpaq çəkmədiyinə görə irad tuturlar. Və Qodar ustaca avantüraya əl atır. O, Bardonu soyundurur, amma prodüserlərin istədiyi kimi onun seksuallığını önə çəkmir. Əksinə, açıq səhnəni minimal və soyuq çəkməklə qadın bədəninin kapitalist dünyasında əmtəəyə çevrilməsinə vurğu edir. Film də elə bu epizodla başlayır. Çarpayıda çılpaq uzanan Bardonun qəhrəmanı bədəninin bütün hissələrini sadalayaraq, ərindən onları sevib-sevmədiyini soruşur. Və səhnə sanki öz bədənini, gözəlliyini satışa çıxaran Kamillanın reklam monoloqu intonasiyasında alınır. Yeri gəlmişkən, romanda belə bir səhnə mövcud deyil.

Qodar romanın fabulasını, ordakı bir sıra dialoqları demək olar ki, olduğu kimi saxlayıb. Ancaq Moraviadan fərqli olaraq, onun ideyasını daha da qloballaşdırır, prodüser -rejissor qarşıdurmasına daha geniş, sərt, ironik baxış bucağından baxır (yəni problemləri İtaliya kinosu çərçivəsindən çıxarır), strukturda, obrazlarda özünəməxsus nəql texnikası ilə uğurlu dəyişikliklər edir.

Əgər romanda prodüser Battista əslən argentinalıdırsa, Qodar onu amerikalı kimi, Prokoş adıyla təqdim edir. Təbii ki, bu, təsadüf sayıla bilməzdi. "Yeni dalğaçı"lar 1950-ci illərdə "Cahiers du Cinema" jurnalında  Amerika studiyalarının nəhəng mexanizmini tənqid edir, prodüserlərin hakimiyyəti altında sənət azadlığı uğrunda mübarizə aparan Alfred Hiçkok, Orson Uelles və Hovard Houks kimi rejissorları təbliğ edirdilər.

Romanda olduğu kimi, Qodarın təqdimatında da üç paralel xətt var: Pol və Kamillanın münasibətləri, prodüser-rejissor konflikti və Odisseyin arvadı Penelopa ilə münasibətlərinin əsas qəhrəmanların həyatına proyeksiyası.

Qodar hər üç xətdən yararlanır. Amma özəlliklə, bütün film boyu müasir kino dünyasının problemlərinə fokuslanır, sənət və kommersiya kinosunun qarşıdurmasını göstərir və digər filmlərində olduğu kimi, təhkiyəsini pastişlərlə, sitatlarla, allüziyalarla mənalandırır, polifonikləşdirir.

Məsələn, film dünyanın bəlkə də ən nüfuzlu kino tənqidçisi, fransız Andre Bazenin sitatıyla başlayır: "Kino bizim dünyaya baxışlarımızı arzularımıza uyğun gələn baxışlarla əvəz edir".

Bundan başqa, Danteyə, Brextə, Houksun "Hatari", "Rio Brava" filmlərinə, yunan miflərinə göndərmələr edilir, antik yunan ədəbiyyatı, mifləri müzakirə olunur, amerikalı rejissor Nikolas Reyin adı keçir və s.

Rey də prodüserlərlə anlaşa bilmirdi və Qodar onun haqqında "Kino Nikolas Reydən başlayır" - deyirdi.

Romandakı alman rejissoru Reynholdu, Qodar böyük alman rejissoru Fritç Lanqla əvəzləyir. Əsərdə Rikardo (filmdə adı Pol Javalla əvəzlənib) onun haqqında belə düşünür: "Reynhold Pabst (avstriyalı rejissor) Lanq kimi böyük miqyaslı müəllif sayılmasa da o, böyük rejissor idi, heç vaxt kommersiya filmləri çəkmirdi. Onun mübahisəli, amma müəyyən estetik baxış və prinsipləri vardı".

Və Qodar filmə real obrazı, özünü oynayan, alman ekspressionizminin əsas müəlliflərindən birini Lanqı gətirir. Lanq, eyni zamanda kinoda triller, nuar janrının yaradıcılarındandır. Nasistlər hakimiyyətə gələndən sonra Lanqın filmləri ölkədəki reallığı əks etdirdiyinə görə qadağan olunur. O, tezliklə ölkəni tərk edərək Amerikaya gedir. Hollivudda işlədiyi müddətdə Lanqın iri studiyalarla əməkdaşlığı zamanı, vaxtaşırı yaradıcı konflikti yaranır, hətta bir müddət o, işsiz də qalır. Ona görə Qodarın prodüserlə dil tapa bilməyən rejissor roluna bu taleyi yaşayan Lanqı dəvət eləməsi təsadüfi deyildi. 

Bir kadrda Kamilla Lanqla tanışlığı zamanı ona Marlen Ditrixin baş rol aldığı "Bədnam ranço" vesternini "dahiyanə" adlandıranda, rejissor soyuqqanlıqla, bir az da ironik tərzdə "Mən "M" filminə üstünlük verirəm" cavabını verir.  Qodar qısa dialoqda kütləvi və müəllif kinosunu qarşı-qarşıya qoyur.

Qeyd edim ki, Lanqın "M-şəhər qatili axtarır" trilleri dünya kinosunun incilərindəndir.

Təsirli bir epizod daha var: Prokoş Lanqın "Odisseya" ilə bağlı yozumunu bəyənmir, hərəkətli təsvirlərin, çılpaq qadın bədənlərinin çox olmasını tələb edir. Mübahisədən sonra zalı tərk edən Lanq kadrda tənha təsvir olunur, məyusluqla siqaret alışdırır. Jorj Deleryunun musiqisi təsvirin dərinliyini, təsir və məna gücünü artırır.

Ayrı-ayrı epizodlarda Lanqın Hollivud prodüserlərinə münasibəti sarkastik tərzdə əksini tapır. Prokoş onları evinə dəvət edəndə Lanq "Mən bu rəzalətdə iştirakdan imtina edirəm" - deyir.

Yunan tanrılarının təsviri isə çoxqatlı yozumlara açıqdır. Bəzi rakurslardan onlar öləri bəndələrin taleyini həll edən, istehzayla baxan əzəmətli Tanrılardır. Bəzi rakurslardan isə özlərini tiran kimi aparan prodüserlərin prototipi təsiri bağışlayır. Və Prokoşun "Tanrılar xoşuma gəlir, onların nə hiss etdiyini bilirəm" - deməsi də buna işarədir.

Qodar Prokoşun simasında sənəti əzən prodüseri ən neqativ çalarlarda göstərir. Məsələn, Prokoş hamının gözü önündə, tərcüməçisi Françeskanın belindən masa kimi istifadə edir və ya ona kobudluq göstərir.

Dediyim kimi, filmdə Polla Kamillanın münasibətinin pozulması həm də Odisseylə Penelopanın münasibəti müstəvisində danışılır.

Lanqın yozumuna görə, Odisseyin evə uzun illərdən sonra  qayıtmasının səbəbi heç də yolboyu qarşısına çıxan maneələr deyildi. Onun ləngiməsinin əsasında təhtəlşüurundakı fikirlər dayanırdı. Çünki o, gedənə qədər Penelopa ilə artıq münasibəti pozulmuşdu. Penelopanın çoxlu pərəstişkarı vardı, ona hədiyyələr gətirilirdi və bunu bilə-bilə Odissey arvadına onlarla xoş davranmağı məsləhət görürdü, çünki qalmaqaldan qaçırdı. Həm də arvadının ona xəyanət etməyəcəyindən rahat idi. Bu səbəbdən Penelopa ona nifrət edirdi və Odissey laqeydləşən arvadına dönmək istəmirdi. Odisseyin evə qayıtdıqdan sonra onun pərəstişkarlarını öldürməsi, qisas yox, arvadının sevgisini yenidən qazanmaq cəhdiydi.

Polla Kamilla arasında ilk çat arvadını Prokoşun maşınında onun evinə laqeydcəsinə yola salanda meydana gəlir. Daha sonra Kapridə o, yenə də arvadıyla Prokoşun birlikdə olmasına şərait yaradır. Ərinin məqsədinə görə belə davranması, eyni zamanda yazıçı kimi prinsiplərinə xəyanəti qadında nifrət hissi yaradır. Bir yerdə Pola "Əvvəllər sən detektiv yazırdın, biz varlı olmasaq da hər şey yaxşı idi. Kino dünyasına girəndən sonra dəyişmisən" - deyir.

Qodar prodüserlərin mövqelərindən sui-istifadə etmək problemini qabardır, onu mənəvi dəyərlər kontekstində müzakirəyə açıq qoyur. Yeri gəlmişkən, ötən il Hollivudun nüfuzlu prodüserlərindən biri Harvi Vaynşteynin məşhur aktrisalara qarşı seksual zorakılıq cəhdləri ilə bağlı qalmaqal problemin indi də aktual olduğunu göstərir.

Polla Kamillanın münasibətlərini aydınlaşdırması səhnəsi təsvir, stilistik baxımdan, xüsusən yaddaqalandır. Qodar konfliktli situasiyanı, cütlüyün özgələşmə anlarını, ünsiyyət böhranını dinamik, dəyişkən mizanlarla, rəqs manerasında, kameranın rəvan hərəkətiylə, poetik-tragik intonasiyada verir. Özəlliklə, ağrını, tənhalığı ifadə edən musiqi və dinamikləşən mizanlar məhz Qodarın kinoestetikasına xas - vizual üslub səviyyəsində təzahür edir.

Mənzildəki pərakəndəlik, interyerdəki yarıboşluq sıxıcı atmosfer yaradır və ailədəki böhranı simvollaşdırır.

Prokoş rolunun ifaçısı Cek Pelansın Amerika döyüş filmlərindəki personajlar kimi ifadəsiz, donuq üzü obrazın xarakterinə uyğundur.

Mişel Pikkoli (Pol Javalın ifaçısı) özgüvəni olmayan, iradəsiz, daim şübhələr içində çırpınan kişi obrazını ustalıqla yaradır.

Bricit Bardo ümumən, xüsusi istedadı ilə seçilməsə də Kamilla onun azsaylı uğurlu rollarından biridir. Qodar bu obrazı italyan rejissoru Antonionun personajlarına uyğun işləyib: Kamillanın qapalılığı, ünsiyyətə açıq olmaması, ekzistensiyası.

Romanda diqqətimi çəkən maraqlı detalı qeyd etmədən keçə bilmirəm. Prodüser Battista deyir: "Neorealist filmlər tamaşaçını sıxır, onlar pessimist, kədərlidirlər. Bundan başqa, onlar İtaliyanı kasıblar ölkəsi kimi göstərir".

İtalyan neorealizminin görkəmli simalarından biri Vittorio De Sika "Umberto D" neorealist filmini çəkəndən sonra ölkənin Mədəniyyət Nazirliyi ona pessimist film çəkdiyinə görə irad tutur. Üstəlik italyan kinotənqidçiləri də ekran əsərini pessimistliyinə görə amansız tənqid edirlər. Bundan sonra De Sikanın yaradıcılığında komediya, melodram yer alır.

"Umberto D" 1952-ci ildə çəkilib, roman isə 1954-cü ildə yazılıb. Görünür, Moravianın bu problemi romanın əsas xətlərindən birinə çevirməsinə, De Sikanı tənqidlər də təsirini göstərib.

...Filmdə Qodar Lanqın assistenti kimi çıxış edir və bununla da böyük rejissora ehtiramını bildirir.

"Nifrət" ekran əsəriylə Qodar sübut etdi ki, o, kompromissiz rejissordur. "Nifrət" həm də onun nifrətidir.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!