Tolstoy Kim Kardaşyandan daha məşhur olarsa... - Qan Turalı

Ədəbiyyat daim vardı. Bizdən əvvəl də vardı. Biz deyəndə Homo Sapiensləri deyirəm. Neandertalların da ədəbiyyatı olub. Çünki sözləri olub. Dini inancları olub. Söz olan yerdə ədəbiyyat da mövcuddur. Ədəbiyyat incəsənətin lap birinci növüdür. Sonra başqa növlər yarandı. Lap axırda da kino.

Bəs sabah ədəbiyyat olacaqmı? Mən bu barədə şübhəliyəm. Əlbəttə, yazmaq istəyənlər yenə yazacaq. Oxumaq istəyənlər də yenə oxuyacaq və kitab səhifələrində özlərinə həmdəm tapacaqlar. Kitablarla dərdləşəcəklər. Amma ədəbiyyat bundan əvvəlki dövrlərdəki funksionallığını qoruyub saxlaya biləcəkmi? Mən bundan narahatam.

Əvvəllər insanlar özlərini dərk etmək üçün dağlara, səhralara çəkilərdilər. Mövlana deyirdi ki, ya göründüyün kimi ol, ya da olduğun kimi görün. İndi bəs? İnsanlar başqa cür görünürlər, başqa cür olurlar. Hər şey olurlar, özlərindən başqa.  Hər şey görsənişə çevrilib. Mahiyyət unudulub. Hamı bu axına qapılıb. Bu bizim mahiyyətimizdirmi? Bəlkə də...

İki məşhur antiutopiya romanı var. Birini Oruel yazıb, "1984". Digərini isə Haksli. Oruelin romanında insanların üzərində nəhəng bir zülm aparatı, dövlət var. İnsanlar elə olmurlar, insanları buna məcbur edirlər. Və məncə romanın ən tragik yeri son səhifələrindəki məqamdır. Uinston ağları Böyük Qardaşı görəndə. Yəni, bir zor aparatı var, bu aparatı sevməyə borclusan. Yalandan təzim edə bilməzsən. Ürəyin, ruhun onunla olmalısan.

Digər roman. Haksli. Cəsur yeni dünya. Orda necədir? Hər şey könüllü. İnsanlar bilərəkdən ali iradəni qəbul ediblər. Məcburiyyət yox. Bir şey yox. Hər şey könüllü. İnsanlar həblərlə xoşbəxtdir. Sinkretik xoşbəxtliklər...

Hər iki roman eyni illərdə yazılıb. 1940-cı ildə. İllərdir mübahisələr gedirdi ki, hansı daha çox həqiqətə yaxındır. Sovet totalitarizminə qədər Oruel öndə idi. Sonra gördülər ki, yox, qardaş, insanlar könüllü şəkildə özlərini bu axına atırlar. Kapitalizm axınına. İstehlak axınına. Sosial mediaya.  Sosial fəlsəfə nöqteyi-nəzərindən bu daha məntiqlidir. Çünki insan təbiətinə zidd düşən heç bir ideya yaşaya bilməz. Onu yaşadan insanlardır. O insanlar üçündür. Buna görə də təbiətə zidd olsa darmadağın olacaq. Bitəcək. İndi biz bu dövrdə yaşayırıq. Orta statistik zəkanın hökmranlığında. Yaradıcı çox az şey qalıb. Daha böyük dühalar yoxdur. Kafka, Tolstoy, Budda... Ucuz filmlər, bəsit romanlar, televiziyanın və sosial şəbəkələrin mütləq hökmranlığı... Bu ucuzluqda ədəbiyyat kimin nəyinə lazımdı?  Ledi Qaqanın Kafkaya qalib gəldiyi bir dünyada yaşayırıq.

Baxırsan, hamı təhsilə can atır. Oxumağa can atır. Amma nə üçün? Daha yaxşı karyera üçün. Daha çox qazanc üçün. Daha çox tətil, daha çox nüfuz üçün. Harda qaldı özünü dərk etmək üçün qaranlıq otaqlara çəkilən sufilər? Nizamilər, Füzulilər... Səhraya qaçan Məcnunlar. Axan çayın sahilində iç dünyalarına qapılan buddistlər. İndi o buddistlər Samsung düzəldir. Dünyanın müqəddəsliyi azalıb. Nitsşe demişkən, səhra genişlənir. Durmadan həm də...

İnformasiya cəmiyyətində yaşayırıq. Elə bilirlər yaxşıdır bu. Yeni Ayfonun xüsusiyyətlərini bilirlər, özləri haqqında xəbərləri yoxdur. Müasir insan gündə 150 dəfə telefonunun ekranına baxır. Bir dəfə öz içinə baxmır. Nədir həyatın mənası? Düşünmür bu haqda. Bu vurhavurun anlamı nədir? İradəmizin xaricində doğulub iradəmizdən kənar olaraq başa çatdırdığımız bu həyatın mənası haqqında düşünənlər harda qalıb bəs? Var, belələri. Sözsüz ki, var. Daim də olub. Daim də olacaq. Amma heç zaman onların səsi bu qədər zəif çıxmayıb. Heç zaman bu qədər arxa plana düşməyiblər. Heç zaman. İnsanlar bilik yox informasiya axtarır.

Sosioloqlar bir şeyi düz hesablaya bilmədilər. Bəli, informasiyanın sürətli ötürülməsi mümkün oldu. Amma ötürülən nədir? Əvvəllər bilik ötürülərdi, kitab ötürülərdi. Bayağı düşüncənin bütün kanalları bağlı idi. Nəşriyyatlar, media ali düşüncəni yayırdı. İndi bəs? Nadanlıq, orta səviyyə sürətlə yayılır. Bu hay-küydə kimdir Tolstoy haqqında düşünən?! Ondan bir sitat qara fonda paylaşılır, yanında da şəkli, vəssalam. Tolstoy da çevrilib olub informasiya cəmiyyətinin bir paylaşımı. Onun bir vasitəsi.

Tolstoyların olmadığı dünya...

İşığı azalan dünya...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!