"Sənət - həqiqətə aparan yalandır" - Pikassoya sevgilərlə...

Günel EYVAZLI

 

Müharibə dəhşətləri, qan, ölüm, insan qırğını, faşist diktaturası üstəgəl, Basklar ölkəsi Qernikanın bombardmanı. Yaradıcı insan baş verən hadisələrin qarşısında susa bilməzdi. Geniş zaman kəsiyində başa gələn əsərlərindən fərqli olaraq “Qernika” bir ay ərzində tamamlanır. Olduqca soyuq, rəngsiz təsvir müharibənin bütün dəhşətləri özünü ifadə etməyi bacarmışdı.

Budur, bütün yaradıcı insanlar Parisi tərk edir. Salvador Dale ölkədən çıxmaq üçün Pikassodan borc götürür. O isə emalatxanasında nə isə çəkir, yeni əsərlərin yaradılması ilə məşğuldur. Emalatxanaya Gestapo nümayəndələri daxil olur. General incəsənətdən başı çıxan insan idi. O, əsərlər önündən keçərək maraqla onlara baxmağa başlayır. Nəhayət, “Qernika”nın önündə dayanaraq əlini çənəsinə sıxır.

- Bunu siz etmisiniz?

Cavab gecikmir.

- Yox, yox, bunları siz etmisiniz, cənab - cavabını verir Pikasso.

İstedadlı, yaradıcı insanların həyatı olduqca dolaşıq və qeyri-adi düzümə malik olur. Pikasso sadə rəssam ailəsində dünyaya göz açmışdı. Deyilənə görə anadan olanda ağlamamış, tibb bacısı uşağı əlinə alaraq bükülmüş parçanın arasında masanın üzərinə qoymuş və uşağın ölü doğulduğunu söyləmişdi. Budur, əhlikef dayısı əlində siqar ilə otağa daxil olur. Siqaret tüstüsünü uşağın üzünə üfürür. Ölüb? Sual verir. Tüstü uşağı ayıldır və o ağlamağa başlayır. Pikassonun doğum hekayəti belə başlayır.

Həmyaşıdları maraqlı əyləncələrlə məşğul olanda o, atasıyla birgə evdə fırçalarla, rənglərlə şəkil çəkərdi. Bu, onun üçün istənilən oyundan maraqlı və əyləncəli idi.

Pikasso atasının deyil, anasının soyadını götürür. İspan adətinə görə övlada iki famil verilərdi. Özünün bütöv adı isə Pablo Dieqo Xose Fransisko de Paula Xuan Nepomuseno Mariya de los Remedios Sipriano de la Santisima Trinidad Martiq Patrisio Ruis idi. Pikasso sanki məşhur rəssam olacağını hiss edirdi. Elə bu səbəbdən də atasının Ruis soyadını adi bilmiş, bəyənməmiş və anasının soyadını daha yaddaqalan və fərqli hesab edərək götürmüşdü.

Onun yaradıcılığının ilk anlarında diqqəti özünəməxsus palitrası çəkirdisə, sonrakı dövrlərdə formaya daha çox diqqət yetirirdi. O, həndəsi, geometrik fiqurların hərəkətinə diqqət ayırar və bu elementləri yaradıcılığında istifadə etməyə çalışırdı. Bütün bunlar onu tamamilə yeni janra gətirib çıxarır. Nəhayət, Pikasso rəssamlıqda kubizmin banilərindən birinə çevrilir.

Əslində bu cərəyan özündə ənənə imtinasını, fərqli həcmə malik cismlərin təsvirini ehtiva edirdisə, reallıqdan ayrılma rəsm əsərlərini qeyri-müəyyənliyə gətirib çıxarırdı. Elə bu səbəbdən Pikasso və Corc Brak fərqli elementlər, çalğı alətlərini, kibrit qutularının təsvirlərini və s. rəsmlərə əlavə etməyə başlayırlar. Sonradan rəsmlərə topoqrafik şriftlər əlavə edilir. Bu, “kubizmin sirli yazışması”na səbəb olur. Sirli şriftlərdə telefon nömrələri, qəsəbə, yaşayış binalarının nömrələri, sevgililərinin şifrələnmiş adları və s. öz əksini tapır.

O, qadınları sevirdi

Sənət - onun həyatda ciddi nəzərlərlə baxdığı yeganə anlam idi. Qalan hər şey ötəri və keçici idi. Qadınlar yalnız yaradıcılığında yeni açılış və yeni üfiqlərin kəşfindən, vasitəsindən başqa bir şey deyildi. İlham, təb halı idi, məsələn.

Qadınlar Pikassonun həyatında iştirak edərək sonradan şikəstə çevrilirdilər. Bəziləri intiharla ömürlərini sona yetirib, bəziləri isə ağlını itirərək yaşamalarına “davam” edirdilər.

Dostların dəvəti ilə Rusiyaya gələn Pikasso bir müddət balet ilə yaxından maraqlanır. Həm də fürsəti əldən verməyən rəssam balerinalar ilə sıx münasibətdə də olur. Sonradan münasibətdə olduğu balerina Olqa Xoxlova isə artıq zarafat deyildi. Kübar cəmiyyətin nümayəndəsi olan Olqa, kifayət qədər tanınmış ailənin nümayəndəsi idi. Onu unutmaq və Rusiyadan qaçıb getmək düzgün sayılmazdı. O, bu hərəkəti ilə ölümlə qarşılaşa bilərdi. Budur, cənab Pikasso Olqa ilə nikaha daxil olur. Evlilikləri dövründə hiss olunur ki, onlar tamamilə fərqli insanlardır. Olqa kübar mərasimlər vurğunu, Pikasso isə sadə həyat tərzini sevən, gününü emalatxanada keçirən insan. Olqa Pikassonun qonorarlarını qara kürüyə və yaxşı yeməklərə xərc edir, Pikassoya isə yavan çörək və şərab kifayətdir. Onların nikahı uzun sürmür. Cütlük tezliklə ayrılır.

Rəsmi olaraq Olqa Pikasso ilə hələ də nikahda sayılırdı. Xanım bütün həyatı boyu rəssamı məktubları ilə təqib edirdi. Rəssam isə bir dəfə də olsun məktublara cavab vermir. Bəlkə də o, rəsmən ayrılsaydı, qadın da həyatına normal davam edərdi. O isə bunu etmir. Səbəb isə sadə idi. Olqa ilə rəsmi surətdə boşansaydı, əmlakı aralarında bərabər bölmüş olmalıydı. Hətta rəsm əsərlərini də. Pablo isə bunu heç istəmirdi. O səbəbdən də rəsmən boşanmır. Həyatını erkən tamamlamış Olqanın dəfnində də iştirak etmir.

Muza axtarışı davam edirdi...

“Mən onunla 1943-cü ilin mayında tanış olmuşdum. Alman işğalı zamanı. O zamanlarda mən anlayırdım ki, incəsənət mənim həyat anlamımdır”. Fransuaza Jilonun “Mənim Pikasso ilə həyatım” kitabı bu cümlələrlə başlayır.

Bu vaxt Pikassonun 62 yaşı var idi. Fransuaza digər qadınlar kimi rəssamdan yaşca kiçik idi. Xanımın azad xarakteri və özünəməxsusluğu münasibətlərin sıx məcraya gəlməsinə şərait yaradır. Öncə Fransuaza onun pərəstişkarı və şagirdi idi, bir ildən sonra isə sevgilisinə çevrilir.

Qadınlarla münasibətləri qurmağı və pozmağı bacaran rəssam bu məhəbbət labirintində əslində çıxış yolu tapa bilmirdi. Xanım bəzən onunla “sən”lə danışacaq qədər yaxın olduğu halda, qısa zamanda “siz”lə danışacaq qədər ondan uzaqlaşırdı.

Onların münasibətləri zamanı Pikasso rəsmlərinə incəlik, lirizm daxil olur. Hətta günlərin birində rəsm çəkən rəssam qəflətən bir neçə fiquru, zoğ və yarpağı da rəsmə əlavə edərək “Çiçək qadın” (1946) rəsmini yaradır.

Fransuazanı əlində saxlamaq üçün Pikasso kişilərin növbəti manevrindən istifadə edir. Fransuaza iki uşaq anasına çevrilir. Oğlu Klod, qızı Paloma dünyaya gəlir. Rəssam tez-tez sevdiyi qadını uşaqlarla rəsm edərdi.

Pikasso sona qədər bir qadını sevən kişilərdən deyildi. Fransuaza günlərin birində rəssamın xəyanətinin şahidi olur və düşünmədən uşaqları da götürərək onu tərk edir.

Məhz onların münasibətlərinin pozulması zamanı Pikasso rəsmlərində Minotavr süjetləri, rəsmləri yaranmağa başlayır. O, sanki qaniçənə, vəhşiyə çevrilir. Qadının labirint münasibətinin daxilində azmağa başlayır. Fransuazanı unudub həyatını davam etdirməyə məhkum idi.

Yaradıcılığında şedevrə çevriləcək “Əlcəzair qadınları” (fr. Les Femmes d'Algers) silsilə tabloları ona şöhrət gətirir. O, bu silsiləni Ejen Delakurun məşhur rəsminin motivləri əsasında çəkir. Rəsmlərin hamısının qadın personajı isə Jaklin Roq idi. Bu illərdə Jaklin onun lirik idealı vəzifəsini yerinə yetirirdi. Həm də Jaklin Şərq qadını tipajına daha çox yaxın idi.

Bəli, Jaklin də onun sevgilisinə çevrilir. Xanım rəssamdan 52 yaş gənc idi. Jaklinlə münasibəti dövrünü Pikassonun dinclik, asudəlik, rahatlıq dövrü adlandıra bilərik. Halbuki bir zamanlar “Ömrümün sonuna qədər sevdiyim qadına rast gələ bilməyəcəyəm” söyləyirdi. Amma rast gəlir...

Jaklin onun həyatının sonuncu qadını idi. O, emalatxana köməkçisindən rəsm modelinə çevrilir. Onun Jaklinə həsr etdiyi rəsmlər digər qadınlar üçün çəkdiyi rəsmlərdən daha çox idi. Əlbəttə, belə də olmalı idi. O çox yaxşı bilirdi ki, qocalır. Ömrünü tamam etməyə az qalıb. Bunun üçün də məhsuldar işləmək lazım idi.

Jaklin onun həyatını məhsuldar və yaradıcı edirdi. Onu anlayır və pərəstişdə bulunurdu. Yaradıcı güc verirdi rəssama.

1961-ci ilin 13 martında 79 yaşlı Pikasso 34 yaşlı Jaklin ilə nikaha daxil olur. Toy olduqca sakit və sadə təşkil olunur. Dünəndən qalmış yemək - şorba və toyuq. Bir neçə dost, vəssalam. İçki olaraq yalnız su içilir.

1973-cü ilin 8 aprelində Pablo Pikasso 91 yaşında dünyasını dəyişir. Ömrünün sonlarına yaxın rəssam özü üçün gündəlik qrafik cızır. Səhərlər bağı gəzərək təmiz hava alır. Sonra emalatxanasına keçərək günün sonuna qədər orada qalır, rəsmlə məşğul olur. Yalnız gecələr evə gedərək yemək yeyir. Hər gün dostları evində qonaq edir. Onlarla birgə, gün ərzində bir dəfə şam edir. Sonra yenidən emalatxanasına qayıdaraq səhər saat 4-ə qədər işlərini davam etdirir.

Günlərin birində yemək üçün evə keçən Pikasso dostları ilə birgə masaya oturur. Masadan qalxanda isə “Mənim əvəzimə də için. Bilirsiniz, mən daha içə bilmirəm” deyir. (Paul McCartney -in “Picasso,s Last Words- Drink to me” mahnısında bu sözlər öz əksini tapıb).

“Günlərin birində mən batan gəmi kimi bu dünyadan gedəndə ardımca bir çox sərnişinləri bataqlığımda batıracağam” söyləyir”.

Bu dəhşətli kəlmələr reallığa çevrilir. Ölümündən bir neçə gün sonra oğul nəvəsi Pablito zəhərlənərək dünyadan gedir. İki ildən sonra xərçəngdən oğlu dünyasını dəyişir. O, atasının və övladının ölümündən çox fikir çəkir və çox içirdi. 1977-ci ildə Mariya Tereza Volter öz şəxsi qarajında dünyasını dəyişir. Onun qızı Maya anasının ölümündən sonra avtomobil qəzasında dünyasını dəyişir. Sevgilisi Dona Mar aclıq və səfalətdə dünyasını dəyişir. Pikasso tərəfindən ona bağışlanmış rəsm əsərini çətin, ac həyatına baxmayaraq satmır.

Jaklin özlüyündə hesab edirdi ki, bu ağrını və bu itkini ondan dərin heç kim hiss edə bilməz. Elə bu səbəbdən də heç kimi, hətta Pikassonun keçmiş sevgililərini və övladlarını belə dəfnə buraxmır. Yaxınları Jaklinin bu ağrılarla ömür sürə bilməyəcəyini bilirdilər. Onu depressiv vəziyyətdən çıxarmaq olduqca çətin idi. Yalnız yaxınlardan biri insanların ölərkən daha yaxşı dünyaya getdiklərinə onu inandırırlar. Jaklin nisbətən yaxşılaşaraq əvvəlki həyatına qayıdır və qayğıkeş evdar xanım missiyasını davam etdirir. Bu onun 13 il ömrünü uzada bilir. Pikassonun Madriddə 15 oktyabr 1986-cı il tarixində təşkil olunmuş rəsm sərgisindən sonra Jaklin də intihara gedərək özünü güllələyir.

Hamı incəsənəti dərk etməyə cəhd edir. Bəs niyə quşların oxumasını anlamaq istəmirlər? Pikasso deyirdi.

 

Onun rəsmlərini, rəssam xarakterini dərk etmək olduqca çətin və anlaşılmazdır. Məgər bunu dərk etməyə ehtiyac varmı?

Məgər çayın niyə belə axdığını araşdırırıqmı, dağların şiş görkəmini, niyə baharın gəldiyini, doğrudan da, quşların cəh-cəhini dərk etməyə çalışırıqmı? İncəsənət də belədir, sənət də belədir. Əlavə izaha, izahata ehtiyac yoxdur.