Şeirimizin Vurğunu, futbol vurğunu - Rüstəm Kamal yazır

Rüstəm KAMAL

 

Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatı artıq arxada qalıb. Bir ay Moskva karnaval mövsümünü yaşadı. Gələnlər rus insanının sevgisindən, qonaqpərvərliyindən danışdı. Siyasi qarşıdurmalar, iqtisadi sanksiyalar da sanki bir aylığa unuduldu. Bakıda, bəzi restoranlarda, hotellərdə turistlər, şəhər sakinləri və qonaqlar iri ekranlarda oyunları səs-küylə izlədilər - bundan kimsə rahatsız olmadı.

Həmin çempionatdan məndə bir-iki maraqlı detal da müəyyən assosiasiya yaratmışdı: Kosta-Rika yığma komandasının yarımmüdafiəçisinin soyadı Borxes idi. Amma dahi argentinalı X.L.Borxesin özü futbola biganə idi.

Argentinalılara futbol oynamağı ingilislər öyrətmişdi. Amma 86-cı ildə Maradonanın qolu ilə İngiltərəyə qalib gəlib Folklend müharibəsində məğlubiyyətin əvəzini necə çıxdılar...Futbol da əsl yaradıcı oyundur. Futbol oyununun dramaturgiyası ədəbi əsərin kompozisiyasını xatırladır. Stadionda futbol matçı klassizmin əsas prinsipini - zaman, məkan və oyun vəhdətini gerçəkləşdirir. Teatrda, savaşda olduğu kimi, burada ehtiraslar qızışır. Bizdə futbolun azarkeşi olan az sənətkarlar olub: Qara Qarayev, İmran Qasımov, Hüseyn Abbaszadə...

Xalq şairi Səməd Vurğunu futbol stadionunun ağız deyəni qulaq eşitməyən azarkeş sektorunda, qışqırıb-bağıran, fit çalan fanatların içində, azarkeşlər arasında təsəvvür edə bilmirik. Xalqımızın yaddaşında Səməd Vurğunun ağsaçlı, qartal baxışlı obrazı qalıb. Onu saz-söz məclislərində, yüksək tribunalarda, "hökmdarın hüzurunda" görmüşük. Saz çaldığını, ovçuluğunu da bilirik. Az adam bilir ki, "S.Vurğun əsl futbol azarkeşi idi" (K.Talıbzadə). İmran Qasımovun "Səməd kuboku" adlı maraqlı yazısı var, şairin futbol azarkeşliyi haqqındadır. 

Böyük şairin bu futbol azarkeşliyi - futbol vurğunluğu hardan gəlirdi? Axı, nə  uşaqlıq illərində, nə də gəncliyində onun top qovalamağını bir kimsə xatırlamır. Ötən əsrin 30-40-cı illərində Azərbaycanda futbolun populyarlığından danışmağa dəyməz. Böyük Vətən müharibəsinin qanlı-qadalı illərini də buraya əlavə etsək, onda Səməd Vurğunun fəal azarkeşlik təcrübəsi, bizim hesabımıza görə, hardasa 50-cı illərdən başlamalıdır. 50-ci illərdə onun Bakının "Neftyanik" komandasının ("Neftçi"nin) oyunlarına getməsini görənlər-bilənlər var. Yaddaşlarda bir-iki xatirə yarpağı qalıb. Həmin şahidlərdən biri də xalq yazıçısı Hüseyn Abbaszadədir: "1952-ci ilin yayı idi. Mən Cəfər Cabbarlı küçəsi ilə Kamo küçəsinin kəsişdiyi yerdə dayanıb taksi gözləyirdim. O gün respublika stadionunda "Neftçi"nin növbəti oyunu olacaqdı. Vaxt keçirdi, gecikirdim, boş taksi görünmürdü. Elə bu vaxt bir maşın gəlib lap yanımda durdu. Qapı açıldı, məni səslədilər:

- Gəl otur, hara tələsirsən?

Bu, Səməd Vurğun idi. Mən maşina əyləşə-əyləşə dedim:

- Futbola.

- Elə mən də ora gedirəm, yolumuz birdir.

Stadiona getdik. Yerlərimiz orta sektorların birində, yuxarı sırada idi" (H.Abbaszadə. "Dünyadan gör necə insanlar keçib").

"Neftyanik" oynayan günü bütün Bakı stadiona axırdı. Futbol bu şəhərdə fərqli peşə sahiblərini, fərqli millətlərdən olan insanları - qocanı da, cavanı da, müəllimi də, fəhləni də, şairi də, bəstəkarı da (məsələn, Qara Qarayev möhkəm azarkeş idi) bir araya gətirirdi. H.Abbaszadə xatırlayır: "Stadion adamla dolu idi, iynə atsaydın, yerə düşməzdi. Azərkeşlər bir-birinin böyrünə sıxılıb əyləşmişdilər. Biz oyunun başlanmasına yaxın gəldiyimiz üçün yerlərimiz tutulmuşdu. Camaat Səməd Vurğunu görüncə yerlərdən səsləndilər: "Səməd müəllim, gəlin əyləşin". Səməd Vurğun razılığını bildirdi. Bizim üçün öz yerlərimizi dərhal boşaltdılar". Oyun bitəndə isə stadionun çıxışında həmişə böyük izdiham yaranırdı.

Müharibədən çıxmış xalqın kütləvi sevincini və futbol emosiyasını anlamaq olardı...

Şair oyun gedən müddətdə gözünü meydançadan ayırmırdı, rəqib komandanın hücum həmlələrini diqqətlə, özünəxas mimika və jestlərlə izləyirdi. H.Abbaszadə yazır: "Səməd Vurğun meydançada gedən mübarizəni elə həyacanla izləyirdi ki, həndəvərimizdə əyləşən tamaşaçılar oyuna yox, ona baxırdılar. Bəlkə də onların bəziləri şeirlərini əzbər bildikləri sevimli sənətkar birinci dəfə idi ki, belə yaxından görürdülər".

O, komanda qələbə qazanan günü uşaq kimi sevinirdi, kefi kök gəzirdi, tərlan təbi cuşa gəlirdi, uduzanda isə qanı bərk qaralırdı, əsəbiləşirdi. "O gün "Neftçi" qonaqlara uduzdu. Səməd müəllim tutulmuşdu. O özünə təsəlli verdi.

- İnsafən bizim uşaqlar pis oynamadılar. Neyləyəsən, onlarınınkı gətirmədi. - O, "Vaqif" dramından Şaliko obrazının dediyi misranı söylədi: "Bəzən basılır hünər". Məncə, uduzanda da belə uduzasan, kişi kimi!" (H.Abbaszadə).

O, futbolçuları romantik pyesin, dramatik poemanın personajları kimi qəbul edirdi. Futbol onu süjetin məchulluğu ilə, emosiyalarına təbiiliyi ilə cəlb edirdi.

Azarkeş sektoru isə antik dramın xoru kimiydi.

S.Vurğun "futbolnamə"sinin baş qəhrəmanı Ələkbər Məmmədov idi. "Əməkdar idman ustası Ələkbər Məmmədovun iştirak etdiyi bir oyunu belə buraxmazdı" (K.Talıbzadə. "Sənətkarın şəxsiyyəti"). Məsələn, Yevgeni Yevtuşenkodan (o, müxtəlif illərdə futbola həsr etdiyi şeirlərini toplayıb "Mənim futboliadam" adlı kitab buraxmışdı), fərqli olaraq, Səməd Vurğun futbolu vəsf etməyib. Amma Ələkbər Məmmədova bir şeir həsr etməyib.

Qəhrəmanın meydanda təkbaşına mübarizəsi, yoldaşlarının onun köməyinə gəlməsi ona bir dastan süjetini xatırladırdı. Akademik K.Talıbzadə inanırdı ki, "Şair Azərbaycanın adını uzaqlara yayan oğullara hədsiz məhəbbət bəsləyirdi. Azarkeşliyin bir mənasını da bu cəhət təşkil edirdi".

Şairin haqsız, tənqidlərdən, repressiyanın qara xofundan, qanlı donoslardan başını götürüb getdiyi yer ya Muğan çölləri, ya da futbol stadionu olurdu. S.Vurğunun dərin depressiyaya düşüdyü günlərin hesabını kim bilir? Bəlkə də onu futbola gətirən depressiya ilə mübarizənin bir forması idi...

Stadion yeganə məkan idi ki, böyük şair özünü azad (lıqda!) hiss edirdi. Burda təbii ehtiraslarına, coşqun emosiyalarına, təhtəlşüur axınına istədiyi sərbəstliyi verə bilirdi... 

P.S. İndi futboldan, S.Vurğunun azarkeşliyindən yaza-yaza, rus şairi, Rus PEN-klubunun rəhbərlərindən biri olmuş Aleksandr Tkaçenkonun BSU-ya gəlişi, tələbələrlə görüşünü yadıma salıram. Həmin görüşdə mən də iştiark edirdim.  A.Tkaçenko karyerasını futbolçu kimi başlamışdı. Simferepolun "Tavriya" komandasında oynamışdı. Ömrünün bu səhifəsindən danışanda birdən futbola metaforik məna verdi: "Hər şey taledən və insanın içindəki oyundan çox asılıdır. Futbolu həmişə savaş oyunu kimi qəbul edirlər: qapını zəbt etmək, rəqibə qalib gəlmək və qalib (fateh) olmaq. Əgər sən meydanda topu götürüb sadəcə yuxarı vurursansa, top elə uçur ki, görmək olmur. Sonra top birdən geri özünə qayıdır. Və mən onda anladım ki, yuxarıda kimsə var, topu sənə qaytararaq səninlə oynayır. Ona görə də düşünürəm və təzə heç nə kəşf etmirəm: bu - Uca Tanrıdır! Sən Uca Tanıyla futbol oynayırsan. Sən qapıya qol vurmaq arzusu ilə topa zərbə vuranda başqa məkana düşmək istəyirsən. Onu fəth etmək yox, məhz oraya düşmək və o yüksək sferalarla ünsiyyət qurmaq istəyirəm... Sən bunu edirsən və birdən anlayırsan ki, ayağının hərəkəti bütöv stadionu ayağa qaldırır və sənin hərəkətini 50 (bəzən də 100) min adam izləyir. Və sən praktik olaraq Yaradanla bir yerdəsən!"