Əbədilik illüziyasına qaçış - Ülvi BABASOY

Röya üçün...

Ülvi BABASOY

 

Modern təsviri sənət tarixinə humanitar və incəsənət indeksli baxış.

"İnsan yaratmaq istədiyi şeyi təqlid etməməlidir".

Jorj Brak

 

"Sənət yaratmaqdır. Ancaq nəzarətsiz bir yaradılış prosesidir".

Cəlal Şengör

 

"Cavad fırçasının və düşüncələrinin Kvant gücü ilə keçmişə, ilkə sıçradı. Sezandan, Van Qoqdan, Qogendən başqa aralıqdakı bütün səhifələr, hətta renesans, hətta Antik Yunan səhifələri silindi".

Azər Turan

 

Mifik və tarixi yaddaş

XIX əsr fransız rəssamı Pol Delaroş "Bu gündən etibarən rəsm ölübdür", deyəndə rəssamlıq sənətində ümidsilzik yarandı. Fotoqrafiya rəsm sənətini üstələyəcəkmi? sualı gəldi ağıllara. Ancaq bu sözlər klassizm və neoklassizmin sonu, yeni, modernist eranın əməli başlanğıcı idi. Qarşıda rəssamlıq sənətini ekspressionizmdən konstruktivizmə, dadadan minimalizmə, popdan performansa, ordan da postmodern heykəllərə qədər aparan böyük sənət yolu var idi. Deməli, heç bir sənətin ölümü baş vermir. Rəng və görkəm dəyişir. Məna və çalar hər bir sənətkarın fərdi baxış bucağı ilə yeni kəşflərin səbəbinə çevrilir. Necə ki, neoklassizmdən sonra rəssamlıq sənətində fərdiyyətçilik  qabardı. Kütləvi rəssamlıq, kollektiv fəaliyyət, sənət dərnəkləri fərdi emalatxana və sərgilərlə əvəzləndi. Azər Turanın "Dünyanın Cavad mifi - Azərbaycan modernizmi" essesi məndə müxtəlif çalar və mənalara parçalanan assosiasiya doğurdu. Fikir və duyğuların parçalanmış, hissələrə bölünmüş mozaik dekorasiyaları sənət tarixində sürətli və çevik, ancaq yaradıcı səyahət gerçəkləşdirdi. İncəsənətə mifik və tarixi yaddaş fonunda baxış məna və struktur, ruh və intellektə diaxron, ritmik və simmetrik elastika əlavə etdi.  Elmi təfəkkürlə esseistik yanaşma tərzi bir-biri ilə mübarizə apardı. İkisinin qızıl ortasını tapmaq çabası ilə incəsənət və humanitar indeksli bir yazı ortaya çıxdı. Sənətin gözlüyü ilə ruh və şüurun süzgəcindən keçirilmiş həqiqətin axtarışı məhrəmləşdi. Daxili harmoniya yaratdı. İntellekt tarixi yaddaşın yanında durdu, duyğular mifik yaddaşı dəstəklədi.

Reallığın adiləşməsi

XIX əsr klassik və romantik rəssamlarına qarşı realistlər estetik etiraz edir. Baron Antuan Jan-Qrosun müəllimlik etdiyi akademizmin nümayəndələri yeni tipli avanqard sənətkarları rədd edir. Pol Delaroşun ölümündən sonra Jan Dominik Enqr və Ejen Dealkrua akademizmin fəaliyyətini davam etdirirlər. Avropa akdemizminin nümayəndələrindən dərs almalarına baxmayaraq, onları tənqid edən Qustav Kurbe, Eduard Mane və Klod Mone kimi avanqard sənətkarlar sənət çevrəsinin yarımçıq, boş qalan hissəsini qapayırlar. Ancaq sənət tənqdiçiləri və xalq onları qəbul etmir və lağa qoyur. Avanqard rəssamların düşdüyü vəziyyət Emil Zolaya "Şedevr" romanını yazdırır. Eduard Mane "Çəmənlikdə səhər yeməyi" tablosunda mifoloji, abstrakt və mücərrəd elementlərdən imtina edir. Rəng, işıq və naxışlardakı sərbəstlik tənqidçiləri cin atına mindirir. Ancaq Mane öz şəxsi emalatxana və sərgisini yaradır. Rəssamın cəsarəti akademizmin, şablon və qaydaların sonunu gətirir. Ekspressionistlər Manedən sonra fərdi iş və sərgilərini, sənət dünyalarını yaradırlar. "Çəmənlikdə səhər yeməyi" kətan üzərinə yağlı boya ilə işlənmişdir. İki qadın və kişinin səhər macərası dövrün imicini əks etdirir. Tablo klassik qaynaqlardan imtina edir. Mövzu ideallaşdırılmır. Çılpaqlıq və sərbəst boyama texnikası var. Eduard Manenin sənət davasıdır bu. Modern Fransa incəsənəti yaranır. Kişilərin real, qadınların romantik naturası Mane fırçasında müasirləşir.

Qustav Kurbe "Sənətkarın emalatxanası: real bir alleqoriya" tablosu ilə klassik və romantik sənət tarixindəki boşluqları aradan götütür. Yeni səhifənin adı realizmdir. Rəssam bir tərəfdə Şarl Bodler, Pyer-Jozef Prudon, Jül Şampfleri kimi dostlarını, digər tərəfdə Parisin hər bir sosial təbəqəsindən olan insanları təsvir etmişdir. Bəs bütün bunlar təsadüfdür? Sənətkar niyə ənənədən imtina edir. Kurbe  tabloya "yaşayan insanlıq" tərifini verir. Tablonun mərkəzindəki rəssamın özü dayanır. Eqosentrizm. Sənətin fərdilik keyfiyyəti. Mənin dərkindən yaranan sənət estetikası. Xaos və harmoniyanın daxilə çəkilməsi. Və gözəllik duyumuna çevrilərək  sənətdə ifadəsi. Sağda  avara, sərgərdan dostlar və sənət adamları, ziyalılar. Solda varlılıq, yoxsulluq, istismarçılar və istismar edilənlər...  Gündəlik həyatın sənətlə qovuşması. Ənənədən imtinanın nəticəsi. Pyer Jozef-Prudon fikir və düşüncə qatını, Jül Şampfleri sözdən rəsmə keçidin reallığını, Bodler isə sənətin romantikasını təmsil edir.

Mane və Kurbe reallığın, pozitivist təfəkkürün adiləşməsindəki həqiqəti tapıb ortaya çıxarır. Elə Cavad Mircavadovun "Atlılar" və "Tanrının anası" əsərləri də rəssamlıq sənətində inqilab deyilmi? "Atlılar" rənglərin və duyğuların xaosunda harmoniya tapmaqdır. Miniatür sənəti ilə modern rəssamlıq qovuşur. Kosmoqonik, ilkin insanla virtual, vizual sənət birləşir. Soldakı atlıdan etibarən yüksələn xətlə sivilizasiyanın inkişafı nəzərə çarpır. Tablo get-gedə tarixi yaddaşdan mifik dərkə yönəlir.  Diaxron, retrospektiv vəziyyət yaranır. İlkinliyin qəbilə, mağara erasınamı, yoxsa vizuallaşma dövrünəmi aid olması müzakirə mövzusundan çıxır. "Tanrının anası"ndakı ekspressiv və qatı rəng tonları isə həyatı və Tanrının özünü sorğulayır. Tanrıya inamın və inamsızlığın, gücün və gücsüzlüyün sənətdə adekvat forması tapılır. Səmavi dinlərə görə doğmayan və doğulmayan Tanrı yeni görkəm qazanır. Tək olan Tanrıdan peripateist düşüncəyə keçid şüur və göz qamaşdırır. "Dünyanın Cavad mifi" məhz belə yaranır. Sənətin inkişaf tarixində mifik və estetik kəşflər Cavad Mircavadov şəxsiyyətində həmin çevrənin tərkib hissəsinə çevrilir.

Adsız sənətkarlar və postetnoqrafiya

İmpressionizm və postimpressionizm də akademik Avropa incəsənətini inkarla formalaşdı. Klod Mone "Təəssürat, Günəşin doğması" tablosunda Fransanın Qavr limanını təsvir edir. Təəssürat xarakterli  sərbəst bir səhnədir. Mavinin çalarları ilə qara obyektlər qırmzının tonları ilə  rəqs edir. Xırda bir təəssürat var ki, günəş doğur. 1874-cü ildə fotoqraf Nadarın studyasında 30 rəssamın akademizmə etiraz olaraq yaratdığı "Adsız sənətkarlar birliyi" ekspressionizmin əsasını qoyur. Edqar Deqa, Klod Mone, Kamil Pissarro, Pyer-Ogüst Renuar, Vinsent Van Qoq, Pol Sezan, Pol Qogen, Pol Siqnak, Volter Sikert, Medardo Rosso, Meri Kassat və başqaları… Hansından bəhs edəcəyini bilmirsən. Hamısı heyrətləndirir. Pol Sezan və Meri Kassat yaradıcılığı ekspressionizm haqqında çox şey deyir.  Van Qoq və Qogendən könüllü şəkildə imtina edirəm. Çünki Sezan və Kassatdakı fərdiliyin trans halı məni ovsunlayır. Sezan rəsm əsərlərini ilk dəfə impressionistlərin sərgisində cəmiyyətə təqdim edir. Ancaq sərt tənqidlər onu ordan uzaqlaşdırır. Sezanın daxili dünyası tənha və qadağasız həyat sürməyə sarı aparır. Əslində ona tənha demək olmaz. Çünki sənətin rəngli dünyasında, Fransanın cənubundakı Provans qəsəbəsində impressionizm, postimpressionizm və kubizmi birləşdirən və onu fərqləndirən rənglər palitrasında tənhalığa macal tapmır. O, sənətə fərdi sərgi mədəniyyətini gətirmək istəyir. Sezanın natürmortları və avtoportretləri belə daxili qata, mənaya əsaslanır. Rəsmin səthi, zahiri effektləri ilə maraqlanmır. Ona görə də sərt tənqdilərə tuş gəlir. Əsərlərində işığın azlığı və solğunluğu onu bütün impressionistlərdən fərqləndirir. Pozitivist, konkret detal və naxışların yerinə, mücərrəd natura və daxilin çölə çıxış estetikasını qabardır. Sezan "Sent-Viktuar dağı" və "Çimənlər" əsərlərində bilinən və görünən rallığı deyil, sənətin gerçəkliyini ifadə edir. "Çimənlər" silsiləyə daxil olan ən böyük tablodur. Çılpaq qadınların bədəni ilə təbiət arasında bir ahəng var. Qadın bədəni müxtəlif səpkilərdə rəsm edilib. Bəziləri incə, bəziləri qaba. Ancaq simmetriya riyazi dəqiqlik ifadə edir. Təbiət də, qadınların vücudları da üçbucaq formasındadır. Heç də təsadüfi bir uyğunluq deyil. Qərb mədəniyyətində üçbucaq müqəddəs fiqurdur. Qadın estetikasını təmsil edir. Arxa fonda ağaclar və səma da uçbucaq şəklindədir. İnsanın cinsi arzu və ehtirasları təbiətin tərkib hissəsidir. İlkinliyə, mağaraya aparan evoluvasiya retrospektiv məzmundadır. Materialist düşüncə ilə idealist inanc sistemi bir tablonun estetik çətirinə yığılır. "Çimənlər" təkamülü qadın cinsində verir. Gözəllik duyumu başqa hansı şəxsdə və cinsdə verilə bilərdi ki?! Mircavadovun "Çılpaq qadın". "Şaman qadın" və "Uzanan qadın" tabloları "Çimənlər"lə sənətlərarası əlaqəyə girir. Cavad Sezandan fərqli olaraq keçmişə birbaşa üz tutur. Bədənin estetik simmetriyası və gözəlliyi onu maraqlandırmır. Naxışlar, qotik və aniqotik ünsürlər, Şərq elementlərinin vizual, animastik üslubda işlənməsi heyrətləndirir. Heyzenberq və Eynşteynin elmdəki nəzəri-praktiki teoremləri elmi kəşflər zəncirini hərəkətə gətirdiyi kimi Cavadın poststruktural yanaşma tərzi sənət tarixində bizim də varlığımızı, mövcudluğumuzu davam etdirir. Meri Kassatın "At şabalıdı ağacı altında" əsəri ilə Cavadın "Ana və uşaq" tabloları ana və övladın məhrəm ünsiyyətini təsvir edir. Mircavadov Afrika maskaları ilə mifik yaddaşı, Kassat modern üslubla tarixi yaddaşı hərəkətə gətirir. Cavadda abstraksionizmə meyil güclüdür. Kassatda konkretliyə, pozitivist ünsiyyətə.

Pablo Pikasso "Avinyonlu qadınlar" əsəri ilə primitivizm və kubizm arasında körpü yaradır. Jorj Seruyat, Van Qoq və Qoqenlə birlikdə postimpressionizmi formalaşdırır və kubizmin muştuluğunu verir. Mircavadov isə şərq miniatur sənəti ilə Avropa incəsənəti arasında körpüdür. Şərq və Qərb elementləri Cavadın fırçasında əriyib sənət zirvəsinə ucalır. Pikassonun Afrika maskaları və balaca İberiya keykəllərinə marağı onu primitivizmin də nümayəndəsi edir. Avropanın sənaye inqilabı, şəhərləşmə və başqa müasir və tarixi dəyərlərindən imtina primitivist sənətkarların başlıca xüsusiyyətləri kimi ortaya çıxır. Mircavadovun rənglərin obrazlı, duyğusal və dekorativ təsirlərinə üstünlük verməsi onun primitivist detallara meyil etməsi kimi qiymətləndirmək olar. Mübaliğəli rəng və naxışlar, boyaların naturasının qəsdən pozulması Cavad fırçasının çoxqatlı elementləridir.  Mircavadovun istənilən tablosunu seyr edən şəxslə əsər arasında təsvir və rəng duyumu yaradılır. Tamaşaçının duyum gücünün zənginliyinə görə bu əlaqə güclənir. Cavadın tabloları  Maks Pexşteyn, Ernst Ludviq Kişner, Frans Mark və Emil Nolde kimi primitivist rəssamların əsərləri ilə də sənətlərarası əlaqə qura bilir.

Yeni ünsiyyət modeli, xəyalın

gələcəyi və sənətin tənhalığı

XX əsrin əvvəli incəsənətdə yeni bir ünsiyyət modeli yaranır. Pablo Pikassonun icad etdiyi bu yeni dil kubizmdir. Jorj Brak, Xuan Qris, Aleksandr Arçipenko, Jan Metsinger və Fernan Leje  fırçalarını kubizm dilində  danışdırırlar. Jorj Brakın "İstaqda evlər" tablosu rəssamlıqda şüur və intellektin aparıcı amilə çevrilməsinə səbəb oldu. Hər şey şüur və düşüncədə baş verirdi. "İstaqda evlər"  paralel ağaclar, yaşıl düzənliklər və sarı kubik formalı evlərdən ibarətdir. Bu, yeni bir forma axtarışıdır. Ancaq Brakın dediyi kimi "məqsəd bir mövzunu yenidən yaratmaq deyil, təsvir dolu məlumat formalaşdırmaqdır". Kubizm məhz bu baxımdan ünsiyyət formasıdır. Şüur təsvirlə eyni nəticəyə gəlir. Çoxməqsədli və çoxcəhətli bir formuldur kubizm. "İstaqda evlər" ağaclar və evlər arasında bir ünsiyyət modelidir. Nəticədə ağaclar da kubik formasını alır. Yaşıllıq və ağaclar saralır, evə çevrilir. Özü də yığcam kənd evlərinə. Axı İstaq Pol Sezanın da yaşayıb-yaratdığı məkandır. Brak ustadın sənətini tamamlayır. Hər bir sənətkar digər sənətkarın davamıdır. Ancaq bilinməyən, görülməyən və duyulmayan bir halın, vəziyyətin və təsvirin kəşf edilməsi ilə davam edir. Bəzən də adi, labüd, kodlanmış formatda.

Keçmişdə ilişib qalan ədəbiyyat və incəsənəti dinamizmə, hərəkətə səsləyən, italyan şair Filippo Tommaso Marinetti 1909-cu ildə Fransanın "Le Fiqaro" qəzetində  "Futurizmin manifesti" məqaləsini çap etdirir. Muzeyləri qəbiristanlıq adlandıran şair incəsənətdə gələcəyin xəyallarını qururdu. Arxasınca rəssam-heykəltəraş Umberto Bossioninin "İnsan dinamizminin sintezi" və "Boşluqda addımlayan davamlılıq formaları" adlı bürünc heykəlləri əşyalar və fiqurların dinamikasını sənət fonunda tənzimləyir. Sürət və hərəkətin, məkanla cismin illüziyası futurizmin praktiki, əməli formasıdır. İtalyan futurizmi Cakamo Balla, Karlo Karra, Cino Severini ilə inkişaf edir. Rus, ingilis və fransız rəssamlar futurizmə çoxqatlı romantika qatırlar. Natalya Qonçarova, Mixail Larionov, Olqa Rozanova, Devid Bomberq və Anri Qaudiyer Bjeşka futuruzmin rayonizm və vortisizim qollarını inkişaf etdirir. Natalya Qonçarovanın "Arvadlar dırmıq ilə", "Xorovod" (Rus xalq oyunu) və "Yun qırxımı" tabloları rus xalq sənəti və ikonalarını xatırladır. Rus ikonaları və təsviri sənəti həndəsi və mexaniki formatda Qonçarovanın tablolarında öz əksini tapır.  Kubizm, futurizm və orfizmin sintezindən yaranan tablolar Mircavadovun miniatur sənəti ilə dialoqa girən  "Atlılar", "Günəşli atlı" "Sarayda"   və qadınlar barədə əsərləri ilə eyni estetik sənət mərtəbəsini  bölüşürlər. Ancaq Cavadın miniatürləri  Qonçarovanın əsərlərindən daha tünd və çoxqatlıdır. "Xorovod" tablosunda qadınların üzləri güclü təəssürat və qədimilik doğurur. Xalq oyunu XX əsrin əvvəlində, sənaye inqilabında nəyi ifadə edir? Gələcəyin dinamikası həm də keçmişlə bağlıdır. Cavadın "Uzunqulağa minən qadın" tablosu həmin ilkinliyin və keçmişin modern sənətdə əks olunma halıdır.

XX əsrin əvvəli  incəsənətdə modernizm tənha, abstrakt görkəm qazandı. "Sənət sənət üçündür" yanaşma tərzi akademist və naturalist ifadələrdən qaçır. Rəng, təsvir, şəkil, məkan kimi forma və strukturlara əsaslanan rəssamlar təbii, xarici reallığın yerinə sənətin həqiqətini, gerçəkliyini ifadə edirlər. Forma oyunları və rəng effektləri abstraksionizmin əsas göstəricilərindən idi. Onlar Klod Mane, Pol Sezan, Jozej Mellorda Uilyam Terner və Ceyms Makneyl Uistlerin əsərlərindəki illüziya və mücərrəd effektlərdən təsirlənirlər. Abstraksionistlər incəsənət tarixində körpü rolunu oynayırlar. Reallığın mücərrəd formasını kəşf edirlər. Plastik sənətlər üçün geniş şərait hazırlayırlar. Vasili Kandinski, Kazimir Maleviç, Teo Van Disburq, Pit Mondrian abstrakt sənətdə şaquli və üfüqi təsvirlərə, dioqanal memarlıq üslubuna, kubizm və futurizmdən gələn həndəsi mücərrəd rəngləmə texnikasını yaradırlar. Bu rəssamlar təsviri sənətdəki əməli fəaliyyətləri ilə yanaşı, incəsənətin nəzəri məsələləri barədə yazı və manifestlərlə çıxış edirlər. Artıq modern sənət rəssamdan geniş bilik və məlumat tələb edir. Mircavadov da bizim rəssamlıq məktəbində nəzəri biliyi praktikaya çevirən əsas rəssamalrdan biridir.

Kazimir Maleviç "Qara kvadrat" tablosu ilə obyektiv incəsənət anlayışını yox edir. Qara kvadrat obyektiv olmayan duyğuların ifadə formasıdır. Kvadrat bütöv bir duyğu, hiss aləmini təsvirə çevirir. Kvadratın ağrəngli səthi duyğulardan kənarda qalan boşluqdur. Modernist bir sorğu-sual, etiraz idi bu. Tənqdiçilər bu tablo ilə sənətin öldüyünü vurğulayırlar. Hətta tamaşaçılar da düşünür ki, sevdiyimiz hər şeyi itirdik. Sanki bir səhradayıq. Qarşımızda ağappaq bir fonun üstündə qara bir kvadratdan başqa bir şey yoxdur". Ancaq yanılırlar. Sənət sənətin gözlüyü ilə baxılanda bir dəyər ifadə edir. Öz tarixi və estetikası xaricində adi bir kətan və boya, kağız və söz, obyekt və subyektdir. Sənət həm də yeni forma və məzmun axtarışı deyilmi? Əslində ağ və qaranın izdivacı hissləri, duyğuları xarici bir forma və şəkilə salır. Maleviç abstrakt sənət daxilində suprematizmin əsasını qoyur. Doğurdan? Məncə, yox. Var olan bir sənət anlayışına yeni üslub və forma gətirir. Necə ki, Cavad "Bethovenin  son kvartetləri"ində  fasiləsiz axan duyğu selini, ilk harmoniya və ahəngi modern formaya salır. Kvartetin sərhədləri belə keçilir. Duyğu, rəng və ritm bir-birinə qarışır. "Bethovenin son kvartetləri" tamaşaçını özünə sarı çəkir. Onu mifik və tarixi yaddaşın paralelinə aparır. O paralelin adı sənətin yenidən yaratmaq gücüdür. Səs, söz, mif və mif, söz, səs...

Yeni dünya arxitekturası və sənətin üsyan forması

Konstantin Brankusi modern memarlığa ruh qazandırdı. O, qucaqlaşan cütlüklər, quşlar və fərqli  bədənlərdən ibarət heykəllərində  taxta, daş və bürüncə duyğu estetikası yüklədi. Təbiətə aid xüsusiyyətləri heykəldə əks etdirdi. Xüsusilə "Şahzadə X" heykəli canlı varlığa aid çox az detalları olan "canlı varlıqdır". Fotoqrafiya sənəti də Brankusi də təzə məna qazanır. O, öz heykəllərinin fotolarını çəkərək sərgiləyir. Brankusidən sonra SSRİ-də yeni bir dünya arxitekturası meydana gəlir. Mücərrəddən konkretə keçid baş verir. Birinci Dünya müharibəsindən sonra Vladimir Tatlin, Aleksandr Rodçenko və arvadı Varvara Stepanova, Aleksey Qan, Naum Qabo və Anton Pevsner qardaşları kollektiv şüura uyğun və cəmiyyətə faydalı olan sənət axtarışına başladılar. Vladimir Mayakovski həmin ahəngin poeziyada yaradıcısıdır. Almaniyada bauxaus məktəbi də eyni şüür və əqidəni təmsil edir. Sadəcə yaşadıqları şərait və cəmiyyət fərqlənirdi. Yoxsa Valter Qropius, Lionel Feyninger, Jozef Albers və başqa bauxausçular rus konstruktivizminin nümayəndələrindən o qədər də fərqlənmirlər. Müvəqqəti xarakter daşıyan konstruktivizm inqilabdan sonrakı incəsənət estetikasını anlamaq  üçün vacib bir amildir. Vladimir Tatlinin "III Beynəlxalq abidə" taxta maketi təmsil etdiyi estetik görüşdən asılı olmayaraq böyük sənət nümunəsidir. Əsərdə rəssamlıq, heykəltəraşlıq və memarlığın utopiyası birləşir. Böyük spiral mexanizmi hərəkət etdirmək üçün  içəridə kub və kürələr yerləşdirilib. Kosmos çağında yeni bir memarlıq abidəsidir. İnnovativ və kinetik memarlıq və incəsənətin maketi elə maket olaraq da qalır. Məqsəd "Eyfel" qülləsini keçmək idi. Ancaq bu hal əvvəla şüur və əqidədə gerçəkləşməli idi. Cavad Mircavadov belə bir kollektiv şüura əsaslanan sənət estetikası olan dövlətdə dünyaya gəlsə də, şüur və ruh dünyası fərdi və azad sənəti seçir.

Konstruktivizmlə bərabər Avropada sənətə üsyan edən dadaizm yaranır. Ddaistlər öz devizlərində yazırdılar. "DADA inqilabçı proletarların tərəfindədir. Artıq düşüncələrinizi sərbəst buraxın. Dövrün tələbləri kimi azad. Məhv olsun sənət. Məhv olsun burjuaziya intellektualları. Yaşasın Tatlinin mexanika sənəti. DADA burjuaziyanın fikir dünyasının könüllü sürətdə məhv edilməsdir".  1916-cı ildə alman şair Xuqo Ballın Zürixdə aşdığı Kabare Volter, gecə klubu ilə incəsənət məkanını birləşdirir. Kabare Volter Xuqo Ballın özünə tərəfdar topladığı ilk DADA məkanıdır. Dünya müharibəsinə və burjuaziya cəmiyyətinə etiraz edən dadaistlər Kabare Volterdə sərgilər, poeziya gecələri, alternativ konsert və performanslar keçirirlər. Qısa müddətdə Xuqo Balla rumın şair Tristan Tsara, rəssam Marsel Yanko, alman heykəltəraş Hans Arp da qoşulur. Rixard Hülzenbek, Raul Hausman, Corc Qroz, Marsel Düşan və başqaları birgə və fərdi olaraq dadaizm haqqında yazılar, manifestlər hazırlayırlar.

Düşan Julian Akademiyasında təhsil almazdan əvvəl ailəsində incəsənət dərsləri alır. Ailə onun ruh və düşüncəsini formalaşdırır. "Pilləkandan enən çılpaq" tablosu ilə rəsm sənətində şah əsərini çəkir. Vücudun, pozulmuş naturanın və zamanın proyeksiyası olan tablo təsviri sənətdə  yeni bir mərhələdir. Abstraktlaşma dadaistlərdə obyektin, əşyanın yeni bir tapıntı və formaya düşmə prosesinə qədər davam edir. Düşan  "Pilləkandan enən çılpaq"dan sonra hazır əşyaları ölümsüzləşdirməyə başlayır. Çini qabdan hazırladığı "Bulaq" əsəri həyat və cinsiyyət bulağına modern, abstrakt bir təsvir bucağı qazandırır.  Marsel Düşan adi bir çini qabla bağlı düşüncələri alt-üst edir. Əşya üçün yeni bir davamlılıq müddəti, fərqli bir düşüncə  sistemi yaranır. Cavad Mircavadovun ənənəvi rəssamlıqdan və ənənəvi əşyalardan imtina etməsi də estetik bir sənət inqilabıdır.

Fransız şair və tənqidçi Qiyom Apolliner "Tiresiyasın döşləri" tamaşasında Pikassonun səhnə dekorasiyasına etdiyi "Keçid" başlıqlı balet haqqında yazarkən sürrealizm adlı bir termindən istifadə edir. Andre Bretonun "Sürrealist manifest" yazısından sonra cərəyan tam olaraq formalaşır. Andre Masson, İv Tanqi, Alberto Cakometti, Salvador Dali, Hans Arp, Hans Bellmer, Leonora Karrinqton, Frida Kalo  sürreal sənəti inkişaf etdirir. Ancaq üç fərqli sürrealist sənətkar haqqında danışmaq istəyərdim. Rene Maqrittin "Obrazların xəyanəti" əsəri şedevrdır. Avropa avanqardizminin bütün qollarını, modernizm və postmodernizmi ilk baxışda adi görünən bir tabloda birləşdirib. Tablonun üstünə yazılıb ki, "bu bir tənbəki deyil". Ancaq baxan hər kəs tənbəki görür. Çünki Maqritt xəyal və təsəvvür atmosferindən çıxır. Reallıq və illüziya, əşya ilə obraz arasındakı incə fərqləri ifadə edən Maqritt bütün sürrealist rəssamlardan fərqlənir.  Salvador Dali deyəndə isə ağıla "Yaddaşın əzmi", Qaynadılmış paxlalı yumşaq konstruksiya", "Röya", "Xristofor Kolumbun Amerikanı kəşf etməsi", "Yağışdan sonra əcadalarımızın qalıqları", "Volterin görünməz büstü ilə kölə bazarı", "Son axşam yeməyi ritualı", "Fillər" və başqa əsərləri kino kadrları kimi gözümüzün qarşısından keçir. Ancaq ən sürreal əsəri olan "Xərçəng telefon" dizaynı unudulur. Rəssam dizayn verdiyi sürrealist əşyanın hazırlanmasında  gips, qətran, rezin, polad və kağızdan istifadə etmişdir . Yemək və seks arasındakı əlaqənin qaba formada təqdimatı olan əsər bir o qədər də estetik və incə bir dizayndır. "Bir restoranda xərçəng qızartması soruşanda niyə heç vaxt bişmiş bir telefon xidməti göstərilmədiyini anlamıram", deyən Dali əslində sürreal sənət romantikasının manifestini ifadə edir. Əlbəttə ki, əfsanəvi rejissor Luis Bunyuellə birgə işlədikləri "Əndəlüs köpəyi" və "Qızıl dövr" filmlərini də unutmaq olmaz. Bir də qadın sənətkar Meret Oppenheimin "Tüklü səhər yeməyi" əl işi  adi məişət əşyalarına sürreal məna və ruh gözəlliyi qazandırır. Nəlbəki, fincan və qaşıq tüklü formatda təqdim edilir. Cavad Mircavadov da "Sipiritik" tablosunda sürreal elementləri qabardıb. Hətta tablonun ezoterik təsir gücü tamaşaçını ovsunlayır. Əsər qapalı bir çevrəyə yığılan estetik enerji ilə doludur. O enerji sürreal nəsnələrdən də təsirlidir. Sifətlər qəbilə insanı ilə kosmik bir əlaqə qurur. Tarixi yaddaş belə real, konkret mövcudluğunu itirir. Mücərrəd bir haləyə bürünür.

Sənətkar və bədəni: sərbəst gəzişmələr

Cavad Mircavdov həqiqətən də aradakı sərhədləri götürdü. Mağara təsvirlərindən başlayan mifoloji yaddaş sənətkarla bədəni arasındakı abstarkt maneələri dəf etdi. Performans sənətində rəqs, ritm, harmoniya, musiqi, teatr, poeziya, təsviri sənət birləşdi. Bu, teatr erasına qayıdış deyil. Özünü yenidən kəşfdir. Lui Araqonun sürrealizmi ilə Corco de Kirikonun metafizik dizayn dünyası abstarkt ekspressionizmə rəvac verdi. Abstrakt ekpressionizmdə Cekson Pollok süjet və kompozisiyanı dağıdaraq ritmik boyama texnikasını mücərrəd bir sənət zirvəsinə ucaldır. Riçard Hamiltonla kütlə mədəniyyəti pop yaranır. Kollajın keçmişlə müasirliyi birləşdirdiyi andır. Elə Mircavadov da bütün incəsənət tarixinin kollajını yaratmayıbmı? Daha sonra neorealizm İv Klein və Armanın əsərlərilə həyatın iki əks qütbündəki reallığı əks etdirir. Boşluq və Doluluq. İvis Klein boş bir qalareyanı sərgiləyir. Əsərinin adı "Boşluq"dur. Ardınca Arman fərqli əşyalarla qarışıq bir üslubda doldurulan sərgisini "Dolu" adlandırır. Əşyaların çoxluğu tamaşaçının içəri keçməsinə mane olur. Ancaq elə andaca təcrübəli tamaşaçı anlayır ki, insan müvəqqətidir, kirayənişindir dünyada. Bir varlıq kimi mövcud olacaq və çıxıb gedəcək. Karl Andre minimalist sənətlə modernizmdən ayrılmağın, qopmağın estetikasını yaşadır. Karl "Ekvivalent VIII" əsəri ilə ənənəvi heykəllərdən imtina edir. Kərpiclə şaquli bir sənət əsəri yaradır.  Yerə uzanıb qalan kərpic heykəl həyatın uzun bir yol obrazından ibarət olduğunu mənalandırır. Cozef Boys isə "Ölü bir dovşana əsərlər necə başa salınır"  performans əsəri  ilə sənətin ən qatı sarkazmını yaradır. Boysa görə, ölü dovşana sənət başa salmaq, mədəni insana dərdini söyləməkdən daha asandır. Mikelancelo Pistoletto "Bezlər içində Venera" əsəri ilə dəyər və dəyərsizliyin, keçmişlə müasirliyin, klassik sənətlə modern sənəti bir yerdə ifadə etməyin dilini tapır. Vito Akkonsi "Qeydiyyatdan keçmiş brendlər" performansında öz bədənini nümayiş etdirir. Bütün bədənini dişləməklə möhürləyən sənətkar kapitalist iqtisadiyyatın tənbəllik sindromu yaratmasını ifadə edir. Eyni zamanda istehlak cəmiyyətinin  bəşəri sivilizasiyanı məhvə apardığını obrazlaşdırır. Cudi Çikaqo "Axşam yeməyi" performansında qadın cinsiyyətinin intəhasızlığını və feminist sənəti yenidən yaradır. Robert Smitson ərazi sənətini kəşf edir. 1970-ci ildə "Spiral burulğan" əsərini yeddi ton qumla düzəldir. Amerikanın Böyük Duz gölünün sahilində həyata keçirilən əl işi təbiət və insan arasındakı ünsiyyətsizliyin postmodern təsviridir. "Spiral burulğan" 30 il su altında qaldıqdan sonra bir daha üzə çıxır və sənayesonrası vəziyyətə əl edir. Kindi Şerman "Adsız kino səhnələri" ağ-qara fotosu ilə kütlə mdəniyyəti ilə elitar sənəti birləşdirir və  postmodern fotoqrafiya erasını başladır. Ceff Kuns "Çəhrayı bəbir" əsərində heykəllər erasına yeni, postmoden dizayn və tərtibatı gətirir. Bəbir və yarım qadın bədəni hər növ obyektdən sənət yaratmağın mümkünlüyününə sübutdur. Ceyms Luna "Mədəni varlıq" peformansında ölü insan bədəni və onu tamaşa edən adamların ayaqları sərgilənir. İnsanlıq tarixi tamaşası səhnələşdirilir, desək yanılmarıq.

Yeni ekpressionizm dalğasının yaradıcısı, rəssam Qeorq Bazelis "Göz yaşları axıdan baş" tablosunda təsviri detalları ekspressionist üslubda işləyir. Göz yaşı keçmişə, ilkinliyə doğru işıq sürətində gedir. Və baş yoxa çıxır. Deməli, Azər Turanın Cavad Mircavadov  sənətinin  Sezan, Van Qoq və  Qogendən başqa bütün səhifələri sildiyini vurğulaması təsadüfi hal deyil. Çünki ekspressizonizmi təmsil edən bu sənətkarlar ilkinliklə öz dövrləri, ordan da irəli sıçrayaraq yüksək texnologiya əsri arasında əlaqə qurublar. Cavad Mircavadov Azərbaycan rəssamlıq məktəbində eyni missiyanı əyaniləşdirir. Sənətə sənət tarixindən kənar baxmamağın təsvir və gözəllik duyumunu yaradır. Cavad Azərbaycan incəsənətində estetik sıçrayış və inqilabı nə keçmişdə, nə də ki indiki zamanda formalaşdırır. Gələcəkdə, postsənət çağında həyata keçirir. Azər Turanın "Dünyanın Cavad mifi - Azərbaycan modernizmi" essesi məndə təsviri sənət tarixində müxtəsər gəzişmək təəssüratı yaratdı. Söz sənətinə girməyə macal tapmadım. Əslində estetik təmayül, bəyanat, dava və müzakirə mədəniyyəti belə formalaşır. Hər hansı yazıya və fikirə pozitiv və neqativ reaksiya ilə. 

Sənət insanı qaranlıq düşüncədən xilas edir. Sübut üçün iki yeni sənət filmini nümunə verə bilərəm. Emil Zola və Pol Sezanın dostluq və sənət hekayəsi olan "Sezan və mən" filmi sənətkarı dərk etmək üçün işıqlı bir təqdimatdır. Ancaq  bəzən sənətkarı başqa bir sənətkar dostu belə anlamaya bilər. Zola Sezanı avara, sərgərdan həyatına görə danlayır. Hətta dostundan küsülü qalır. Sezan isə Zolanın avara, sərgərdan gördüyü həyatı sərbəstlik və sənətdə var olmaq kimi qavrayır. Filmin ssenarist və rjissoru olan Daniel Tompson Parisdən, var-dövlətdən və komfortdan qaçan Sezanın onlardan daha fərqli və möhtəşəm sənət yaratdığını canlandırır. Digər film lap yenicə çəkilmiş "Gernsi Ədəbi və Kartof Qabığı Piroqu Dərnəyi"dir. İkinci dünya müharibəsində Gernsi əyalətində aclıq hökm sürür. Bir qrup insan xanım Amelianın evinə yığışıb özlər üçün ziyafət verirlər. Biri şərab, o biri donuz qızartması və digəri kartof qabığı piroqu gətirir. Onlar öz  evlərinə qayıdarkən  əsgərlərlə qarşlaşırlar. Fövqəladə vəziyyət olduğu üçün isə küçəyə çıxmaq olmaz. Xanım Elizabet Makkena dərnəkdən gəldiklərini söyləyir. Alman hökümətinin mədəni dərnəklərə icazə verdiyini vurğulayır. "Gernsi Ədəbi və Kartof Qabığı Piroqu Dərnəyi" belə yaranır. Ədəbiyyatla o qədər də arası olmayan bu insanlar o gündən etibarən xanım Amelianın evinə yığışıb kitab oxuyurlar. Müharibədən sonra dərnəyin üzvü Dosi Adams yazıçı Culyetta Eştona məktub yazır. Dərnəyin yaranma əhvalatı yazıçını heyran edir və o, Londondan Gernsi əyalətinə gedir. Orda yaşadıqca əyalətin sakit atmosferi və dərnək üzvlərinin ədəbi savadına heyran olur. Elizabetin hekayəsi də həmin vaxt başlayır. Elizabet alman zabit Sidneylə eşq macərası yaşayır. Ancaq cütlüklər cəzlandırılır. Sidney döyüşə göndərilir və həlak olur. Ancaq Elizabet hamilədir. Kit adlı qızı olur. Xəstəxanadan qaçan yaralı bir əsir uşağa kömk etdiyi üçün Elizabet sürgünə göndərilir. Sürgündə də balaca bir uşağın döyülməsinə göz yummayan Elizabet ödürülür. Desi Adams Elizabetin qızı Kiti  övladlığa götürür. Culyetta Desiyə aşiq olsa da deyə bilmir. Çünki zəngin amerikalı nişanlısı Mark onu aparmağa gəlir. Nəhayətdə Londona gedən Culyetta Markdan ayrılır. Tənhalığa çəklilir və "Ədəbi və Kartof Qabığı Piroqu Dərnəyi" romanını yazır. Artıq Gernsiyə əbədi olaraq qayıdır. Çünki həyatı və sənəti dərk etdiyi məkan oradır. Film müharibənin qaranlıq atmosferində həyatlarına işıq salan sənətə sarılan insanları ölümsüzləşdirir. Cavad Mircavadov da incəsənətdəki qaranlıq və süst mühiti işıqlandırır. Hər şeyə rəğmən sığına biləcəyimiz bir qucaq tablo yaradır. İnsan və bədəni  qaranlıq, ziyasız mühitlə baş-başa qalanda sənətin işığına sarı qaçır. Əbədilik illüziyasında var olmağı seçir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!