Maraqlı faktlar

 

Niderland postimpressionist rəssamı Vaq Qoq dostu Pol Qoqenlə mübahisəsindən sonra ağır depressiya keçirərək özünə xəsarət yetirir. Qulağını kəsən rəssam sonralar bu halını avtoportretə köçürərək güzgü effektini unudub səhvə yol verir. Əslində sol qulağını kəsən rəssam güzgüyə baxaraq rəsm əsərində sol qulağını deyil, sağ qulağını sarğılı vəziyyətdə çəkir.

Qeyd edək ki, zamanında öz dəyərli qiymətini almayan rəssamın əsərləri ölümündən sonra fantastik qiymətə satılıb.

 

Holland rəssamı, qızıl əsrin ən görkəmli nümayəndələrindən biri olan Rembrandtın “Gecə gözətçisi” əsəri aşkarlanan zaman təqdiqatçılar rəsmdə təsvir olunan hadisələrin baş vermə zamanını gecə saatları zənn edərək qaranlıq təsviri “Gecə gözətçisi” adlandırmışdılar.

Restavrasiya zamanı tədqiqatçılar başqa bir həqiqətin də üzərini açmış olurlar. Süjet xəttinin önündə gedən kapitan Kokun sol əlinə düşən işıq bu vaxta qədər formalaşmış fikri alt-üst edir. Demə hadisələr gecə saatlarında deyil, günorta saatlarında cərəyan edibmiş.

Rəsmi qaranlıq göstərən isə üzərinin toz basması olub.

Qədim Yunan mifologiyasında Prometey insanların qoruyucusu, əsas titanlardan biri idi. Esxil öz əsərində insanların bacardığı hər şeyi məhz Prometeydən öyrəndiyini vurğulayaraq onu mədh edir.

Mifologiyaya görə illərlə qayaya zəncirlənən titan əzablardan, ağrılardan əziyyət çəksə də öz əqidəsini heç nəyə qurban vermir. Hətta Zefsin onun istəyinə tabe olarsa əfv edilər kimi fikirlərini də yaxına buraxmayaraq, “Mən öz dərdlərimi qul xidmətinə dəyişmərəm” söyləyir. Ardıyca - “Qayaya zəncirlənmək Zevsiz sadiq qulu olmaqdan daha yaxşıdır” deyir. Prometey mifologiyanın yaratdığı azad düşüncəli insan obrazını özündə təcəssüm etdirir. Mifoloji və gerçək məntiqə əsasən azad düşüncəli insan  heç vaxt kiminsə düşüncələrinin, istəklərinin qulu ola bilməz.

Hazırladı: Günel Eyvazlı