Bakı xalçaları - İlqar FƏHMİ yazır - İlqar FƏHMİ

İlqar FƏHMİ

 

Hər bir klassik sənət nümunəsinin əzəməti, möhtəşəmliyi, sadəcə, dərinliyi, fəlsəfi tutumu ilə bağlı deyil. Bəli, məlum məsələdir ki, bir çox yeni yaranan sənət nümunələriylə müqayisədə klasssik əsərlər daha zəngin görünür, amma məhz bizim milli klassik sənət növlərinin əsas fərqli cəhəti öz içində daim yeniləşmək, daim müasirləşmək kimi yaradıcı potensial saxlamasıdır. Muğam sənətindən tutmuş, xalçaçılığa,  aşıq sənətindən tutmuş əruz poeziyasına qədər bütün sahələri müşahidə eləsək, deyilən fikrin təsdiqini görürük...  Bütün bu sənət növləri xalqımızın minillik tarixini, dini-mifik dünyagörüşünü, inanclarını qoruyub saxlamış və bu günümüzə qədər gətirib çıxarmışdır.

Ən maraqlı cəhət isə ondan ibarətdir ki, bizim milli sənət növləri, mədəniyyət və ədəbiyyat üslubları daşlaşmış-qəlibləşmiş olmayıb, qeyd etdiyimiz kimi, daim öz içində yenilənmiş, yeni informasiyaları, yeni rəmzləri özündə əks elətdirmişdir. Hər yaradıcı insan, sadəcə, özündən əvvəlkiləri kopyalamaqla məhdudlaşmayıb, hər dəfə öz ruhundan öz içindən ora nələrsə əlavə edib, nələrisə artırıb, nələrisə dəyişib. Məhz bu baxımdan bizim milli sənətlər mövcud olduğu müddətdən bu günə qədər öz yaradıcı prosesinə pauza verməyib. Buna görə də bizim sənət növlərində təkrarsızlıq daha çox nəzərə çarpır...

Daim yenilənən, daim öz içində inkişaf edən milli sənətlərimizdən ən əhəmiyyətlilərindən biri də xalçaçılıq sənətidir. Minillərin yadigarı olan bu sənət növü bütün Şərq xalqlarında olduğu kimi, Azərbaycan xalqının da həm fəlsəfi dünyagörüşünün, həm də adi məişətinin ayrılmaz bir hissəsini təşkil edib... Xalçalar həm ev avadanlığının vacib fraqmenti olub, həm mifik-dini inanclarını əks elətdirən simvolların, rəmzlərin yerləşdirildiyi sakral müstəvi olub, həm də yaradıcı insanların daxili əhval-ruhiyyəsini, emosional aləmini əks elətdirən bir rəsm əsəri kimi çıxış edib...  Bundan əlavə, məhz bu gün qədim xalçalarımız sanki bizimçün həm də bir çox tarixi məlumatları özündə əks elətdirən bir əlvan kitabələrdir...

Bəs görəsən xalça sənəti yalnız dünənimizi əks elətdirən güzgü olaraq qalacaq? Yoxsa gələcək nəsillər üçün bu günümüzdən də nəsə əlamətlər olacaq?

Bu sual çox sənətkarları, çox kulturoloqları düşündürür. Bir çoxları bu fikirdədilər ki, muğam sənəti də, aşıq sənəti də, xalçaçılıq da, əruz poeziyası da bizim məhz qədim dövrlərin yadigarı olduğu üçün, bundan sonra da məhz həmin dövrlərin nişanəsi olaraq qalmalıdır və bu sənət növlərinə müasir dövrdən hansısa obrazlar, simvollar, kompozisiyalar əlavə eləmək, onları bugünkü günə uyğunlaşdırmağa çalışmaq məqsədəuyğun deyil.

Lakin zənnimcə bu cür yanaşma bizim dinamik sənət növlərinin daşlaşmasına, inkişafdan qalmasına və son nəticədə, sadəcə, etnik tarix daşıyıcısı kimi muzey malına çevrilməsinə gətirib çıxardacaq. Məncə nə qədər çətin olsa da, nə qədər mümkünsüz görünsə də, milli sənət növlərimizi bu günə uyğunlaşdırmaq, bu günün təfəkkürünü-düşüncəsini də ora əlavə etmək çox lazımlı və vacib addımdır. Biz sübut etməliyik ki, bəzi bədxahların dediyinin əksinə olaraq bizim milli sənət növləri hər bir dövrdə aktualdır, hər bir dövrdə gözəldi və hər bir dövrün tələbinə uyğunlaşa bilir...

Bu yaxınlarda Heydər Əliyev Fondunun təşəbbüsüylə, Zirə Mədəniyyət Mərkəzi-Eko parkda fəaliyyət göstərən Xalçaçılıq emalatxanasında toxunmuş və  Xalça muzeyində təqdimatı keçirilmiş 28 xalçadan ibarət müasir "Bakı xalçaları" silsiləsi də məhz bu məqsədə xidmət edir - Abşeron kəndlərinin bugünkü yaşamını, bugünkü həyat tərzini, fikir və düşüncələrini xalçaların simvolik dilinə çevirmək, məhz bu günümüzü əks elətdirən xalçalar yaratmaq... Bu silsilədəki hər xalça bir kəndin adına bağlanıb və hər biri həmin kədin tarixini, etnoqrafiyasını, yaşamını, adət-ənənəsini simvollar diliylə əks elətdirir...

Əlbəttə, istənilən yeniliyə müəyyən qədər sərt reaksiya verən, hətta bəyənməyənlər ola bilər və bu da təbiidir. Axı, illərlə gözümüzün öyrəşdiyi bir kompozisiyanın içində yad cism görmək adamda ilk olaraq əks reaksiya yaradır. Öz təcrübəmdən bilirəm ki, ötən əsrin sonlarına əruz poeziyasına, qəzəl şeirinə müasir düşüncə tərzini, müasir poetikanı gətirmək istəyəndə, eyni reaksiya ilə rastlaşırdım. Onilliklər boyu gül-bülbül, Leyli-Məcnun, yar-əğyar obrazlarını görmək istədiyimiz bir tabloda birdən-birə maşın, siqaret, divan kimi predmetləri görən oxucunun ilkin qıcığı da təbiidir. Lakin illər keçdi, və indi artıq gənc nəsil şairlərinin əruz şeirlərində kifayət qədər yeni obrazlara rast gəlmək mümkündür. Yəni bunlar sadəcə qəzəl yox, məhz XXI əsrin qəzəlidir...

Müasir "Bakı xalçaları" silsiləsi haqqında da mən eyni sözü deyərdim. Bunlar məhz XXI əsrin xalçalarıdır. Burada bizim minillik xalça sənətimizin kompozisiyaları, rəngləri və obrazları içində məhz müasir dövrümüzü əks elətdirən simvollara da rast gəlmək mümkündür - Balaxanının neft buruqları, Bilgəh zəfəranının  çiçəkləri, Suraxanı Atəşgahının, Nardaran pirinin elementləri və sair və ilaxır.  

"Bakı xalçaları"nın fotolarını əks elətdirən albomda da, layihə müəlliflərinin əsas məqsəd və amalı elə məhz bu cür təqdim olunub: " Xalçalara Bakı kəndlərinin adlarının verilməsi ilk növbədə həmin kəndin tarixi, etnoqrafiyası , məşğulluğu, yaşam tərzi , adət ənənələri, abidələri öyrənməklə seçilib. Çeşnilərin bu kəndlərin həyatına, qədim xalça, kilim toxuma adətlərinə stilizə edilməsi və uyğunlaşdırılmasında onları tarixin yaddaşında əbədiləşdirmək, sənətə gətirib obrazlaşdırmaq istəyi durur. Bu mövzu yeni işlənməyə başlandığına görə,  hansısa çatışmazlıqlar, peşəkar tənqidi baxışlar ola bilər. İnanırıq ki, Zirə Mədəniyyət Mərkəzinin başladığı bu təşəbbüs gələcəkdə bu mövzularla bağlı daha ciddi tədqiqatların aparılmasına, yeni-yeni xalça çeşnilərinin yaradılmasına səbəb olacaqdır."

Bəli, kataloqda qeyd edildiyi kimi, hər bir yeni başlanan işə tənqidi münasibət ola bilər. Ələlxüsus, bu cür sintez üzərində qurulmuş və müasirliklə keçmişin vəhdətini yaratmağa çalışan layihələrdə müəyyən qədər eklektika qaçılmazdır və bunun aradan qaldırılması üçün uzunmüddətli ağır iş getməlidir, yaradıcı proses davam etməlidir. Ən əsas budur ki, istək və sevgi olsun...

Muğam sənətində də uzun illərdir oxşar mübahisələrin şahidi olurduq. Əvvəllər hansısa sənətkar muğam elementlərini hansısa başqa sənət növlərilə sintez edəndə və yaxud hansısa yeniliklər etməyə cəhd edəndə, ilk olaraq yaxşı qarşılanmırdı... lakin illər keçdi və bu gün muğam sənəti artıq Azərbaycan mədəniyyətinin simasını təşkil edir, bütün dünyada səslənir və eyni zamanda inkişaf edir, daha da gözəlləşir, müasir dövrə uyğunlaşır. Bugünkü Azərbaycan muğamı minilliklərin yadigarı olmaqla bərabər, həm də məhz bu günün - XXI əsrin məhsuludur. Məhz bu günümüzü əks elətdirir.

Ümid edirəm ki, xalçaçılıq sənətimiz də eyni inkişaf mərhəlsini adlayacaq və biz bu cür layihələri, bu cür sərgiləri çox görəcəyik. Çünki mədəniyyətimizin gələcək inkişaf yolu məhz bu mərhələdən keçir. İnkişaf sadəcə kənardan gələn hansısa sənət üslublarını, sənət növlərini tədbiq eləmək yox, məhz öz milli sənət növlərimizi müasirləşdirmək, XXI əsrin təfəkkür və fəlsəfəsinə uyğunlaşdırmaqdır... Bu isə həqiqətən çətindir. Lakin dünyada asan heç nə yoxdur. Böyük işlər məhz çətinlikləri dəf eləməklə başlanılır...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!