Unudulmayanlar - V yazı - İlham RƏHİMLİ - İlham RƏHİMLİ

Milli peşəkar teatrımızın inkişafında qüdrətli sənətkarlarla yanaşı, adları geniş oxucu kütləsinə az məlum olan fədailərin də xidmətləri çoxdur. Professor İlham Rəhimlinin bu sənətkarların yaradıcılığından qısaca bəhs edən silsiləsindən beşinci yazını təqdim edirik.

İlham RƏHİMLİ

Göyərçin Qazıyeva-Əliyeva
(1887-1960)

Milli səhnəmizin ilk aktrisalarından biridir. Əsl adı Gövhərdir. Göyərçin onun səhnə təxəllüsüdür. Müxtəlif şəhərlərdə oynanılan tamaşa proqramlarında adı belə verilib: "Göyərçin", "Göyərçin xanım", "Göyərçin Qazızadə", "Göyərçin Gövhər", "Gövhər Göyərçin", "Göyərçin Əliyeva".

Gövhər (Göyərçin) Əhməd qızı Qazızadə 1887-ci ildə Tiflisdə ziyalı ailəsində anadan olub. İti yaddaşı, həssas qavrama qabiliyyəti olan Gövhər beş yaşına çatanda atası ona təcrübəli rus dayəsi tutmuşdur. Məktəb yaşı çatanda o, Tiflisdəki rus-türk (rus-tatar) məktəbində təhsil alıb. Azərbaycan, rus və gürcü dillərini mükəmməl bilib. Fars və fransız dillərində də danışıb. Ailəsi Tiflisin kübar təbəqəsində hörmətli və şərəfli olub. Göyərçin xanım on altı yaşında ali təhsilli yol mühəndisi M.İsmayılzadəyə ərə gedib. Ərinin xidməti işi ilə əlaqədar olaraq 1904 - 1907-ci illərdə Rusiyanın Moskva, Məkərə (Nijni Novqorod), Voronej, Uralsk şəhərlərində yaşayıb. 1906-cı ildə Voronejdə İsmayıl adında bir oğlu anadan olub. Bu yerlərdə yaşayan müsəlmanların və əsasən, azərbaycanlılarla tatarların oynadıqları həvəskar teatr tamaşalarına maraq göstərib.

1907-ci ildə Tiflisə qayıdıb. Tezliklə Tiflisdə fəaliyyət göstərən Azərbaycan teatr truppasının üzvləri ilə yaxınlıq edib. İlk dəfə səhnəyə "Səadət" truppasının hazırladıığı Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsinin tamaşasında Səadət xanım rolunda çıxıb. Tamaşa 1910-cu il oktyabr ayının 9-da Gürcü Zadəgan Teatrında göstərilib. Gürcü dilində çıxan "Saxalko" qəzeti bunu Azərbaycan türklərinin mədəni həyatında və ilk növbədə, səhnə sənətində böyük hadisə adlandırıb. Oktyabr ayının 30-da isə yenə "Səadət" truppasının hazırladığı osmanlı ədibi Şəmsəddin Saminin "Dəmirçi Gavə" qəhrəmanlıq dramında əsas obrazlardan biri olan Xubçöhr rolunda səhnəyə çıxıb. Bu tamaşa da Gürcü Zadəgan Teatrında göstərilib.

Bundan sonra Göyərçin xanım həm Tiflis, həm də bu şəhərə qastrola gələn Bakı artistlərinin tamaşalarında müxtəlif xarakterli rollar oynayıb. Dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin rəhbərlik etdiyi opera və operetta truppası 1911-ci ildə Tiflisə qastrola gələndə Göyərçin xanım repertuardakı tamaşalarda əsas rolları ifa edib. Görkəmli səhnə ustası Mirzağa Əliyevlə ailə həyatı qurub. Lakin bu izdivac uzun çəkməyib. 1910-cu illərin ikinci yarısında Göyərçin xanım Polşanın paytaxtı Varşava şəhərinə gəlmiş və burada "Müqəddəs Sofiya" mamalıq məktəbində tibb təhsili almışdır. 1919-cu ildə Bakıya gələrək Ostrovski və Maksim Qorki küçələrinin tinində ilk qadın məsləhətxanası açmışdır. Bir xeyli burada həkimlik etmişdir. Bir müddət sonra üçüncü dəfə ərə getmişdir. Ərinin xidməti işi ilə əlaqədar olaraq yaşamaq üçün İrana köçmüşdür.

Göyərçin xanım (Gövhər) Əhməd qızının Tiflisin və Bakının müxtəlif teatr truppalarında hazırlanmış tamaşalarda oynadığı əsas rollar: Şərəfnisə xanım, Sona ("Müsyö Jordan və dərviş Məstəli şah" və "Hacı Qara", Mirzə Fətəli Axundzadə), Səadət xanım və Gülbahar, Cəvahir xanım ("Müsibəti-Fəxrəddin" və "Yağışdan çıxdıq, yağmura düşdük", Nəcəf  bəy Vəzirov), Mehri xanım, Hafizə ("Bəxtsiz cavan" və "Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Gülcahan, Gülpəri ("Nadir şah" və "Nadanlıq", Nəriman Nərimanov), Lətifə xanım ("Köhnə Türkiyə", Rza Zaki Lətifbəyov). Üzeyir bəy Hacıbəylinin opera və operettalarında Leyli ("Leyli və Məcnun"), Minnət xanım ("Ər və arvad"), Gülnaz ("Məşədi İbad"), Zülfüqar  bəy Hacıbəylinin musiqili komediyalarında Bəyim xanım, Kələk xanım və Sona xanım ("Əlli yaşında cavan"), Pərizad ("Evliykən subay"), Çiçək xanım ("On bir yaşlı arvad") rollarını bir neçə quruluşda oynayıb.

Tərcümə pyeslərinin səhnə təcəssümündə oyünadığı rollar: Xubçöhr ("Dəmirçi Gavə", Şəmsəddin Sami), Bəhrəvərbanu ("Qara bəla", Namiq Kamal), Züleyxa ("Əl Mənsur", Henrix Heyne), Kübar qadın ("Napoleonun ölümü", Nadejda Loxmanova).

Göyərçin xanım 1960-cı ildə İranda vəfat edib.

 

Məhəmmədhəsən Atamalıbəyov
(1890-12.3.1943)

Nəzakətli davranışı, həssaslığı, mülayim rəftarı, təvazökarlığı, ürək genişliyi, alicənablığı, ağayana ziyalılığı ilə teatr aləmində hörmət və izzət sahibi olub, ehtiramı həmişə uca tutulub. Savadsız və ya azsavadlı həmkarlarına təmənnasız təşkil etdiyi dərnəkdə xüsusi məşğələlər keçirdi. Məhəmmədhəsən Qəzənfər oğlu Atamalıbəyov 1890-cı ildə Şamaxıda doğulub. Orada rus-türk (rus-tatar) məktəbində mükəmməl təhsil almış, hər iki dili, üstəlik farsı və ərəbi də dərindən öyrənib sərbəst danışığa yiyələnmişdi.

1908 - 1913-cü illərdə Xarkov Universitetinin tarix-filologiya fakültəsində təhsil alan Məhəmmədhəsən Atamalıbəyov ali ixtisas diplomu ilə doğma Şamaxıya qayıtmışdır. Şəhərin yeni mütərəqqi üsullu məktəblərindən birində rus dilindən və tarixdən dərs deməyə başlamışdır. Heç bir il keçməmiş o, məktəbdə dram dərnəyi yaratmışdır. Müəllim həmkarları ilə burada tamaşalar hazırlayır, toplanan vəsaiti kasıb şagirdlərin dərs ləvazimatına və geyimlərinə məsrəf edirdi. Həmin illərdə Şamaxıda 1906-cı ildə Bakıda yaradılmış "Nicat" mədəni-maarif cəmiyyətinin filialı səmərəli fəaliyyət göstərirdi. Məhəmmədhəsən müəllim cəmiyyətin qiraətxanasının işinin yenidən qurulmasında, məktəb təhsil sisteminin təkmilləşdirilməsində və həvəskar dram truppasının təşkilində əsl fədakarlıq göstərirdi.

Məhəmmədhəsən Atamalıbəyov 1919-cu ildə Bakıya köçmüşdür. Paytaxtın qabaqcıl məktəblərində tarixdən və əsasən rus dilindən dərs deməyə başlayan ziyalı canlı teatr prosesi və onun qabaqcıl sənətkarları ilə sıx əlaqə yaratmışdır. Azərbaycanda ilk dövlət teatr truppası yaradılanda (bugünkü Akademik Milli Dram Teatrı) onun aktyorlarının sırasında ixtisasca ali savadlı müəllim olan Atamalıbəyov da vardı. O, təxminən iyirmi dörd il peşəkar teatrda aktyorluq etmiş və eyni zamanda müəllimlik peşəsindən ayrılmamışdır.

1919-1943-cü illərdə Milli Dram Teatrında ifa etdiyi əsas rollar: Əbdürrəhim bəy Haqverdiyevin əsərlərində Rəhim lələ və Dərviş ("Pəri Cadu"), Dərviş və Ovçu ("Dağılan tifaq"), Hacı İbrahim və Tavad Maçabeli ("Ağa Məhəmməd şah Qacar"), Mirzə və Musa ("Bəxtsiz cavan"), Hüseyn Cavidin faciələrində İxtiyar və General ("İblis"), Şeyx Hadi və Platon ("Şeyx Sənan"), İkinci işçi ("Knyaz"), Divanbəyi ("Topal Teymur"), Ulus bəy ("Uçurum"), Xandəmir ("Afət"), Cəfər Cabbarlının dramlarında Yıldırım və Yanardağ ("Od gəlini"), Aftil ("Almaz"), Babakişi ("Sevil"), Qoca Baxşı ("1905-ci ildə"), Birinci nazir ("Ədirnə fəthi"), Səlim bəy ("Oqtay Eloğlu"), Uilyam Şekspirin faciələrində Nökər ("Maqbet"), Abram ("Romeo və Cülyetta"), Baptist ("Şıltaq qızın yumşalması"), Bəhram-Horatsio ("Hamlet"), Qoca ("Kral Lir"), Mkrtıç və Karapet, Ağa Zaman ("Hacı Qara" və "Müsyö Jordan və dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə), Aslan bəy ("Pəhləvanani-zəmanə", Nəcəf bəy Vəzirov), həmçinin Hacı Həsən ağa və Müəllim ("Ölülər", Cəlil Məmmədquluzadə), Mirzə Mehdi xan ("Nadir şah Əfşar", Nəriman Nərimanov), Piri baba ("Eşq və intiqam", Süleyman Sani Axundov), Qasım ("Vaqif", Səməd Vurğun), Manuel ("Madrid", Mirzə İbrahimov), Baş möbid ("Dəmirçi Gavə", Şəmsəddin Sami), Amus Fyodoroviç, Luka Lukiç və Abdulin ("Müfəttiş", Nikolay Qoqol), Lay Mirkad ("Tariq ibn Ziyad", Əbdülhəqq Hamid), Meti və Fəlsəfə müəllimi, Fransisk ("Bağa qınını bəyənməz" və "Don Juan", Jan Batist Molyer), Mister Selbi ("Tom dayının koması", Biçer Stou), Kostilyev ("Yurdsuz insanlar", Maksim Qorki), Kamerdiner, İost Veyler ("Məkr və məhəbbət" və "Vilhelm Tell", Fridrix Şiller), Anton ("Dubrovski", Aleksandr Puşkin).

Məhəmmədhəsən Atamalıbəyov 53 yaşında, 15 iyun 1943-cü ildə vəfat etmişdir.

 

Xəlil Hüseynov
(1890-təqribən 1943)

Azərbaycan peşəkar teatr tarixində ilk bacarıqlı truppa müdiri kimi tanınıb. Bu peşəni işlədiyi bütün teatr dəstələrində bacarıqla icra edib. Əbülfət Vəlidən sonra ən bacarıqlı qastrol təşkilatçısı kimi tanınıb, inzibatçı kimi milli səhnə sənətimizin ilkin təşkilatçısı və təbliğatçılarından sayılır. 1908-ci ildən 1920-ci ilə qədər "Nicat", "Səfa" mədəni-maarif cəmiyyətlərinin teatr truppalarında, Hüseynqulu Sarabskinin "Müsəlman (Azərbaycan - İ.R.) opera artistləri" dəstəsində, "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli qardaşlarının müdiriyyəti"ndə, Hökumət Türk Teatrosunda fasiləsiz olaraq ikinci rejissorluq və müavinlik vəzifəsini şərəf və ləyaqətlə, bacarıq və istedadla icra edib.

Xəlil Hacı Mahmud oğlu Hüseynov (Hüseynzadə) 1890-cı ildə Bakıda doğulub. Məktəbə on yaşında gedib və əski üsulla fəaliyyət göstərən məktəbdə oxuyub. Daxilən enerjili olan, yorulmaq bilməyən Xəlil Hüseynov "Nəşri-maarif"in nəzdində Mirzağa Əliyevin yaratdığı "Həmiyyət" truppasına üzv olmuşdur. Hüseyn Ərəblinskinin bu şəhərlərə 1908-ci il səfərləri, eləcə də sonrakı illərdə dəfələrlə buralara, Aşqabada, Krasnovodska, Hacıtərxana, Dərbəndə, Mahaçqalaya, Məkərəyə (Nijni Novqorod), Orenburqa səfərləri çox uğurlu keçmişdir. Bütün bu səfərlərdə Xəlil Hüseynov dəstənin qastrollarına məsul müdir, hazırlanan tamaşalarda isə ikinci rejissor və ya rejissor müavini olmuşdur.

Xəlil Hüseynovun yüksək zövqü ilə yanaşı, həssas musiqi duyumu, yapışıqlı və ovsunlu səsi vardı. Özü tarda və yastı balabanda çala bilirdi. Tez-tez oynanılan əsərlərin mətninin üzünü zərif xətlə köçürüb öz kitabxanasında saxlayırdı. Bütün bunlarla bərabər Xəlil Hüseynov, ilk növbədə, aktyor idi. İfa etdiyi əsas rollar: Nəcəf bəy Vəzirovun səhnə əsərlərində Fəxrəddin ("Müsibəti-Fəxrəddin"), Hacı Qənbər ("Hacı Qənbər"), Şahlar bəy ("Keçmişdə qaçaqlar"), Heydərqulu ağa ("Adı var, özü yox"), Rəsul bəy ("Ev tərbiyəsinin bir şəkli"), Əbdürrəhim bəy Haqverdiyevin dramlarında Qurban ("Pəri Cadu"), Nəcəf bəy ("Dağılan tifaq"), Cəfərqulu xan ("Ağa Məhəmməd şah Qacar"), Fərhad ("Bəxtsiz cavan"), Cəfər Cabbarlının dramlarında Ənvər bəy ("Trablis müharibəsi"), Cəmil bəy ("Bakı müharibəsi"), Rüfət ("Ədirnə fəthi"), Mirzə Fətəli Axundzadənin komediyalarında Əsgər bəy ("Hacı Qara"), Teymur ağa ("Lənkəran xanının vəziri"), həmçinin Şah Təhmas ("Nadir şah Əfşar", Nəriman Nərimanov), İsgəndər ("Ölülər", Cəlil Məmmədquluzadə), Arif ("İblis", Hüseyn Cavid), Can ("Azərbay və Can", İsa bəy Aşurbəyli), Sadıq ("Bakı uğrunda müharibə", Mirzəbala Məmmədzadə), Edmund ("Kral Lir", Uilyam Şekspir), Pərviz ("Dəmirçi Gavə", Şəmsəddin Sami), Əliəşrəf bəy ("Vətən", Namiq Kamal), Qodunov ("Qafqaz çiçəkləri", Rudolf Botşald), Şleyme ("Yəhudilər", Yevgeni Çirkov), Don Enrikos (" Əl Mənsur", Henrix Heyne), Cəbi ("Zorən təbib", Jan Batist Molyer), Ərəb və Əbül Üla ("Əmir Əbül Üla", Hüseyn Bədrəddin və Məhəmməd Rüfət), Qaçaq Kərəm ("Qaçaq Kərəm", Vano Mçedaşvili), Xlestakov ("Müfəttiş", Nikolay Qoqol).

Xəlil Hüseynov Azərbaycanın ilk qiraət ustalarındandır. Nizami Gəncəvidən, Məhəmməd Füzulidən, Molla Pənah Vaqifdən, Nəbatidən çoxlu poetik nümunələri əzbər bilən Xəlil Hüseynov Bakıda vaxtaşırı keçirilən "Şərq müsamirəsi"ndə, İdil (Volqa) boyu müsəlmanların "Hürriyyət axşamı"nda onlardan nümunələri bəlağətlə, şövqlə söyləyirdi. "Divertisment" adlanan yumorlu müzikl axşamlarında isə tamaşaçılar qarşısına Mirzə Ələkbər Sabirin, Səməd Mənsurun satirik parçaları ilə çıxardı.

18 sentyabr 1941-ci ildən Gənc Tamaşaçılar Teatrında inzibatçı işləyib. Eyni zamanda Abdulla Şaiqin "Vətən" (Kəndli), "Eloğlu" (Birinci bəy), Əliməmməd Atayevlə Əhməd Əhmədovun "Seyran" (Şükür) pyeslərinin və həmçinin digər əsərlərin tamaşalarında epizod rollar oynayıb. Aktyor və teatr təşkilatçısı Xəlil Hüseynov təqribən 1943-cü ildə vəfat edib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!