Sevginin dəfni... - Günel Eyvazlı yazır

Günel EYVAZLI

 

"Mənim musiqim qarşısında göz yaşı tökməyin! Mən sizin üçün rəssam deyiləm ki, sənətimə emosiya ilə cavab verəsiniz. Daha çox alqışlayın... alqışlayın məni! Sənətkarın qiyməti gurultulu alqışlardır".

Hələ uşaq yaşlarından qeyri-adi temperamenti, dəlisov hərəkətləri, hər şeyi açıq-aşkar söyləməsi, cəsarəti  ilə seçilirdi. Qətiyyən falşı, süniiliyi, yalanı sevməzdi. Qarşısında nümayişkaranə şəkildə edilən istənilən səthi jestləri, boğazdanyuxarı deyilmiş sözləri qəbul edə bilmirdi. Ətrafını bu tip insanlardan təmizləməyə çalışırdı.

Gənclik illərində müxtəlif konsertlərdə çıxışlar edərdi. Qəribə qabiliyyəti var idi. Bütünlüklə fortepianoya köklənməsinə baxmayaraq zalda olan hərəkətləri müşahidə etməyi də bacarırdı. Hətta günlərin birində belə bir çıxış zamanı bir gəncin yaraşıqlı xanıma müəyyən cəsarət jestləri etməsini görərək hövsələdən çıxmış, musiqini yarıda dayandıraraq, "Mən bu cür uzunqulaqların qarşısında heç vaxt ifa etmərəm! Onlar sənətin nə olduğunu bilmir!" sözlərini söyləyərək zalı tərk etmişdi. Ümumiyyətlə, onunla ünsiyyətə daxil olmaq olduqca çətin idi. Ən xırda detallar belə partlayışlı reaksiya ilə nəticələnirdi.

İpə-sapa yatmayan bu insan tamamilə fərqli təfəkkürə malik idi. Bəlkə də intibah öz təzahürünü elə onun beynindən başlamışdı. O, hamıya bənzər deyildi. Hamı kimi düşünmürdü. Özünəməxsus fikirləri, həyata baxışı var idi. O, kütlənin bir hissəsi  deyildi. İndividuim idi. Bir sözlə -  dahi idi.

Bəstəkarlıq karyerasına qədəm qoyan gənc Bethovenin yaratdığı əsərlər həyat qoxuluydu. İlkin bəstələri sonraların dahisinin yaradıcılığından çox fərqlənirdi. Onlar olduqca sadə və bəsit idilər. O səbəbdən də indi həmin əsərləri heç bir konsert salonunda ifa etmirlər. Çünki Bethoveni tanıdan onun temperamenti və xarakterinin bütün çalarlarını, daxili ehtirasını özünə hopduran, dahilik təfəkküründən qopan əsərləri idi. Məsələn, 5 nömrəli simfoniyası kimi. Dinləmisizmi? Gur, qulaqları yerindən qoparan akkordlu başlanğıc, fırtınalı, ehtiraslı effekt elə Bethovenin daxili təlatümündən xəbər verir. Nə qədər həyəcan, sevgi, eyni zamanda nifrət var bu musiqidə. Nalə var... hökm var... qüdrət var.

Yanına çox vaxt çalğı dərsləri almaq üçün varlı ailələrin uşaqları gələrdi. Bethovenin dərs prosesi özünəməxsus şəkildə keçərdi. Hərdən hövsələdən çıxaraq özü royal arxasına oturaraq və saatlarla kompozisiyalar ifa edərək  evdə kiminsə olub-olmamasının fərqinə varmazdı. Hələ əllərini piano üzərindən götürdükdən sonra tələbəsini yanında gördüyü zaman hələ də burada dayanmasından heyrət edərdi. Dəli insan.

Onun zarafatları da özünəməxsus olardı. İroniya ilə əhatələnmiş zarafatları bəzən şəxslərin qəlbinə də toxuna bilirdi. Məsələn, günlərin birində Höte ilə yol gedən Bethoven hamının onların qarşısında hörmət əlaməti olaraq baş əymələrini müşahidə edir. Vəziyyəti görən Höte təvazökarlıq nümayiş etdirərək "İnsanların mənə qarşı bu cür hərəkətlərini görərkən hərdən darılıram, narahat oluram" söyləyir. Bethovenin cavabı gecikmir: "Narahat olmayın, əlahəzrət. Bəlkə də onlar sizə yox, mənə baş əyirlər" söyləyir.

Bəstəkarın gündəlik qrafiki adətən eyni cür olardı. Səhər sübhdən səhər yeməyi, günorta nahardan sonra təbiət qoynunda gəzinti, axşamlar isə ya dostlarla görüşərdi, ya da konsertlərdə çıxış edərdi.

Ən böyük istəyi bütün normal insanlar kimi ailə qurmaq idi. Nə yazıq ki, adətən əlçatmaz xanımlara vurularaq cavabsız eşq acısından qovrulardı. Adətən romanlarını məktublaşmalarda yaşayardı. Ailə qurmaq istəyi isə elə arzu olaraq qalır.

Vəhy nəticəsində yaradılan kompozisiyalardan əlavə Bethoven çörək pulu qazanmaq üçün əsərlər də bəstələyərdi. Bəzən günlərlə mənzilini tərk etməyərək yeni özünüməcbur əsərlərinin bəstəsi ilə məşğul olardı. 

Evində ağlasığmaz səliqəsizlik hökm sürərdi. Hər yer kağız, not, kitab töküntüsü idi. Yemək masası üzərində günlərin çörək qırıntıları, yuyulmamış boşqabları qalaqlanardı. Ən qəribəsi odur ki, səliqəsizlikdən söz düşərkən səliqəyə qarşı həssas olduğunu və səliqə-sahmanı çox sevdiyini dilinə gətirərdi.

Karlığı ilə baş-başa
Həmin gün dostları ilə birgə kafelərin birindən çıxırdı. Gəncin otuz yaşı hələ tamam olmamışdı. Hamının kefi kök idi. Birdən dostlardan biri, eşidirsiniz, nə gözəl melodiyadır, sualını dostlarına ünvanlayır. Bethoven nə qədər diqqət kəsilirsə heç nə eşidə bilmir. Həmin gün evə qayıdan Bethoven qulaqlarında cingildəyən dəhşətli səsdən havalı kimi dolanır. Necə yəni eşitməmək? Mən kar ola bilərəmmi? Kar olaramsa, mən bəstəkar kimi kimə lazım olaram? Dünya səslərindən məhrum olmaq bir bəstəkar üçün elə ölmək demək deyilmi? Bethoven bu xəbəri hamıdan gizlətmək üçün dostlarına yalvarardı: "Heç kim bilməsin, heç kimin xəbəri olmasın!" - deyərdi.

Bəstəkar dəfələrlə intiharla üz-üzə dayanmışdı. Kar olmaqdansa ölmək daha yaxşıdır, fikirləri ilə özünü məhv edirdi. Ölümün pəncəsindən onu Makyavellinin "Hökmdar" kitabı xilas edir. Makyavelli hara, Bethoven hara? Onları bir-birinə nə sənət bağlayırdı, nə də həyata baxış. Bəs Mekyavellinin məşhur kitabındakı hansı fikirlər gənc bəstəkar üçün ümid işığına çevrilmışdi?

Bethovenin 9-cu simfoniyasına keçid edə bilərik...
Kitabın ilk sərlövhəsində bu sözlər yazılmışdı: "Həmişə hesab olunub ki, baş verən hər şeyin səbəbkarı taledir. Həyatımızı isə Yaradan idarə edir. Guya insan heç nəyi dəyişə bilməz. Guya biz yazılmış ssenari ilə ömrümüzü sürürük. Belə sözlər söylənilsə də, cəsarət edib bunları dilə gətirmək istəyirəm. İnsan yalnız yarı faizlə taleyindən asılı ola bilər. Qalan yarı isə insanın şəxsi keyfiyyətlərinə bağlıdır. İndividual keyfiyyətlərə malik şəxs öz taleyini dəyişə bilər".

Bu sözlər Bethovenə hava kimi, su kimi lazım idi. Məhz oxuduğu kəlmələr onu həyata bağlayaraq bəstəkarın həyatı üçün növbəti etapın gəlişini ona xəbər verirdi. Onun şəxsi keyfiyyəti onun musiqisi, sənəti idi. O səbəbdən də ilahi sənətin yaxasından yapışan  bəstəkar zəif də olsa, sonuncu səsi eşidənə qədər bəstələri davam etdirir.

Möcüzə ondan ibarətdir ki, alimlər səsdən uzaqlaşan insanların, karların zamanla dünya səslərinin yaddaşdan silindiyini söyləsələr də, Bethoven ən gözəl əsərlərini səsdən məhrum zamanlarda yaradır.

"Siz məni qəmgin yox, xoşbəxt görməlisiniz. Mən öz taleyimin boğazından yapışmışam. Onun məni məhv etməyə gücü çatmaz. İlahi, yüz ömür yaşamaq nə gözəl olardı. Rahat, asudə yaşamaq üçün yox, mən bunun üçün doğulmamışam".

Bu sözlərdən görünür ki, Bethoven artıq həyata daha sıx sarılmışdı. Daha çox hamının dodaqlarına diqqət kəsilən bəstəkar azacıq, anlaşılmaz səslərlə bərabər şəxslərin nə söylədiyini dodaqlarından oxumağa çalışırdı. Hələ həkimlər ona, zamanla karlığın daha da dərinləşəcək, dediyi zamanlarda Bethoven hər vəchlə mübarizə aparırdı. Düşünürdü ki, karlığına qalib gələcək. O, Motsart kimi Yaradana xitabən, "İlahi... İlahi, nə olar məni dinlə. Gör mən sənin üçün necə musiqilər bəstələyəcəyəm. Dinlə məni, nə olar" söyləyirdi.

Hələ dünya səslərini zərrə qədər eşitmək bacarığı olduğu zaman eşitdiyi sonuncu musiqisi, sonuncu bəstəsi  "Bahar sonatası" olur. Nədənsə məhz bu sonatasını bəstəkar incə, yenilənən baharın adı ilə bağlayır. Karlığına qədəm qoyan bəstəkar əslində yenilənmənin, yenidən doğulmanın arzusunda olaraq sanki diz çökmüş vəziyyətdə Yaradana yalvarır. "Məni dinlə" söyləyir.

Bu musiqidən iki il sonra bəstəkar tamamilə kar olur. Ətrafdakılarla daha çox qışqıraraq əlaqə yaratmağa çalışır. Sonralar isə kağızla danışmağa başlayır. Həmin kağızlar, qeyd olunan fikirlər sonralar onun irsini araşdırmaqda çox yardım edir. Karlığı dövründə o, çoxlu əsərlər bəstələyir. Səssizlik dünyasında bəstələnən bütün əsərlər do-minor üzərində qurulub. Ən sakit musiqinin fonunda belə üsyan edən notlar sezilir. Onlar Bethovenin əvəzinə qışqırırdılar. Notlar Bethovenin taleyinin yaxasından tutaraq, dahi insanı bu qədər sındırmazlar, deyərək fəryad qoparırdılar.

Eşq...
Samanlıqdan yapışan insan təsiri bağışlayır Bethovenin həyatı. Necə də kədərlidir, insanın ruhunu sızladır. Bethoven bəstələrinə qulaq verərkən musiqiləri onun əvəzinə də eşitməyə çalışırsan. Biz hamımız sənin əvəzinə eşidirik, möhtəşəmsən, Bethoven.

Sevdalı bəstəkarın sonuncu ümidi idi həyatından çıxıb gedən xanım. Adının nə olmasının mənası belə yoxdur. "Heç kim" idi. Onun gedişi münasibətilə "Ay sonatası" bəstələnir. Əsərə bu adı Bethoven yox, tənqidçi, şair Lüdviq Relştab vermişdi. Lazımsız adlandırmaydı məncə. Niyə "Ay sonatası"? Axı bu, daha çox eşqin dəfninin himni idi. Bütün notlar boyu kədəri, Avropa dəfn mərasimləri üçün nəzərdə tutulan qəmgin mahnıların ladlarını, solğunluğunu eşitmək mümkündür. Bu bəstədə cismin yox,  məhəbbətin, ruhun, hissin dəfni əks olunub.

Sonralar aşkara çıxan məktublarda Bethovenin "Əbədi sevgim" adlandırdığı kimsə ilə məktublaşması diqqət çəkir. Amma onların konkret olaraq kimə ünvanlandığı heç kimə məlum olmur. Məncə, Bethoven sadəcə özünü aldadırdı. Məncə, bütün məktublar utopik, olmayan bir şəxsə ünvanlanmışdı. Bəlkə də Bethoven özü-özüylə yazışırdı. Hər halda, sağ qalmaq üçün hər bir şəxsin ümidə ehtiyacı var... Ümidlə əlli altı yaşa qədəm qoymağa dəyərdi.

Dahi bəstəkar ömrünün sonlarını Vyanada tamamlayır. Hamını özündən uzaqlaşdıraraq evinə çəkilib daha çox təkliyi ilə baş-başa qalır. Hamının onu tərk etdiyini dilə gətirir. "Bu lənətə gəlmiş Vyanada hamı məni tərk edib. Şəhər az adamlı və olduqca cansıxıcıdır. Hətta az adamların arasında belə möhtəşəmlik yoxdur. Ona görə də tək yaşayıram. Tək!" yazır.

Deyilənə görə təkliyindən şikayət edən, hamını özündən uzqlaşdıran Bethovenin dəfn günü tabutunun arxasınca iyirmi minə yaxın insan addımlayırdı. Onlar dahi bəstəkar ilə sağollaşmaq üçün buraya toplanmışdılar.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!