"Batalyon" - Samirə Əşrəf

Samirə ƏŞRƏF

Keçmişi xatırlamaq həmişə xoş olmur. Üstəlik də sənin keçmişində müharibə, qan-qada, torpağa şəhid vermiş qohumun, qonşun, doğmaların varsa, o zaman ümumiyyətlə keçmiş həmişə, hər zaman səni öz nisgili ilə kədərləndirəcək, daim ürəyində qövr edib  qanayan yara kimi sənə əzab verəcək. Özündən asılı olsa da, olmasa da, sən keçmişə aidiyyəti olan insanla rastlaşan kimi onunla baş verənlər barədə dərdləşəcək, bəzən isə ondan haqq-hesab da tələb edəcəksən. Bütün bunların yalnız bircə səbəbi olacaq. Ürəyindəki ağrılar az da olsa sakitləşib azalsın.

Qarşımdakı müsahib də keçmişdən qalandır. O, öz keçmişində cavan, mənim bu günümdə isə yaşlanmağa doğru üz qoyan orta nəslin nümayəndəsidir. Azərbaycan kinosunun mütəvazi ismi Əli İsa Cabbarovla müsahibə üçün söhbətləşirik. Gümüşü saçları, yorğun görünüşü, susqun, həm də danışan baxışları ilə mənə sovet dövrünü, Qarabağ müharibəsini, hətta "Fəryad" filmini xatırladır. Birbaşa kino ilə əlaqəsi olduğu üçün müsahibənin ən kuliminativ anında Qarabağla bağlı sualımı ona ünvanlayıram. "Azərbaycan kinosu Qarabağa olan borcunu qaytara bildimi?"

"Mənə elə gəlir ki, bizim ötən söhbətimizdən sonrakı bu üç il ərzində "Dolu", "Nabat", "Yarımçıq xatirələr" filmi çəkilib. Bu baxımdan elə fikirləşirəm ki, Azərbaycan filmi Qarabağ müharibəsinə o qədər də borclu qalmayıb. Hər üç film kifayət qədər yaxşı filmdir və Qarabağ mövzusunu xalqımıza çatdıra bilib. Sənədli kinomuz bu mövzuda ortaya daha ciddi işlər qoya biləcəyi halda o qədər də uğurlu olmayıb. Daha çox informativ funksiyasını yerinə yetirib. Amma Nizami Abbasın Tərtər batalyonu haqqında "Batalyon", "Əliyar Əliyev" filmləri,  gənc rejissor Emin Əfəndiyevin Milli Qəhrəman Yelmar Ədilov haqqında filmi çox səmimi və gözəl filmlər idi. Yəni bu cəhətdən Azərbaycan kinosu bu işi imkan daxilində yerinə yetirir. Və bizim bu filmlərdə ermənilərdən əsas üstünlüyümüz ondadır ki, bayağı, səthi düşmən obrazları, erməni fobiyası yoxdur. Əgər biz istəyiriksə Qarabağ müharibəsi haqqında filmlərimiz Biləcəridən o tərəfə keçsin, biz azərbaycanlı davası yox, insan davası etməliyik. Biz insanlığın tərəfində olanda həm təbliğat işimiz uğurlu olur, həm də ölkədən kənara  çıxa bilirik. Bu baxımdan "Hər şey yaxşılığa doğru", "Nabat", "Fəryad", "Sarı gəlin" filmlərimizdə erməniyə nifrət aşılanmır, insanlığa abidə qoyulur. İnsanlığa heykəl qoyulan film də bizim tərəfimizdə olur. Çünki biz insanlığa xəyanət etməmişik."

Sıralanan filmlərin demək olar ki, hamısını izləmişəm. Nizami Abbasın "Batalyon" sənədli filmini isə ilk dəfədir eşidirəm. Evə qayıdandan sonra filmi izləyirəm. Göz yaşları içərisində...

Film başlanan kimi ekranda yeriyən ayaqlar görsənir. Bəzən həmin ayaqların içərisindən bir əlil arabası da ötüb keçir, daha sonra insan ayağını əvəz edən ucu rezinli çəliklər nəzərə çarpır. Daha sonra kamera yerdən səmaya doğru yüksəlir. Kəsilən qollar, işıqsız gözlər, ağaran saçlar, tökülən dişlər, qırışan simalarla rastlaşırıq.

Bu insanlar vaxtilə "Tərtər batalyonu"nun döyüşçüləri, canları-qanları hesabına torpağı qorumuş igidləridir. İgidlərin qocalması isə dəhşətli olur.

Film davam etdikcə indi yaşlanmış bu insanların cavanlıq kadrları ilə rastlaşırıq. Hamısı həyat, sevgi, mübarizə dolu gənclərdir. Ölümə meydan oxuyan, qorxmaz insanlar meşələrdə, çöllüklərdə vətəni, vətən insanını qorumaq üçün gecədən və  gündüzdən xəbərsiz düşmənlə döyüşür. Hamısı əzmlidir. Hamısı kameraya doğru baxıb gülümsəyir.

Qəribədir ən çox gülümsünənlər isə şəhid olanlardır. Onlar ölümün gözlə qaş arasında olduğunu intuitiv olaraq hiss edirlər. Yaxınları, doğmaları üçün gülümsər əsgər portreti yadigar qoymaq istəyirlər.

Onlar silahla döyüşür. Nizami Abbas, Seyidağa Mövsümlü, Tahir Qarayev, Etibar Şirinov, Fikrət Qafarov, Ədil Arifoğlu, İlham Yevlaxlı  isə kamera ilə gözlə, baxışla döyüşürlər.

Kameranı çəkən əllər bəzən öz müvazinətini itirir, silkələnir. Amma heç zaman yerə düşmür, böyrü üstə qalmır.

Sağ qalan döyüşçülər sevinclə, qəhərlə şəhid olmuş komandirləri, cəbhə yoldaşları haqqında xatirələrini danışır, onların döyüşlərdə göstərdikləri qəhrəmanlıqları fəxrlə nəql edirlər. Kamera tez-tez onların əllərinə tuşlanır. Kim bilir bu əllər neçə dostu, yoldaşı torpağın qəhvəyi lağımlarına gömməyə məcbur olublar. Ani olaraq düşünürəm. Bu qədər itkiyə ürək dözrəmi?

Elman Hüseynovun, Vəzir Orucovun, Aslan Kərimovun, Ədalət Paşayevin, Əliyar Əliyevin, Şikar Şikarovun, Yusif Mirzəyevin, Mehman Ələkbərovun, Mehrac Paşayevin, Talıstan Axundovun adları sadalandıqca ekrandan onların qorxusuz simaları da nəzərə çarpır. Və sən fəxr edirsən ki, nə yaxşı ki, bu cür təmənnasız insanlarla bir dövrdə yaşamısan.

Tərtər batalyonunun qərargah rəisi Pənah Məmmədov Milli Qəhrəman Vəzir Orucovu batalyona qəbul edərkən yaşadığı anları xatırlayır. Gözləri dolur. Sözlərinin ardını gətirə bilmir.

Vəzir Orucov haqqında rus hərbi jurnalisti Aleksandr Nevzorov qeyd edir: "Ona qədər mən qəhrəmanlığa ya kitablarda, ya da kinoda rast gəlmişdim. Vəzirin timsalında mən əsl qəhrəmanlığı həyatda gördüm. O fövqəladə insan idi. Bütün bu illər ərzində o, mənim xatirimdən çıxmayıb. Yəqin ki, ömrüm boyu da unutmayacam".

İlk komandir adı ilə şöhrət qazanmış Elman Hüseynov öz vəzifəsindən imtina edərək müharibəni seçir. Demək olar ki, hazırladığı bütün döyüşlər uğurla nəticələnir. Sonuncu döyüşdə on üç əsgərinin şəhid olması və onların meyitlərinin düşmən tərəfdə qalması onun vicdanını narahat edir. Nə yolla olur-olsun düşmən ərazisindən cəsədlərin çıxarılmasına cəhd edir. Özü də şəhid olur.

Sən bu günün insanı isə bütün bunları internetə qoşulmuş nootbukunun xırda pəncərəsindən, isti ev-eşiyindən izləyirsən. Və anlayırsan ki, bütün bu rahatlığına görə həmin sağ qalan və şəhid olan insanlara borclusan.

2015-ci ildə "Nobel" mükafatı alan yazıçı Svetlana Alekseyeviç "Müharibə qadın simalı deyil" deyirdi. Və məncə o, şəksiz olaraq haqlı idi. Necə ki, bizim müharibəmiz kişi sifətli, igid simalı oldu. Bugünkü günümüzə görə biz həmin kişilərə, igidlərə minnətdarıq. Bir də 52 dəqiqə 51 saniyə zaman kəsiyini "Batalyon" sənədli filmi ilə əbədiləşdirən rejissor Nizami Abbasa!

Fevral - 2018