Bir daha xoş gördük, Poeziya Evi! - Ay Bəniz ƏLİYAR

 

"Mən məna yaradan tutiyəm, əfsus,

Şabran qalasında olmuşam məhbus".

                                      Xaqani Şirvani

 

"Azərbaycan bədii-fəlsəfi fikir tarixində misilsiz yeri olan dahi mütəfəkkir Xaqani Şirvaninin adını daşıyan bu müqəddəs ocağın - Poeziya Evinin yaranmasından 10 il ötür. On il! Zaman baxımından böyük müddət olmasa da mahiyyəti və töhfələrinə görə yaşayan, yol gedən möhtəşəm tarixdir.

Xaqaninin abidəsinin və Xaqani Poeziya Evinin açılışının 15 İyun - Milli Qurtuluş Günü ilə eyni zamana təsadüf etməsində bir qanunauyğunluq var. Çünki ümummilli lider Heydər Əliyev də ədəbiyyata, mədəniyyətə xüsusi önəm verib, görkəmli ədəbiyyat nümayəndələrinin adlarının əbədiləşdirilməsinə diqqətlə yanaşıb. Bu gün bu ənənə möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Böyük şair Xaqani Azərbaycanda poema janrının ilk müəllifidir. Çox şadam ki, bu müqəddəs məkanın ərsəyə gəlməsində iştirakçı olmuşam. Biz bu evin təməlini Xaqani Şirvaninin ayaqüstü abidəsi ilə yan-yana, bərabər qoyduq. Və bu evi böyük şairin bu torpaqda, onun adını daşıyan bu meydandakı ayaqüstü abidəsinin qanadları altında yerləşdirdik. Fikrimdə nə qədər haqlıyam, bilmirəm, ancaq düşünürəm ki, Əfzələddin Xaqaninin sözə xidməti qədər də elə bu qədim şəhərin əsilzadə insanlarının da Xaqaninin zamanında var olmasında bir o qədər xidmətləri olmuşdur.     

Düşünürəm, nə qədər Şabran var, onun Vətən sevgili yaradıcı ədəbiyyat, sənət adamları da olacaq, Xaqani oxucuları da.

On ilin astanasından irəli boylanmaq nə qədər duyğusaldır. Bunun yüz illiyi necə də ehtişamlı olacaq...".

Yazıçı-publisist Novruz Nəcəfoğlu

 

Əbəs yerə yazımızı dəyərli yazıçımız Novruz Nəcəfoğlunun Xaqani Poeziya Evinin 10 yaşına ünvanladığı təbrik məktubuyla başlamadıq. "Tikdim ki, izim qala...". Bu bayatının məna yükü bir yaşam dünyasıdı. Bu dünyadan yol alan insanlar vaxtdan da, zamandan da ucada dayanarlar... 2012-2022... Azərbaycan ədəbiyyatının böyük klassiki Əfzələddin Xaqaninin adını daşıyan Xaqani Poeziya Evi keçən 10 il ərzində bir-birindən gözəl, bir-birindən maraqlı bir çox tədbirlərə ev sahibliyi etdi. Hətta 2016-cı ildə Azərbaycan Yazıçılar Birliyi rəsmi olaraq Şabranda özünün bölməsini də yaratdı. Bölməyə tanınmış yazıçı Aydın Tağıyev rəhbərlik etməyə başladı. Bölmə üç rayonu -Şabran, Siyəzən, Xızı rayonlarının ədəbi mühitini bir araya gətirmək üçün nəzərdə tutulurdu. Xaqani Poeziya Evində keçirilən görüşlər, aparılan müzakirələr regionumuzda ciddi bir ədəbiyyat ab-havasının yaranmasına səbəb oldu.

Xaqani Poeziya Evində AMEA-nın Xaqani irsinə həsr etdiyi möhtəşəm konfransla yanaşı, bir neçə il ard-ardıyca təşkil olunan Beynəlxalq Şairlər günü də həyata keçirilmişdir.

Bu gün də 11 iyun tarixi yaddaqalan və maraqlı gün olacağından xəbər verirdi. Poeziya Evinin önündə ucaldılmış şairin böyük heykəli öz əzəmətli duruşu ilə gələn qonaqları salamlayırdı. Açıq havada kitab sərgisi hamının diqqətini çəkməkdəydi. Sərgidə həm Şabran, həm Siyəzən yazarlarının kitab külliyyatı yer almışdı. Hər iki rayonun Vətən müharibəsində şəhid olan oğullarının fotoşəkilləri yer alan lövhələr, həyat və döyüş yolunu özündə əks etdirən kitablar da sərgilənirdi. "Şabran" mahnısının sədaları altında qonaqlar zala daxil olurlar. Tədbir gözəl bir tamaşa ilə açılır. 2019-cu ildə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən lll Xalq Teatrları Festivalında 1-ci yerə layiq görülmüş Şabran Xalq Teatrı tərəfindən hazırlanmış tamaşa Xaqani zindana həbs olmamışdan öncə ömrünün bir parçasını özündə əks etdirirdi. Bədxah saray şairlərinin haqsız hücumlarına məruz qalan Xaqani Şirvani 1156-cı ildə Məkkəyə ziyarət bəhanəsi ilə Şirvanı tərk etmək məcburiyyətində qalır. Lakin gizlincə Şirvanı tərk etməyə cəhd göstərərkən I Axsitanın əmri ilə həbs olunur və Şabran qalasına salınır. 7 ay zindanda saxlanılan şair məşhur "Həbsiyyə" şeirlərini də məhz burada qələmə alır.

Beləcə, Poeziya Evinin yubileyində də simvolik olaraq Xaqani obrazı zala daxil olur. Sanki öz-özüylə danışırmış kimi adına ucaldılan bu məbədgahdan və onu yaradanlardan razı qaldığını şeir diliylə izhar edir və onun üçün xüsusi təmtəraqla döşənmiş hücrəsinə çəkilir. Bundan sonra Poeziya Evinin direktoru, şair Aybəniz Əliyar tədbir iştirakçılarını və qonaqları salamlayaraq çıxış edənlərə söz verməyə başlayır. İlk çıxış etmək üçün söz Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynova verilir. V.Hüseynov klub müəssisəsində maraqlı tədbirlərin keçirildiyini qeyd edərək Poeziya Evinin 10 illiyi münasibətilə hazırlanmış Fəxri Fərmanı müəssisənin direktoruna təqdim edir. Alqışlarla tədbir davam edir. Bu dəfə söz filologiya üzrə elmlər doktoru, professor Məmməd Əliyevə verilir. Alim Xaqaninin gəlmiş-keçmiş ömrünün bütün incə nüanslarına toxunaraq, eləcə də 10 il bundan öncə Poeziya Evinin açılışında da necə ürəklə iştirak etdiyini maraqla təsvir edir. Xaqani haqqında yazdığı əlyazmanı və son illərdə çıxan kitablarını Poeziya Evinə bağışlayır. Alimin ətraflı çıxışından sonra söz musiqi nömrəsinə çatır. Tarda ustad tarzən Bayram Ağasıyevin müşayiətilə xoş avazlı xanəndə Natiq Əliyevin canlı ifası hisslərin, duyğuların, ovqatların rəngini dəyişir sanki.

Yeni bir sabahın qızılı qaymaq vaxtında Poeziya günəş kimi doğur Şabrana... Bütün qaranlıq hüznlü kədərlər qürub edir Sözün qüdrətindən doğan Şeirdə... Söz ucaldıqca ucalır... Muğam bitir, yenə də çıxışlar başlayır. Tanınmış ədəbi tənqidçi Vaqif Yusifli onun hekayələrini "kiçik janrın milli kolorit naxışları" olan qiymətli örnəkləri kimi dəyərləndirir. Ölkə miqyasında yeni hekayəçiliyin tanınmış yaradıcılarından biri kimi qəbul olunan Azərbaycan Yazıçılar Birliyi Şabran Bölməsinin sədri Aydın Tağıyevə söz verilir. Aydın müəllim Poeziya Evinin 10 illiyinə hesabat kimi çıxarılan "ŞƏM" kitabından söz açaraq, bu ocağın ədəbiyyata verə biləcəyi töhfələrdən söz açır. Onun ardınca Siyəzən ədəbi mühitindən Əməkdar müəllim, şair Nəcməddin Mürvətov çıxışları davam etdirir. Sonra Şabrandan olan Əməkdar müəllimə Həqiqət xanım Adıgözəlovaya söz verilir. Özünəməxsus sevgi ilə məclisi ələ alan Həqiqət müəllimə yenə də maraqla fikirlərini onu dinləyənlərə çatdırır.

Bildiyimiz kimi, Xaqaninin bir çox şeirlərində özünütərif və bədxahları məzəmmət ayrıca mühüm yer alır. Xaqani yazar:

 

Söz mülkünün məndən yaxşı yoxdur

                        özgə şəhriyarı,

Bu dünyada tək mənimdir

                        söz mülkünün ixtiyarı.

Yer üzündə kölgə kimi sakinəmsə,

                        diqqət et bir,

Əsərlərim günəş kimi

                        mənzil-mənzil dünya gəzir.

 

Bu gün də belədir, söz deyilər, qalmaz, ancaq sözü yazarsan, qalıcı olar. 15 İyun - Qurtuluş bayramı ərəfəsindəyik. Bu yaxınlarda isə həm Şabran Tarix-Diyarşünaslıq muzeyinə, həm də Poeziya Evinə bir kitab hədiyyə olunur - "Zamana sığmayan Lider". Elə ilk səhifələrindəcə diqqəti çəkən bir abzas var - Dühalıq nədir? "Dühalıq - Yüksək düşüncə bacarığına sahib olmaqla yanaşı, əql və qüdrət sahiblərinin öz ömür yollarında qazandıqları ən kamil davranış vərdişi, milli-mənəvi dəyərlərə sahib olmaq, bəşəri ideyaların sirlərini mənimsəmə qabiliyyəti, qavradıqları ən dərin bilikləri, düşüncə, dərrakə süzgəcindən keçirərək həyata tətbiq etmək bacarığıdır". Nə gözəl tərif... Həmin kitabı araya-ərsəyə gətirən, Ruhu Poeziyayla bir vəhdət halında olan millət vəkilimiz Sadiq Qurbanov Poeziya Evinin "Xatirə Kitabı"nda öz ürək sözlərini yazdıqdan sonra məclisin son sözünü, əsas sözünü söyləmək üçün ayağa qalxır. "Zamana sığmayan Lider" kitabını da təqdim edərək Şabranda keçirilən Poeziya bayramına bir başqa bayram qatır.

Cıdır düzündə "Xarıbülbül" festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpa olunması bir daha onu göstərir ki, poeziya, musiqi harda varsa, orda gözəllik var. Şuşa da sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır. Bildiyimiz kimi, Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşamızın şərəfinə 2022-ci il "Şuşa İli" elan olundu. Bu münasibətlə Xaqani Poeziya Evinin təşkilatçılığı ilə Şabran rayonunda yerləşən 40 məktəb arasında "Şuşa sətirlərdə" adlı esse müsabiqəsi baş tutmuşdur. Həmin müsabiqədə seçilən və fərqlənən məktəbliləri təltif olunmasına qonaqlarımız da cəlb olunur. Yenidən muğamın sədaları Poeziya şöləninə öz "yağı"nı qatmaqla ocağın alovunu nurlandırır. Millət vəkilimiz Sadiq Qurbanovun təkidi və arzusuyla yerli yazarlara şeirlərini səsləndirmək imkanı yaradılır. Sanki məclis yenidən canlanır. Yerbəyerdən şairlər, buna bənd imiş kimi ayağa qalxaraq tarın "zümzüməsi" altında bir-birilə yarışırmış kimi şeir səsləndirirlər.

Beləcə, şeirlə alqışlayır dünyanı gülümsər insanlar. Duyğular Poeziya rəngində çökür dodaqlara, Poeziya rəngində təbəssüm yayılır Yer kürəsinə... Sabahların özü belə sətirlənir, misralanır qəlbində Şeir doğan insanlarla - Şairlərlə... Yaddaşı xatirələr olan qələm adamlarının - Yazıçıların ilhamı sərgərdan, könlü narahat, duyğuları pərişan qalır. 

Hər kəs və hamı dünyanın gəlimli-gedimli, bir ucu ölümlü üzündə RUH doğmalarını axtarmaqla ömür sərf etdi, Ruhunu rahatlığına qovuşduranı gəzməklə həyat qazandı. Həm ömür sərf edənlər, həm həyat qazananlar Poeziya adlanan günəşin işığında bir daha, bir daha yeni sevgilərlə doğuldu, köhnə ayrılıqlarla köç etdi... Əbədi yaşayanlar, dirilik suyu içmiş kimi ölməzliyi qazananlar da oldu. Nə yaxşı ki, bu gün kölgələndiyimiz Şeirin əbədiyaşar bir ocağındayıq... Bizi qoruyanlar, bizi sevənlər, qayğımıza qalanlar vardır... Nə yaxşı...

Yaxşı söz dəyərdə qızıldır, ləldir. Bir daha Xoş gördük, Poeziya Evi!

Həmişə işıqların gur yansın, qonaqların bol olsun, qəlbin Şeirlə isinsin!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!