“Vətən müharibəsinin tarix yazan qəhrəmanları” mövzusunda esse müsabiqəsi elan edilib

 

Respublika Gənclər Kitabxanası Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şüarını rəhbər tutaraq, 8 noyabr - Zəfər Gününə həsr olunmuş esse müsabiqəsinə start verib.

Kitabxanadan bildirilib ki, müsabiqənin təşkilində əsas məqsəd yeniyetmə və gənclərdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, Vətənimizin suverenliyi uğrunda canından keçən və bununla da adını qalib Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazan qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsindən və onların böyüməkdə olan gəncliyimizə nümunə kimi təqdim olunmasında ibarətdir.

Müsabiqədə iştirak etmək istəyən 16-35 yaşarası gənclər noyabrın 1-dək öz esse nümunələrini [email protected] ünvanına təqdim etməlidirlər. Dəyərli izləyicilər müəllifi olduqları esseləri kitabxananın instaqram və feysbuk səhifələrində izləyə biləcəklər.

Qalib onlayn səs çoxluğu əsasında (“Bəyənmə” sayına görə) müəyyən ediləcək. Qalib iki nəfər seçiləcək və kitabxana tərəfindən diplom və kitab hədiyyəsi ilə mükafatlandırılacaq. Bundan əlavə, kitabxana gələcəkdə toplanan esse nümunələri əsasında böyük həcmli elektron bazanın da yaradılmasını planlaşdırır. Müsabiqənin şərtlərinə əsasən Azərbaycanımızın bütövlüyü, Qarabağ uğrunda gedən müharibədə iştirak edən igid oğullarımız haqqında esse nümunələri, qəhrəmanlar haqqında tarixi faktları və onların həqiqi foto görüntülərini əks etdirməli, yazılmış esselərdə mətn aydın və səlis ifadə edilməli, essenin həcmi 10 səhifədən çox olmamalıdır.

Müsabiqəsinin şərtləri ilə kitabxananın instaqram və feysbuk səhifələrindən daha geniş tanış ola bilərsiniz.

azertag.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!