Klassikin müasirliyi - Nizami Cəfərov

Nizami CƏFƏROV

Akademik Nizami Cəfərovun "Elçin. Yazıçının yaradıcılıq yolu" monoqrafiyası bu günlərdə nəşr olunmuşdur.

Kitabın "Son söz"ünü təqdim edirik.

Son söz

Xalq yazıçısı Elçinin yaradıcılığı həm indiyə qədərki xeyli dərəcədə əsaslı araşdırmalarda gəlinən nəticələrə, həm də bizim müşahidələrimizə, təhlillərimizə görə, aşağıdakı dövrlərdən keçmişdir:

I. Keçən əsrin 50-ci illərinin ortalarından 70-ci illərinin sonlarına qədər.

II. Keçən əsrin 80-ci illərinin əvvəllərindən 90-cı illərinin sonlarına qədər.

III. Yeni əsrin ilk illərindən bu günə qədər.

Birinci dövr də öz növbəsində üç mərhələyə ayrılır:

1) Keçən əsrin 50-ci illərinin ortalarından 60-cı illərinin əvvəllərinə qədər - ilk qələm təcrübələri mərhələsi;

2) keçən əsrin 60-cı illərinin ortalarından sonlarına qədər - "yeni ədəbiyyat" axtarışları mərhələsi;

3) keçən əsrin 70-ci illərinin əvvəllərindən sonlarına qədər "yeni ədəbiyyat" uğrunda mübarizə, yaxud "altmışıncı"nın geniş ədəbi-ideoloji miqyasda özünü (və təmsil etdiyi yaradıcılıq metodunu) təsdiq mərhələsi.

İkinci dövr, fikrimizcə, 1) keçən əsrin 80-ci və 2) 90-cı illərini əhatə etməklə iki (və olduqca məhsuldar) mərhələyə ayrılır ki, şərti olaraq, birincisini romanlar, ikincisini isə "dramlar" mərhələsi adlandırmaq olar. Həm birinci, həm də ikinci mərhələdə Elçin onun yaradıcılığı üçün səciyyəvi olan janrlarda, xüsusilə hekayələr yazmaqda davam etmiş, ədəbi-ictimai şüura əhəmiyyətli təsir göstərən möhtəşəm elmi-publisistik əsərlər yaratmışdır, bununla belə 80-ci illər, ilk növbədə, "Mahmud və Məryəm", "Ağ dəvə" və "Ölüm hökmü" romanlarında cəmiyyət həyatının miqyaslı mənzərələrinin yaradılması, 90-cı illər isə, hər şeydən əvvəl, həmin həyatın dramatizminin eyni dərəcədə miqyaslı realist (və analitik!) təsvirinin böyük istedadla təqdimi ilə səciyyələnir.

Elçin yaradıcılığının yeni əsrin əvvəllərindən başlayan üçüncü dövrü, fikrimizcə, müxtəlif mərhələlərə bölünməyən bütöv bir hadisədir: burada hansısa ideya-estetik təmayülün, yaxud janr differensiallığının  (xatırlatmaq lazım gəlir ki, janr diferensiasiyasının, yəni hansı janra müraciət etməsinin özü də Elçin üçün sadəcə texnoloji seçim olmaqla  məhdudlaşmayan ciddi ideya-estetik hadisədir) əlahiddəliyinə rast gəlinmir. Yazıçı- mütəfəkkirin keçən əsrin sonlarına doğru yaradıcılığının bütün miqyası ilə qazandığı "klassik" obrazı yeni əsrin əvvəllərində (və hər cəhətdən tamamilə yeni şəraitdə!) öz tarixiliyi ilə müasirliyinin vəhdətində fundamental bir hadisə olaraq meydana çıxır...

Elçinşünaslığın ən maraqlı məsələlərindən biri də yazıçının yaradıcılıq genotipologiyasının hansı üzvi tərkib hissələrindən ibarət olmasıdır ki, biz, ilk növbədə, aşağıdakıları fərqləndirmək istərdik:

a) Azərbaycan şifahi xalq ədəbiyyatına (folkloruna) dərindən (və elmi izaha çətin gələn təbii bir inersiya ilə) bağlılıq - elə bir mukəmməl bağlılıq ki, Elçinin ümumən bədii (yalnız bədiimi?) təfəkkürünə çökmüş, daha doğrusu, onun yazıçı təfəkkürü mənşəyini həmin doğma, zəngin və sağlam mənəvi qaynaqdan almış, almaqda da  davam edir və yazıçının heç zaman  dayanmayan yaradıcılıq təkamülünün, həyatiliyinin, humanizminin, dil- üslubundakı tükənməz təravətin sirrini də, hər şeydən əvvəl, burada axtarmaq lazım gəlir;

b) Elçin Azərbaycan folkloru ilə yanaşı, Azərbaycanın həm  klassik, həm də müasir ədəbiyyatının, ədəbi-ictimai, fəlsəfi fikrinin indiyə qədərki ən görkəmli araşdırmaçılarından (və bilicilərindən) biridir - təşəkkül tapdığı dövrlərdən bəri elə bir milli ədəbi hadisə təsəvvür etmək çətindir ki, Elçin onun haqqında mötəbər söz deməmiş, bir çoxunu isə ilk dəfə müasir elmi-metodoloji mövqedən  geniş şərh edib Azərbaycan ədəbiyyatı tarixinin ayrı-ayrı mübahisəli ədəbi hadisələrinə, mərhələlərinə, dövrlərinə aydınlıq gətirməmiş, bütövlükdə isə özünün analitik (və aydın) məntiqi ilə ümumən ədəbiyyatın tarixi inkişaf magistralına gur işıq salmamış olsun - odur ki, Elçinin bədii təfəkkürünü müxtəlif yaradıcılıq dönəmlərində get-gedə  daha da mükəmməlləşdirən  ikinci amil mənsub olduğu xalqın böyük ədəbiyyat yaradıcılığının təcrübəsini özünəməxsus istedadla, intellektlə, yaradıcı ürəkgenişliyilə mənimsəmişdir ki, bunun da nəticəsində Elçin Azərbaycan xalqının əbədiyyətə bəxş etdiyi ən qüdrətli yazıçılar sırasına yüksəlmişdir;

c) nəhayət, Elçinin bədii təfəkkürünün genotipində dayanan aparıcı amil- əlamətlərdən biri də dünya ədəbi- estetik təfəkküründən gələn  ümumbəşəri dəyərlərdir - bu dəyərləri  lazımi  dərinliyi (və genişliyi) ilə özününkü edib, yaradıcı axtarışlarının əsas prinsiplərindən birinə çevirməsəydi, Elçin yetmişinci illərdən başlayaraq əldə etdiyi  uğurlara bu səviyyədə nail ola bilməzdi...

Bütün bunlar, heç şübhəsiz, yazıçının yaradıcılıq fenomeninin görünən, təhlilə gələn və ya  elmi dəlillərlə izah olunan  tərəfləridir, ancaq bu fenomenin istər Elçinin, istərsə də dünyanın digər görkəmli bədii təfəkkür sahiblərinin timsalında, əgər belə demək mümkünsə, izaha gəlməyən (və apriori olaraq qəbul edilən) universal (və fundamental!) bir tərəfi (əslində, mahiyyəti!) də  var ki, o da istedaddır!..

Və yazıçı istedadının ümumi (universal!) formulunu müəyyənləşdirmək cəhdləri həmişə olmuşdur, lakin bu hələ ki,  yalnız cəhd olaraq qalmış, heç bir ədəbiyyat nəzəriyyəçisi digərləri tərəfindən az- çox mübahisəsiz qəbul edilən bir sxem-model təklif edə bilməmişdir.

Elçinin nəzərdən keçirdiyimiz - həm mövzularına, həm ideya-məzmununa, həm də  poetexnologiyalarına bu və ya digər dərəcədə bələd  olduğumuz hekayə, povest, roman və dramlarındakı istedad ünsürləri  kimi qəbul edə biləcəyimiz ümumtipoloji xüsusiyyətlər nədən ibarətdir sualına cavab axtara-axtara gəlib çıxdığımız nəticələr aşağıdakılardan ibarət oldu:

1) Ardıcıl və ya davamlı emosional- analitik müşahidələrdə insanın (və həyatın!) daxili aləminə, ruhi-mənəvi mövcudluğun dərinliklərinə səmimi bir maraq (və ehtiras) ilə enmək qabiliyyəti;

2) sosial-psixoloji müşahidə (və təhlil) təcrübələrinin kənar ideoloji təzyiq modellərinin təsirinə məruz qalmadan ümumiləşdirilməsi yekunu olaraq insan və həyat mənzərələrinin ən müxtəlif təzahür formalarının kəşf edilməsi;

3) Azərbaycan, eləcə də dünya ədəbiyyatına (ümumən ədəbiyyata!) dərindən bələdliyin nəticəsi olaraq insanın sosial-mənəvi varlığına artıq kəşf edilmiş yollarla deyil, çətin, mürəkkəb, özünəməxsus istiqamət və üsullarla nüfuz olunması təcrübəsinə yiyələnilməsi;

4) kəşf etdiyi sosial-mənəvi hadisələrin ən müxtəlif funksional tərəflərinin (məkandan və zamandan; obyektiv qanunauyğunluqlardan və subyektiv maraqlardan; zərurətdən və təsadüfdən asılı olaraq) sonsuz maraqla öyrənilməsi, heç bir halda mövcud trafaretlərlə kifayətlənilməməsi;

5) insanı (və həyatı) hər kəsdən daha dərindən dərk etdiyinə, dərk olunması mümkün olmayanı da dərk edəcəyinə möhkəm daxili  inamdan irəli gələn (və yaradıcılıq təcrübəsində özünü heç də az təsdiq etməmiş)  intellektual enerji  potensialına əsaslanılması;

 

6) son dərəcə güclü (intəhasız!) səmimiyyətə, təvazökarlığa və humanizmə, lakin eyni dərəcədə qüdrətli iradəyə, dözümə və qürura malik yazıçı şəxsiyyətinin (qələm əlində olanın!) öz  ədəbi kəşflərində də bu "ikiliy"i gözləməsi - İnsanı (və Həyatı) heç  zaman "dost"a, "düşmən"ə ayrımayıb bunu həmin İnsan (və Həyat) təzahürlərinin "vicdan"ına buraxılması;

7) əlinə qələm aldığı ilk günlərdən yazdığı dilin "anatomiya"sını o qədər dərindən mənimsəməsi ki, ana dilini (Azərbaycan dilini)  öz ədəbi- intellektual (və humanist!) istedadının gücü ilə əsərlərinin hər hansı başqa bir dilə tərcüməsini "çətinləşdirən" bir səviyyəyə yüksəltməsi;

Elçin bir yazıçı kimi özünü altmışlardan yetmişlərə gedərək təsdiq etdi, səksənlərdən doxsanlara doğru Azərbaycan ədəbi-ictimai fikrinin klassiki olaraq böyük şöhrət qazandı... Keçən əsrin sonu, yeni əsrin əvvəllərindən isə onun yaradıcılıq fenomenologiyasını müəyyən edəcək ən uyğun ifadə budur: klassikin müasirliyi!..