Salam, Şuşa! Biz gəldik!

Səməd Vurğun- Şuşa!!!

525-ci Qəzet - Səməd Vurğun yaradıcılığı "Ədəbiyyat məcmuəsi"nin XI  cildində - Gülnar Səma yazır

Qoynuna girməyə qalmışdır bir az,
Könül fərəhlənib eylədi pərvaz.
Ölməyib görəydim seyrini hər yaz,
Səndə vardır başqa lətafət,Şuşa!

Dağlarından qopar havalı yellər,
Ah,o sərin yellər,səfalı yerlər.
Dağıdıb huşumu divanə eylər,
Vüsalın hər kəsə səadət,Şuşa!

Xırdaca-xırdaca yağışın yağar,
Çən-çisək içindən günəşin doğar,
Bir ağız bir bulaq suyunu içər,
Eyləyirsən yenə qiyamət,Şuşa!

Bir əcəb gülşəndir torpağın,daşın,
Dumanlı dağlardır həyat yoldaşın.
Bir ağrı gördümü ömründə başın,
Ey fitrən xəlq olmuş təbabət,Şuşa!

 

Məmməd -İSMAYIL-ŞUŞA


Doç. Dr. Mehmet İsmail'in Kitabı Rusya'da Yayınlandı



Mən susum, deyərsən qalanını sən
Gözlərindən axan yağışla, Şuşa.
Keçib, bir şairə yalanını sən
Bağışlaya bilsən, bağışla, Şuşa!

Allaha, dilinin duasına yox,
Haçansa verdyin sözə yenildin.
On – on beş erməni dığasına yox,
Tarixə saldığın izə yenildin.

Yenildin! Əlinə keçməz girəvə
Tarixin təkəri geri gedəndə.
Qafiyə olanda zirvəyə kirvə,
Kirvəni zirvəyə şərik edəndə…

Verdin əllərinlə düşmən əlinə,
Gələcək keçmişin izinə gəlir.
Qönçələr gül açır kimin dilinə,
Şuşada yaz kimin üzünə gəlir?

Bir ümid şamı var hər bir millətin.
Ölürsə o ümid, sönürsə o şam,
İnamın ayaqda qalması çətin…
Tale zirvəsində o şamdın, Şuşam.

Yenilmək Tanrıdan tərs şapalaqdı,
Baharı saralan kövşənə yazıq…
Bir xalqın başında Şuşa papaqdı,
Başından papağı düşənə yazıq…

Ucalmaq yeriymiş Şuşa, ucalmaq!..
Orda həsrət yerin, yer həsrətinmiş.
Eh hardan biləydim zirvədə qalmaq
Zirvəyə çıxmaqdan daha çətinmiş..

Ölümə gəl deyir həyatın “və”si
Nə həyat qanadı qırılmış quşa?!
Dağın zirvəsində dərdin zirvəsi,
Hər yandan görünən faciə- Şuşa!

Tanrım, bu nə keçmiş, nə gələcəkmiş,
Ona da ləkədi, buna da ləkə…
Yurdun sinəsində Şuşa ürəkmiş
Yaşaya bilərmi ürəksiz ölkə?!

 

Zəlimxan Yaqub-“BU GECƏ YUXUMA GİRMİŞDİ ŞUŞA”

BU GECƏ YUXUMA GİRMİŞDİ ŞUŞA" - P.S. NOTA

Bu gecə yuxuma girmişdi Şuşa,
Cabbar ağlayırdı, Xan ağlayırdı.

Dönmüşdü qanadı qırılmış quşa,
Qarabağ başabaş qan ağlayırdı.

Uzadıb əlini Bakıya sarı,
“Batdıqca günaha batın!”, deyirdi.
“Vətən xainləri, yurd satqınları,
Satın Qarabağı, satın!”, deyirdi.

Canında od vardı, istilənirdi,
Şuşanın dağları çəkirdi ahı.
Seyidin qəlyanı tüstülənirdi,
Zülfi oxuyurdu “Yetim segah”ı.

Bu gecə yuxuma girmişdi Şuşa,
Pənah xan qəzəbdən tir-tir əsirdi.
Şuşanı satanlar verib baş-başa,
Şəhərin üstündə qiymət kəsirdi.

Od tutub yanırdı Vaqifın goru,
Natəvan ah çəkib ağı deyirdi.
Usta toxunmuşdu hiylənin toru,
Hələ ki sözünü yağı deyirdi.

Vidadi Qazaxda qalxıb məzardan,
Gəlirdi Vaqifın qəbrinə sarı.
“Qurtarın, – deyirdi, – milləti dardan!”
“Qurtarın, – deyirdi, – bu torpaqları!”

Gözündə yaş gördüm, yanağında nəm,
Cıdır düzündəki “Xarı bülbül”ün.
Dərdin sinəsində dağlandı sinəm,
Didərgin olmuşdu yarı bülbülün.

Ocaq yerlərində qalanırdı kül,
İsa bulağından qan fışqırırdı.
Susmuşdu Üzeyir, susmuşdu Bülbül,
Düşmən “mənəm” deyib boğaz cırırdı.

Bu gecə yuxuma girmişdi Şuşa,
Cabbar ağlayırdı, Xan ağlayırdı.
Dönmüşdü qanadı qırılmış quşa,
Qarabağ başabaş qan ağlayırdı…
 

Ramiz QUSARÇAYLI- QAYTARIN,ŞUŞAMI,QAYTARIN MƏNƏ


Yurdun sinəsində Şuşa ürəkmiş.. - ŞEİRLƏR


Görünür qisasdan, döyüşdən keçib,
Tənədən,qınaqdan, söyüşdən keçib,
Diş dişə dirənib, iş işdən keçib
Qaytarın Şuşamı, qaytarın mənə…

Göylərin sirrini Yerdə örtməyin,
Günahı məsciddə,pirdə örtməyin,
Tökülən qanlara pərdə örtməyin
Qaytarın Şuşamı, qaytarın mənə…

Aram yox aranı pozanlılarla,
Yolum yox yolunu azanlılarla,
Başımı qatmayın Quzanlılarla,-
Qaytarın Ağdamı, qaytarın mənə…
Qaytarın Şuşamı, qaytarın mənə…

Xarı bülbülümü gülə qaytarın,
Sarı sünbülümü telə qaytarın,
Necə satılıbsa elə qaytarın,
Qaytarın Şuşamı, qaytarın mənə…

Çiçəksiz çəməni neynirəm axı,
Ürəksiz bədəni neynirəm axı,
Şuşasız Vətəni neynirəm axı,
Qaytarın Şuşamı, qaytarın mənə…

Nə qədər silahı yağlamaq olar,
Nə qədər səngərdə ağnamaq olar,
Nə qədər efirdə ağlamaq olar,
Qaytarın Şuşamı, qaytarın mənə…

Bir məzar yeri də qoy mənim olsun,
Bir şəhid köynəyi kəfənim olsun,
Andından dönənə and qənim olsun
Qaytarın Şuşamı, qaytarın mənə…

Orda bir papağın yeri göynəyir,
Orda bir bayrağın yeri göynəyir,
Orda bir Qələbə şeiri göynəyir,
Qaytarın Şuşamı, qaytarın mənə…
Necə bacarırsız elə qaytarın…
Qaytarın Şuşamı, qaytarın mənə…

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!