Mario Varqas Lyosanın “Seçilmiş əsərləri” ilk dəfə Azərbaycan dilində

Azərbaycan Dövlət Tərcümə Mərkəzi məşhur Peru yazıçısı, magik realizm cərəyanının aparıcı simalarından biri, Nobel mükafatı laureatı Mario Varqas Lyosanın “Seçilmiş əsərləri”ni nəşr edib.

Tərcümə Mərkəzindən  bildirilib ki, kitaba müəllifin Nobel nitqi, müsahibəsi, “Polomino Moleronu kim öldürüb” romanı, “Küçüklər”, “Döyüş”, “Kiçik qardaş”, “Müştəri”, “Başçılar”, “Bazar günü” adlı hekayələri daxil edilib.

Əsərlərin Azərbaycan dilinə tərcümə müəllifləri – Saday Budaqlı və Mahir N.Qarayev, redaktoru Nəriman Əbdülrəhmanlı və Aynurə Haqverdiyevadır.

Qeyd edək ki, dünya şöhrətli nasir, dramaturq, publisist, ictimai-siyasi xadim Mario Varqas Lyosa (1936) Perunun Arekipa şəhərində anadan olub. 1953–1958-ci illərdə San-Markos Universitetinin filologiya fakültəsində təhsil alıb. Bir müddət Madriddə, daha sonra Parisdə yaşayıb. 1958-ci ildə Nikaraqua şairi Ruben Darionun, 1971-ci ildə isə məşhur Kolumbiya yazıçısı Qabriel Qarsia Markesin yaradıcılığı üzrə yazdığı dissertasiya işlərinə görə doktorluq dərəcəsi alıb. 1975-ci ildə Beynəlxalq PEN-klubun prezidenti seçilib. “Şəhər və köpəklər” (1963), “Yaşıl ev” (1968), “Kilsədə söhbət” (1969), “Kapitan Pantaleon və xeyirxah xidmətlər bölüyü” (1973), “Palomino Moleronu kim öldürüb” (1986), “Odissey və Penelopa” (2007), “Ketlin yuxusu” (2010), “Sadə qəhrəman” (2014) kimi roman və pyeslərin müəllifidir. 2010-cu ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!