Elif Şəfəqə açıq məktub ...

 

Sizə çoxsaylı  azərbaycanlı oxucu auditoriyası adından mürəciət edirik.

    Dünən sizin rəsmi Tvitter səhifənizdə paylaşdığınız foto və erməni dostunuza təşəkkürünüzü böyük təəssüf hissiylə qarşıladıq. Bu paylaşımı nə üçün etdiyinizin səbəbini araşdırmaq istəmirik. Sadəcə, onu bildirmək istəyirik ki, bu hərəkətiniz əzəldən Azərbaycan torpağı olan Qarabağın aqressor ölkə Ermənistanın işğalından azad olunması uğrunda Vətən müharibəsi aparan Azərbaycanda böyük narazılıq və etiraz dalğası doğurmuşdur. Sizə onu da bildirmək istəyirik ki, Ermənistanın ölkəmizin dinc əhalisinə qarşı yönətdikləri raket zərbələri nəticəsində hər gün məsum uşaqların qanı tökülür, onlarla mülki şəxs qətlə yetirilir və yaralanır, minlərlə adam evindən məhrum olur. 

    Əgər siz hansısa səbəbə görə Qarabağ münaqişəsinin səbəblərini bilmək və öyrənmək istəmirsinizsə bu barədə biz yalnız təəssüflənə bilərik. Ümid edirik ki, sizin düşünülməmiş və məsuliyyətsiz paylaşımınızdan sonra, çoxsaylı haqlı şikayət və narazılıqları nəzərə alaraq siz Qarabağ münaqişəsinin kim tərəfindən başlandığını və nəyə gətirib çıxardığını öz erməni mənşəli məsləhətçilərinizin köməyi ilə yox, əsl tarixi faktlar və səndlər əsasında formalaşdıracaqsınız. İşinizi yüngülləşdirmək üçün sizə Azərbayacan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması və 1 mln qaçqınının acı taleyi barədə bir neçə link də göndərəcəyik.

   Yəqin ki, bu paylaşımınızı edərkən siz sülhpərvər məramınızı nümayiş etdirmək istəyirdiniz. Amma onu bildirmək istəyirik ki, əksinə olaraq, tamamilə başqa bir reaksiya doğurdunuz: nəticə olaraq minlərlə insanın əzəli torpaqlarını erməni işğalından qəhrəmancasına azad etmək, qaçqınları doğma ocaqlarına qaytarmaq, tarixi ədaləti dünyanın gözü qarşısında bərpa etmək arzusuna köklənmiş ən ülvi hisslərini təhqir etdiniz.

    Siz yazıçı və qadınsınız və anlamalısınız ki, sülhə çağırış edərək siz təkcə öz dostlarınızın gözündə yaxşı görünmək məqsədini güdməməli, həm də bu həssas zamanda hər gün, hər gecə düşmənin raket zərbələrinə məruz qalan Gəncənin, Tərtrərin, Ağdamın, Bərdənin, Mingəçevirin və Azərbaycanın digər şəhərlərinin yüzlərcə dinc sakininin, övladlarını və valideynlərini itirən, yaralanan və ev-eşiklərindən məhrum olan onlarla mülki vətəndaşın acı taleyi haqqında da düşünməlisiniz.  Azərbaycan xalqının hazırda apardığı Böyük Vətən Müharibəsi özünü türk hesab edən hər kəs üçün müqəddəs anlayışdır və biz təəssüf edirik ki, bu məsələdə siz özünüzü “sülhpərvər” kimi yox, məhz məsuliyyətsiz və qərəzli müşahidəçi kimi göstərdiniz.

  Ümid edirik ki, səhvinizi anlayıb ermənilər tərəfdən maliyyələşdirilən sosial şəbəkələrdəki digər ulduzlar kimi Azərbaycan xalqından üzr istəməyə özünüzdə qüvvə tapacaqsınız.

 

 

Xalq yazıçısı Anar

Xalq şairi Fikrət Qoca

Xalq yazıçısı Çingiz Abdullayev

Xalq şairi Nəriman Həsənzadə

Xalq yazıçısı Elçin

Xalq yazıçısı Kamal Abdulla

Xalq yazıçısı Afaq Məsud

Xalq şairi Ramiz Rövşən

Xalq şairi Vahid Əziz

Xalq yazıçısı Natiq Rəsulzadə

Xalq yazıçısı Elmira Axundova 

Yazıçı Günel Anarqızı

Şair-publisist Rəşad Məcid

Yazıçı İlqar Fəhmi

Şair-publisist Xəyal Rza

Tənqidçi, tərcüməçi İntiqam Qasımzadə

Şair Qulu Ağsəs

Şair-tərcüməçi Səlim Babullaoğlu

Tənqidçi, publisist Azər Turan

Yazıçı, tərcüməçi Vaqif Əlixanlı

Yazıçı Əjdər OL

Şair-publisist Mehmet Nuri Parmaksız

Yazıçı Prof.dr Nurullah Çetin

Yazıçı İlter Yeşilay