"Ədəbiyyat qəzeti"nin layihəsi "Sən olasan gülüstan"... Azərbaycanın bütövlüyü uğrunda can fəda edənlərə ithaf - Elşad Barat

Ömür Payı -Milli Qəhrəman Yusif Əliyevə ithaf

Yusif saat kimi oğlan idi. Dərslərinə vaxtında hazırlaşar, məktəbə vaxtında gedər, şagird dostları ilə görüşə tam vaxtında çatardı. Heç kim deyə bilməzdi ki, Yusif, sən filan yerə gecikmisən. Çünki gecikmək onun xarakterində yox idi. İşini bilirdi. Planlı yöndə hərəkət edirdi.

Bəzən Yusif insanları çaşdırırdı. Adamlar elə bilirdi ki, Yusif eyni anda iki yerdə ola bilir. Çünki məktəb tədbirlərində və ya kənddə başqa toplantı, uşaq oyunları olanda bütün uşaqlar bir yerə gedə bilirdi. Ancaq Yusif dərsini də danışır, oyuna da qatılırdı.

Heç vaxt kiminsə qəlbini qırmamışdı Yusif. Dostları onu mələk kimi qəbul edirdi. Yusifin ürəyi, sanki pambıqdan idi. Balaca qarışqanı da öldürməmişdi.

Yusif orta məktəbi də vaxtında bitirdi. Həm də əla qiymətlərlə. Bütün müəllimlər və şagirdlər onu sevirdi. Çünki hər şeyin yerini bilən, dəyərini hiss edən və vaxtında lazım olan addımı atmağı, sözü deməyi bacaran adam idi.

Bir gün Yusif yuxuda gördü ki, atəş açır, adam öldürür. Özü öz yuxusundan qorxdu. Heç vaxt bir qarışqa da öldürməyən adam indi adam öldürür? Öz yuxusuna çaş qalmışdı. Qalxıb ailəsinə, sonra dostlarına danışdı yuxunu. Onun yuxusu hər yerə yayıldı. Bütün kənd onun yuxusundan danışırdı.

İki gün sonra Yusifi müharibəyə apardılar. O, silahı sinəsinə elə basmışdı ki, sanki vətəni qucaqlamışdı, sanki illərin əsgəriydi. Zaman quş kimi uçub gedirdi. Yusifin yuxusu çin olmuşdu. Atəş açır, düşmən öldürürdü.

Ömründə bir qarışqaya qıymayan adam indi "uf" demədən düşmənin canını alırdı. Çünki söhbət onun torpağına göz dikməkdən, vətəndən gedirdi. Qızğın döyüşlərin ortasında Yusifi tutmaq olmurdu. Düşməni parçalayıb qanını içəcək qədər üzü dönmüşdü.

Müharibəyə də vaxtında getmişdi Yusif. Vaxtında nişan alır, vaxtında atəş açırdı.

Bir dəfə qızğın atışma zamanı Yusif və silahdaşları üç tərəfdən düşmən əsarətinə düşdülər. Gecəyə qədər vuruşdular. Sursatları bitmək üzrəydi. Qərargaha gedib sursat gətirmək üçün yalnız bir yol qalmışdı. Bu yol ölümün yarısı demək idi. Yusif qabağa çıxıb "sursata mən gedəcəm" - dedi və getdi. O, vaxtında yola çıxdı.

Səhərə yaxın xeyli silah-sursatla geri qayıdırdı. Bir dəqiqəsini də itkiyə verməmişdi. Yoldaşlarına az qalırdı çatmağa. Ancaq vaxtında çata bilmədi. Azğın düşmənin namərd gülləsinə tuş gəldi. İlk dəfə idi ki, Yusif gedəcəyi yerə gecikirdi. Bu, həm də ölümə tələsmək idi.

Dilindən çıxan son söz bu oldu: "Bağışla". Kimə dedi bu sözü? Onu gözləyən silahdaşlarına, evdə qoyub gəldiyi həyat yoldaşına, yoxsa vətənə? Hər kimə dedi, yalnız özü bilir. Biz isə dəqiq bilirik ki, Yusif son nəfəsinəcən vuruşdu, Vətən üçün, xalq üçün canından keçdi, şəhid oldu. Şəhidlik həm də öz ömrünü vətənə, millətə, sevdiklərinə pay verməkdir. Ömürdən pay vermək.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!