Akademik Kamal Abdullanın “Dədə Qorqud poetikasına giriş” kitabı Türkiyədə çap olunub

 

Xalq yazıçısı, akademik Kamal Abdullanın “Dədə Qorqud poetikasına giriş. Dansökülən variant” kitabı Türkiyədə çap olunub.

Məşhur “Ötüken” nəşriyyatında işıq üzü görən kitabın tərcüməçisi və “Ön söz”ün müəllifi Əli Duymazdır. Nəşriyyat kitabla bağlı yazdığı annotasiyada qeyd edib ki, Azərbaycanda və beynəlxalq aləmdə çox sayda mükafatlara layiq görülən Kamal Abdullanın “Gizli Dədə Qorqud”, “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox” kitabları bir çox ölkələrdə, o cümlədən Türkiyədə işıq üzü görüb.

Əli Duymaz isə yeni nəşri son dövrlərdə Azərbaycanda Dədə Qorqud araşdırmalarının ən ciddi müəllifi sayılan Kamal Abdullanın “Gizli Dədə Qorqud” seriyasından çap olunan “Gizli Dədə Qorqud”, “Sirr içində dastan və yaxud “Gizli Dədə Qorqud”, “Mifdən yazıya və ya Gizli Dədə Qorqud” kimi əsərlərinin davamı olmaqla yanaşı, tamamilə orijinal yaradıcılıq nümunəsi kimi xarakterizə edir: “Əsərin Azərbaycanda 2017-ci ildə çap olunan adı “Kitabi-Dədə Qorqud poetikasına giriş. Dansökülən variantı”dır. Yazıçı bundan əvvəl nəşr olunmuş kitablarından iki hissəni də bu əsərin axırına əlavə etmək ehtiyacı duyub. Əsərdə qədim mətnlər kontekstində Dədə Qorquda yeni yanaşmalar var və bu yanaşmalar “poetika” anlayışı çərçivəsində bütövlük qazanır. Əsərdə qədim bir mətn kimi “Dədə Qorqud kitabı” anaxronik mətn, estetik poetiklik, ilkin mif, mif dövrü, ibtidai sənətlərin və qədim mətnin formalaşması, birbaşa və məcazi məna sahələri kimi yeni termin və anlayışların orbitində qiymətləndirilir. “Dədə Qorqud kitabı” mifdən yazıya doğru müxtəlif tarixi və kulturoloji dövrlərin izlərini öz canında daşıyan və buna görə də anaxronik mətn kimi saf-çürük edilməkdədir. Kamal Abdulla bu tarixi dövrləri mərhələlər kimi götürərək onları kulturoloji və estetik keyfiyyətlərinə görə təhlil edir.

Kamal Abdullanın ən böyük zəhməti və əməyi “Kitabi-Dədə Qorqud”u universal səviyyədəki dünya dastanlarının arasına qatmaq, beynəlxalq miqyasda tanıtmaq və qəbul etdirmək cəhdidir. Bu kontekstdə semantika, semiotika, fəlsəfə kimi sahələrin metodlarına da tez-tez müraciət etməkdə, dünya ədəbiyyatının monumental əsərləri ilə Dədə Qorqudu müqayisə etməkdədir”, – deyə tərcüməçi kitaba yazdığı ön sözdə qeyd edir.

Əsərdə qədim mətnlərin poetik qatı ilə bağlı orijinal və yeni yanaşma təqdim edilir. Kitab müqəddimə, iki ayrıca hissə, ümumi nəticə, son söz və əlavələrdən ibarətdir.

Kamal Abdullanın bu fundamental tədqiqatı müasir türkologiyada dil abidələrinin müxtəlif rakurslardan öyrənilməsi işinə böyük töhfə olmaqla yanaşı, həm də türkologiyanın sərhədlərinin genişlənməsi üçün qiymətli mənbədir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!