Bir ulu eşq ilə - Vaqif Yusifli

"Dünya, səndən kimlər keçdi" silsiləsindən

Vaqif YUSİFLİ

Mən bu cahan mülkünə,

Təxti-Süleyman mülkünə,

Can içində can mülkünə

Ağlaya-gülə gəldim.

Mən "mən" olmaq istəmirdim,

Açıb-solmaq istəmirdim,

Bir də gəlmək istəmirdim,

Bir ulu eşq ilə gəldim!

Şaiq Vəlinin "Eşq və şərab" kitabı bu şeirlə başlayır. Bütün misraları irfan poeziyasının işığına bürünmüş  bu şeir Şaiq Vəlinin yaradıcılıqda özünəməxsusluğunu təsdiq edir. Şaiq Vəli Yunis İmrəni çox sevirdi, deyərdim ki, onun dəli-divanəsiydi. Rumini də oxumuşdu və təbii ki, bu ustadlar onun ruhuna çökmüşdülər. Şaiqin yaşıdlarının çoxu həyat, gerçəklik, günün reallıqları barədə şeirlər yazırdılar, o isə "bir ulu eşq ilə" yaşayırdı.Yazdığı şeirlər də bu eşqin bəhrələriydi.

İnsanın bir maddi, bir də mənəvi  həyatı olur. Şaiqin mənəvi dünyası şeirlərində açıq-aydın görünür.

Amma maddi həyatı…

O, 1950-ci il noyabrın 7-də Qazax rayonunun Aşağı Əskipara kəndində, bir kolxozçu ailəsində dünyaya gəlmişdi. Öz kəndlərində 8-ci sinfi bitirəndən sonra Qazax şəhərindəki  Kənd təsərrüfatı texnikumunda təhsilini davam etdirmişdi.Sonra Bakı, Sumqayıt, Rusiya həyatı - Bakıda Şin zavodunda,  Sumqayıt sənaye  müəssisələrində müxtəlif işlərdə çalışdı, amma maddi çətinliklər onun və ailəsinin başından əskik olmadı. Gedib Rusiyanın Omsk şəhərində fəhləlik etdi. Amma yenə Sumqayıta qayıtdı. Evlənmişdi, ancaq iki oğlunun faciəsi onu sarsıtdı. Bir oğlu orduda dünyasını dəyişdi, ikincisi avtomobil qəzasına düşdü. Nə gizlədək, yenə evləndi, iki oğlan uşağı da dünyaya gəldi, ölən oğlanlarının adını qoydu o uşaqlara. Yazıçılar Birliyində ev növbəsinə dayanmışdı, ölümündən sonra ailəsi mənzillə təmin olundu.

Mən bütün bunları yazmaya da bilərdim, amma Şaiqin axırıncı illəri gəlib durur gözlərimin qarşısında. Və yüz faiz əminəm ki, maddi həyatın ona bəxş elədiyi bu sarsıntılar 63 yaşına çatmamış bu istedadlı insanı xəstəliyin amansız caynağına atdı.

Şaiq Vəli Moskvada  Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsini qiyabi bitirmişdi və əsl ədəbiyyat adamı idi, rus poeziyasını da sevirdi, onunla söhbət edənlər xatırlayırlar ki, Şaiq Vəli Yunus İmrəni, Rumini, Qaracaoğlanı sevdiyi kimi, müasir rus şairlərini də mütaliə edirdi.

Vəfatından bir il sonra şair dostu Umud Rəhimoğlunun təşəbbüsü və köməyi ilə "Eşq və şərab" şeirlər kitabı çap olundu.

Niyə eşq, niyə şərab? Kitabı ölümündən öncə özü tərtib etmişdi. Təsəvvüfdə  eşq Allahın zatına aid bir gözəllikdir. Allahın sirri və təcəllisinin rəmzi də eşqdə gizlidir. Eşqin qaynağı Allahla bağlıdır, ancaq Allah sevilər.  İnsanın sevgisi Allahdan yaranmışdır. Allahı sevən eşq sonradan maddi varlığa, cisimdən ruha keçir.

Bəs şərab? Təsəvvüfdə şərab eşqi, məhəbbəti, şövqi təmsil edir. Şərab -kamal əhlinə məxsusdur. Adi içki deyil. Mənəvi şərabdır. Təbii ki, mənim təsəvvüfdən  oxuduqlarım və anladığım bu mətləblər Şaiq Vəliyə də tanış idi.  O da anladığı bu mətləbləri şeirə gətirirdi.

Könüldə eşq gül-gül

Bitər, bitər, bitər.

Candanda can - bülbül

Ötər, ötər, ötər.

Yazını yazan yazar,

Yazar, yazar, pozar…

Gül solar, bülbül susar-

Qədər, qədər, qədər.

Mey süz, saqi, bir içim,

Sirlər qapısını aç, sim-sim…

Can cananın, mən kim?!

Hədər, hədər, hədər.

Dünya bir yığnaqdır,

Ömürdür - bir sınaqdır…

Şaiq Vəli bir qonaqdır,

Gedər, gedər, gedər.…

Bu şeir müasir ürfan poeziyasının bir nümunəsidir və əlbəttə,  bəzi oxucular üçün çətinlik də yarada bilər ki, eşq gül,  mey, şərab anlayışlarını o qədər də dərk eləməsin.  Təsəvvüfdə olan bu obrazlar hamısı rəmzi xarakter daşıyır. Məsələn, klassik poeziyada mey içmək, şərab nuş eyləmək əksərən məcazi mənada işlənib. Sərxoşluq fiziki mənada alkoqolizmdir, amma irfanda tamam ayrı məna daşıyır, dünyadan zövq almaq, həyat gözəlliklərini duymaq, könüldə  eşqi coşdurmaq və həqiqət mərhələsini yaşamaqdır.

Bu şərab ki var, bəhanədir,

Mən qeybdən gələn gündən sərxoş!

Axan ulduzların işığından xumar,

Haqq dediyin təklikdir.…

Cahilinki fələklikdir,…

Mənimki aşiqlikdir,

Mən səndən sərxoş!

Sən nə dersən, fani Şaiq,

Dostların içsin çayı.…

Mən məndən ayıq,

Mən məndən sərxoş!

Şaiq Vəli yaradıcılığını təkcə irfana, təsəvvüfə bağlamaq istəmirəm. Onun şeirlərində müasir poeziyanın yenilikləri, novatorluq təşəbbüsləri də öz əksini tapır. Bu günün reallıqları da onun şeirlərindən əskik deyildi. Çalışırdı ki, mümkün qədər ənənəvi deyimlərdən, şablonlaşmış ifadələrdən, təşbihlərdən qaçsın və buna nail olurdu. Məsələn, "Sərhəddə düşüncələr" şeiri Vətən haqqında yazılan ən gözəl şeirlərdən biridir desəm, -yanılmaram. Budur, şair sərhəd qarşısında. Nə deyir, nə düşünür? "Ağ, beton dirəklər nəyə lazımmış Qollarım bir sərhəd dirəyi ikən?!". Şeirin sonrakı bəndlərinə diqqət yetirin:

Vətən sərhədinə sığışsaq da biz,

Vətən sərhədlərə sığışan deyil.

Alış, arzuların qarış qoruna,

Ürəyim, bu odu saxla, Vətəndir.

Baxıram həsrətin gündoğanına,

Yönü bəri baxan dağlar Vətəndir.

Könlümün sevinci, qəmi bu torpaq,

Nadanlar dünyanın hayına düşüb.

Babəkin qolları kimi bu torpaq

Kəsilib…hərəsi bir yana düşüb.

Böyükdür könlümün özütək səbri,

Harda qəm dadmışam, gör harda nəşə.

Bir parça Vətəndir Füzuli qəbri,

Bir parça Vətənçün qəribsəmişəm.

Görün, "anamın ağ saçları"nda necə gözəl bənzətmələr var. Mən anaların ağ saçlarına həsr edilən çox şeirlər oxumuşam, amma Şaiq Vəlinin şeiri qədər mənə təsir edən şeir olmayıb. Görün ananın ağaran saçları nəyə qiyas edilir: "Ağ-ağ şeirlərimin Ağrı çəkən bəyaz misraları… Bir gəlin vəfasından Sevgili ər qəbrinəcən Uzanan ağ cığırlar…Qönçə-qönçə günlərimin, Ay çıxanı, dan ağaranı" Və nəhayət: "Ağ saçlar - ağ yaylığım, Bir ağüzlü göndərimmi Dolsun işıqlarla bir qız ürəyi?"

Şaiq Vəlinin şeirləri barədə çox təəssüf edirəm ki, nə mən, nə də həmkarlarım onun sağlığında tutarlı bir söz demədik. Amma indi belə çıxmasın ki, Əli Kərim demişkən: "Bəzən haqq qazanır İnsan öləndə". Onun şeirlərini oxuyurdum, özünü dinləyirdim, amma bu şeirlərin təsirindən, onların məndə oyatdığı poetik nəşədən ayıla bilmirdim.

Şaiqin sevgi şeirləri də bənzərsizliyilə seçilirdi. "Bu yaz qorxa-qorxa yaşayıram mən, Səni qorxa-qorxa sevirəm bu yaz"- Ardına baxın:

Məndən yan ötüb keçmədi buy az-

Evimə yol salıb qarışqalar-

Sünbül dəninə oxşayıram mən,

Tale var, haqq var - baş əyirəm mən.

Nərgiz gözlərindən, qara saçlardan

Mən yazıq gözümü harda gizlədim?

Mən yazıq özümü harda gizlədim

Evimə yol açan qarışqalardan?

Şaiq Sumqayıtın o zamankı  zavod tüstülərindən usanıb eləmirdi, Vətən hər yerdə Vətəndir deyirdi, amma könlü dağlarda idi. "Dünya nur içində, işıq içində; Çaylar Ay işığı axıdır bu gecə. Dünya Aylı yuxudur bu gecə, Gözəldir hər şeydən Ay işığında Göyərən toxum, açılan lalə. Xoşbəxtdir bu gecə öpüşən çiçək!"

Şaiq Vəli çox şairlərin ömrünün qırıldığı 63 yaşında dünyadan köçdü. Nə etmək? Onu unutmamaq, belə bir istedadlı şairin şeirlərini yaymaq, təbliğ eləmək. Bununla xatirəsi xoş olar bəlkə...