Tiflisdə Nəriman Nərimanovun yubileyi qeyd olunub

 

İyulun 31-də Tiflisdə görkəmli ictimai xadim, müəllim, həkim, dramaturq Nəriman Nərimanovun anadan olmasının 150 illiyi qeyd edilib.

Tədbir Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi, Nəriman Nərimanovun Xatirə Muzeyi və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyinin birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbir iştirakçıları əvvəlcə N.Nərimanovun Marneulidəki abidəsini ziyarət edib, gül dəstələri düzüblər.

Sonra yubiley tədbiri Tbilisidəki Nəriman Nərimanovun Xatirə Muzeyində davam etdirilib.

İnteqrasiya mərkəzinin icraçı direktoru Aygül İsayeva çıxış edərək görkəmli ictimai xadim və yazıçı Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev müvafiq Sərəncamının əhəmiyyətini qeyd edib.

Böyük ədibin həyat və yaradıcılığından danışan A.İsayeva deyib ki, N.Nərimanov Azərbaycan və gürcü xalqlarının dostluq simvoludur.

Sonra N.Nərimanovun yaradıcılığının ayrı-ayrı sahələri barədə məlumat verilib.

Gənclər və tələbələr böyük ədibin əsərlərindən parçalar söyləyiblər./Azərtac/