Birpərdəli pyes müsabiqəsi elan edilib

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan UNESCO Klubları Assosiasiyası, Səbail Rayon İcra Hakimiyyəti, “ASAN Könüllüləri” Təşkilatı və “Azərbaycan” jurnalının birgə təşkilatçılığı ilə koronavirus pandemiyası ilə mübarizə mövzusunda “Biz birlikdə güclüyük” adlı birpərdəli pyes müsabiqəsi elan edilib.

Pandemiyanın yaratdığı bəşəri problemləri, dünyada və ölkəmizdə bu epidemiyaya qarşı aparılan mübarizəni sənətin mövzusuna çevirmək məqsədilə keçirilən müsabiqənin əsas şərti virusla mübarizə günlərinin ab-havasını, bu zaman baş verənlərin ümumilikdə ölkənin sosial, ictimai həyatına təsirini, ayrı-ayrı insan talelərində əksini ifadə etməkdir. Müsabiqəyə daha əvvəl heç bir yerdə çap olunmayan, internet resurslarda yayımlanmayan və səhnələşdirilməyən pyeslər qəbul olunur.

Yaşı 35-dək olan müəlliflər arasında keçirilən müsabiqənin mətn həcmində də məhdudiyyət var. Materialın həcmi kompüter yazısında 40 min işarəni keçməməlidir.

Müəlliflər pyeslərini iyul ayının 31-dək Gənc Tamaşaçılar Teatrının elektron ünvanına ([email protected]) göndərə bilər.

Qeyd edək ki, təqdim olunan əsərlər teatrın təşkil etdiyi münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qalib elan olunacaq pyesə Gənc Tamaşaçılar Teatrının səhnəsində quruluş veriləcək. Həmçinin pyes “Azərbaycan” jurnalında dərc olunacaq. /Azərtac/