Əbdürrəhim bəy Haqverdiyevin İndoneziya dilinə tərcümə edilən hekayələri yerli kitabxanalara təqdim olunub

 

Azərbaycanın İndoneziyadakı səfirliyinin təşəbbüsü ilə Prezident İlham Əliyevin Azərbaycan rеalist ədəbiyyatının görkəmli nümayəndələrindən biri Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illik yubileyinin geniş şəkildə keçirilməsi haqqında Sərəncamına uyğun olaraq ədibin bir sıra əsərləri yerli dilə tərcümə edilib.

Həmin hekayələrin tərcüməsi Azərbaycan Prezidentinin 2020-ci ilin “Könüllülər ili” elan edilməsi çərçivəsində İndoneziyada təhsil alan azərbaycanlı tələbələrimiz tərəfindən həyata keçirilib.

Ədibin həyat və yaradıcılığı haqqında səfirliyin hazırladığı məlumatın, həmçinin Əbdürrəhim bəy Haqverdiyevin “Ovçu Qasım”, “Hacı Leylək”, “Sərçə”, “Sarı toyuq” kimi hekayələrinin daxil edildiyi toplu İndoneziya Milli Kitabxanasına (İMK), habelə bu ölkədə mövcud olan nüfuzlu universitetlərin onlayn kitabxanalarına təqdim olunub. Bununla yanaşı, İMK-nin “Instagram” və “Facebook” səhifələrində hər bir hekayə kiçik illüstrativ videolar şəklində hazırlanaraq ayrı-ayrılıqda oxucuların istifadəsinə verilib. O cümlədən, hekayələrin İslam Əməkdaşlıq Təşkilatının İndoneziya üzrə gənclər təşkilatının “Facebook” səhifəsində də yayılmasına nail olunub. Sözügedən hekayələrə “Google” axtarış bazası (cerpen abdurrahimbey hagverdiyev) vasitəsilə də keçid edilə bilər.

Tərcümələrin İndoneziyanın digər onlayn kitabxanalarında yerləşdirilməsi işi il ərzində davam etdiriləcək. /Azərtac/


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!