“Vikipediya”da Əli bəy Hüseynzadənin övladları haqqında məqalələr yaradılıb

 

Edebiyyatqazeti.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” könüllüləri XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri olan  Əli bəy Hüseynzadənin övladları Səlim Turan və Feyzavər Turan haqqında məqalələr yaradıblar.

Mərkəzi Elmi Kitabxanadan bildirilib ki, Səlim Turan haqqında məqalədə onun heykəltəraş, Türkiyədə nonfiqurativ rəsmin banisi, abstraksionizmin dünyada tanınmış nümayəndəsi olduğu bildirilir, rəssamın həyat və fəaliyyəti, əsərləri barədə məlumat verilir.

Feyzavər Turan haqqında məqalədə qeyd olunur ki, o, atasının irsinin qorunub saxlanılması üçün 2017-ci ildə Əli bəy Hüseynzadəyə məxsus 37 təsviri sənət əsərini, 48 fotoşəkli, 53 şəxsi əşyanı, 22 orden, medal və nişanları, eləcə də ipək üzərində çap olunmuş “Həyat” qəzetini Azərbaycan hökumətinə hədiyyə edib. Bunların bir qismi Azərbaycana gətirilib və bərpa edilib. Əsərlər hazırda İstiqlal Muzeyində qorunub saxlanılır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!