ABŞ-ın prestijli “The Pulitzer Prizes” mükafatının sahibi yenidən Kolson Uaytxed oldu

 

Edebiyyatqazeti.az rus KİV-lərinə istinadən xəbər verir ki, 2020-ci il üçün ABŞ-ın prestijli “The Pulitzer Prizes” mükafatının laureatları bəlli olub.

Qeyd edək ki, bu mükafat ildə bir dəfə jurnalistika, musiqi, ədəbiyyat sahəsində qələmi ilə fərqlənən müəlliflərə təqdim olunur.

Bu il ədəbiyyat üzrə “The Pulitzer Prizes mükafatını 50 yaşlı Kolson Uaytxed “Nikel oğlanlar” bədii əsərinə görə alıb. Əsərdə Floridanın yetkinlik yaşına çatmamış cinayətkarlar üçün nəzərdə tutulmuş koloniyasında olan iki qaradərili oğlandan söhbət açılır. Onların həyat hekayətləri əsərdə öz əksini tapıb. Bildirək ki,  K. Uaytxed 2017-ci ildə də “Yeraltı dəmir yolu” romanına görə bu mükafata layiq görülmüşdü.

Poetik əsərlər nominasiyası üzrə Djeriko Braun “Ənənə” şeir toplusuna görə mükafata layiq görülüb. 44 yaşlı şairin eksperimental şeir nümunələri incə lirizminə və aktual problematikaya həsr olunduğuna görə seçilib.

Arayış

“The Pulitzer Prizes” ilk dəfə 1917-ci ildə təqdim olunub.

Musiqi, ədəbiyyat sahəsində yalnız ABŞ vətəndaşları mükafata sahiblənə bilərlər. Amma jurnalistika sahəsində isə ABŞ mətbuatında yayımlanan istənilən ölkənin vətəndaşı mükafata layiq görülə bilər.

Xəbəri rus dilindən tərcümə etdi: Günel Eyvazlı

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!