Hüseyn Cavidin ev-muzeyi “Topal Teymur” əsərini yenidən nəşrə hazırlayır

 

Edebiyyatqazeti.az xəbər verir ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Hüseyn Cavidin “Topal Teymur” dram əsərinin yazılmasından 95 il ötür. Bu münasibətlə AMEA Hüseyn Cavidin ev-muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının sədrliyi ilə muzey əməkdaşlarının onlayn elmi sessiyası keçirilib. 

Elmi sessiyada “Topal Teymur” əsərinin yenidən nəşrə hazırlanması və ingilis dilinə tərcüməsi vəziyyəti müzakirə edilib.

Əsərin milli-mənəvi, tarixi və bədii əhəmiyyətindən bəhs edən direktor Gülbəniz Babaxanlı dramaturqun yaradıcılığında ümumbəşəri səciyyənin yeri və rolundan, o cümlədən “Topal Teymur” dramının aktuallığını şərtləndirən amillərdən danışıb. O, əsərin tərcümə və təkrar nəşrə hazırlanması işinin bundan sonra da əlaqələndirilmiş şəkildə davam etdirilməsinin vacibliyini qeyd edib.

Tədbirdə digər çıxış edənlər - muzeyin elmi katibi İlahə Novruzova, habelə Cəmilə Rzayeva, Lalə Əliyeva və Aytən Cəfərova da bu istiqamətdə görülmüş işlər barədə məlumat veriblər. Bildirilib ki, “Topal Teymur” əsərinin son 95 ildə nəşr və səhnələşdirilmə tarixinin, elmi-nəzəri və ədəbi-bədii tədqiqatlara cəlb olunmasının, tərcümə və təbliğinin xronologiyasının verildiyi ədəbi-tarixi xronika da hazırlanıb.