Hüseyn Cavidin ev-muzeyi fəaliyyətini onlayn rejimdə uğurla davam etdirir

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 14 mart tarixli qərarına əsasən respublikanın bütün elmi-tədqiqat müəssisələri, o cümlədən AMEA Hüseyn Cavidin ev-muzeyi fəaliyyətini dayandırıb. Hazırda muzey cari il üçün elmi-tədqiqat planında nəzərdə tutulmuş işlərin qismən həyata keçirilməsi məqsədilə fəaliyyətini onlayn rejimdə davam etdirir. Bu barədə AMEA-dan məlumat verilib. Muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı bildirib ki, qurumun www.huseyncavid.az  rəsmi internet saytı ziyarətçiləri qəbul edir. Dolğun informasiya ilə zəngin platformada muzey haqqında geniş məlumat əldə etmək, “virtual muzey” pəncərəsindən burada saxlanılan eksponatlarla tanış olmaq mümkündür. Cavid yaradıcılığı ilə məşğul olan alimlərə elektron sorğu vasitəsilə muzeyin nəşrlərinin elektron variantı təqdim edilir.

“Hüseyn Cavid yaradıcılığının sosial şəbəkələr üzərindən təbliği yüksək səviyyədə həyata keçirilir”, – deyən G.Babaxanlı bildirib ki, muzeyin rəsmi “Facebook” səhifəsində videoçarxlar, ədibin burada saxlanılan fotoşəkillərinin tarixçəsi, H.Cavidin əsərlərindən parçalar nümayiş olunur. Həmçinin rəhbərliyin tərtib etdiyi növbətçilik qrafiki üzrə əməkdaşlar muzeyə ünvanlanan sualları cavablandırıblar. Muzeyin əməkdaşları karantin müddətində Hüseyn Cavid və Cavidlər irsinin toplanması, təbliği və tədqiqi sahəsində elmi işlərini davam etdirirlər. Belə ki, “Cavidşünaslıq” araşdırmalar toplusunun 20-30-cu cildləri üzərində iş aparılır. Çoxcildli “Cavidşünaslıq” araşdırmalar toplusunun 1 cildi ingilisdilli məqalələrdən ibarət olacaq.

G.Babaxanlı “Azərbaycan ədəbi fikri və Hüseyn Cavid” monoqrafiyasının 3-cü cildi üzərində işləri davam etdirdiyini də diqqətə çatdırıb. Bildirib ki, bu il Hüseyn Cavidin “Knyaz” əsərinin yazılmasının 90, “Uçurum” əsərinin yazılmasının 100 ilinin tamam olması münasibətilə həmin əsərlər yenidən nəşrə hazırlanır. Eyni zamanda, “Xəyyam” və “Şəhla” əsərlərinin ərsəyə gəlməsinin 85 illiyi münasibətilə muzeyin əməkdaşları tərəfindən bu əsərlər haqqında ədəbi-tarixi xronika tərtib olunur. Bununla yanaşı, “Topal Teymur” dramının yazılmasının 95 illiyi münasibətilə əsər hazırda ingilis dilinə tərcümə olunur və mövcud vəziyyət bitdikdən sonra nəşrə təqdim ediləcək.

Sonda muzeyin rəhbəri qeyd edib ki, Hüseyn Cavidin ev-muzeyi sosial təcrid çağırışına qoşularaq “Evdə qal və Hüseyn Cavidin əsərlərini oxu” devizi ilə çıxış edir.