Əlyazmalar İnstitutunda Aşıq Qurbani dastanının yeni nüsxəsi araşdırılır

 

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun kollektivi sosial təcrid və xüsusi karantin rejimində elmi fəaliyyətini davam etdirir.

İnstitutdan bildirilib ki, elmi müəssisə #evdə qal // işdən qalma rubrikası adı altında əməkdaşlarının fəaliyyətini təqdim edir. İnstitutun alimləri tədqiqat işlərinin nəticələrini nüfuzlu elmi jurnallara, müxtəlif elmi məcmuələrə təqdim edirlər. Bu nəşrlərin sırasında Əlyazmalar İnstitutunun mətbu orqanları (“Əlyazmalar yanmır”, “Elmi əsərlər”, “Filologiya məsələləri” jurnalları) da var.

Karantin dövründə çapa tövsiyə edilən məqalələrdən biri elmi müəssisənin direktoru, akademik Teymur Kərimli və elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimovun hazırladıqları və “Əlyazmalar yanmır” jurnalına təqdim etdikləri “Qurbani” dastanının İstanbul çapı...” başlıqlı məqalədir. Məqalə ingilis dilində dərc olunması üçün institutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanova tərəfindən tərcümə edilir.

Məqalədə qeyd olunur ki, Qurbani XV əsrin ikinci yarısı - XVI əsrin əvvəllərində yaşayıb, Şah İsmayıl Xətainin sarayına yaxın olub (Qurbaninin Səfəvilər sarayında yaşaması barədə fikir heç bir sənəddə təsdiqini tapmır). Ustad aşığın əsərlərinin bir çoxu əlimizə çatmayıb, şifahi xalq ədəbiyyatı janrlarında yazdığı şeirləri, qoşma və gəraylıları onu qüdrətli lirik şair kimi səciyyələndirməyə imkan verir. Qurbani sadə, axıcı dillə yazılmış lirik şeirlərlə yanaşı, ictimai məzmunlu, dövrünün haqsızlıqlarını tənqid edən əsərlər də yazıb.

Vurğulanıb ki, tədqiqatçılar “Qurbani” dastanının üç versiya təşkil edən on variantı olduğunu göstərirlər. Şərti olaraq Gəncə, Diri və Zərgan versiyaları nəzərdən keçirilir. Bu yaxınlarda dastanın Berlin Dövlət Kitabxanasından əldə edilmiş çap nüsxəsinin surəti göstərir ki, əsərin Anadoluda yayılıb qələmə alınan versiyası da mövcuddur. Kitabxanada Or.265545 şifri altında saxlanan “Aşıq Qurbani” adı ilə 1880-ci ildə İstanbulda çap edilmiş, 40 səhifədən ibarət bu nüsxə bir neçə baxımdan diqqəti cəlb edir. Sovet dövründə Şimali Azərbaycanda toplanan variantlardan fərqli olaraq bu nüsxə daha əvvəl yazıya alınmış və deməli, burada müxtəlif aşıqların əlavələri daha azdır. Nüsxənin mətnindəki süjet xəttində, bəzi əhvalatlarda, əsas qəhrəmanların adında, buraya daxil edilmiş şeir parçalarında müəyyən fərqlər var ki, bunlar da onu ayrıca bir versiya kimi nəzərdən keçirməyə imkan verir.

Surətini yeni əldə etdiyimiz, 1880-ci ildə İstanbulda çap edilmiş “Aşıq Qurbani” dastanı sübut edir ki, Dirili Aşıq Qurbani ilə bağlı olan dastanın şöhrəti vaxtilə Azərbaycanın hüdudlarından kənarlara da yayılmışdı. İndiyədək bizə məlum olan versiyalarla müqayisədə bu nüsxənin ətraflı araşdırılması dastanın, ümumiyyətlə, dastançılıq ənənələrimizin tədqiqinə töhfə verə bilər.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!