Milli Kitabxanada Nəriman Nərimanovun 150 illik yubileyi ilə bağlı elektron məlumat bazası hazırlanıb

 

M.F.Axundzadə adına Milli Kitabxanada Nəriman Nərimanovun 150 illik yubileyi ilə bağlı “İctimai-siyasi xadim, yazıçı, publisist Nəriman Nərimanov-150” adlı

(http://anl.az/el/emb/N.Nerimanov/index.html) elektron məlumat bazası istifadəçilərə virtual rejimdə təqdim edilib.

Təqdim olunan bazada rəsmi sənədlər, görkəmli ədibin həyat və yaradıcılığı, müdrik fikirləri, əsərləri haqqında yazılan kitab və məqalələr, ədibin xatirəsinin əbədiləşdirilməsi haqqında sənədlər, filmoqrafiyası, fotoqalereya və videoqalereya yer alıb.

Hazırda kitabxananın əməkdaşları tərəfindən virtual rejimdə istifadəyə verilən “İctimai-siyasi xadim, yazıçı, publisist Nəriman Nərimanov-150” adlı Elektron məlumat bazası istifadəçilər üçün olduqca böyük əhəmiyyət kəsb edəcək. Elektron məlumat bazası geniş istifadəçi kütləsinin görkəmli ədibin yaradıcılığı ilə bağlı müxtəlif sənədlərlə yaxından tanış olmasına, bu resurslardan rahat istifadə etməsinə imkan yaradacaq.

Qeyd edək ki, ədəbiyyat tariximizdə müstəsna xidmətləri olan görkəmli ədib, ictimai-siyasi xadim Nəriman Nərimanovun 150 illik yubileyi ilə bağlı müxtəlif tədbirlərin təşkili də planlaşdırılıb. /Azərtac/