Qənirə Paşayeva Beynəlxalq Mahmud Kaşğari mükafatı ilə təltif olunub

 

Mahmud Kaşğari adına Beynəlxalq Fondun Mükafat Komissiyası Türk-İslam mədəniyyəti qarşısında göstərdiyi böyük xidmətlərə görə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanı Beynəlxalq Mahmud Kaşğari mükafatı ilə təltif edib.

2006-cı ildə Mahmud Kaşğari adına Beynəlxalq Fond tərəfindən təsis edilmiş Beynəlxaq Mahmud Kaşğari mükafatı Türk-İslam mədəniyyəti qarşısında xüsusi xidmətlərə görə beynəlxalq komissiya tərəfindən verilir. Komissiyanın sədri görkəmli Qazaxıstan yazıçısı, akademik Sabit Dosanovdur.

Mükafatı alanlar sırasında Türkiyənin 9-cu Prezidenti Suleyman Dəmirəl, görkəmli şair Oljas Süleymenov, akademik Abel Məhərrəmov, akademik İsa Həbibbəyli, akademik Muxtar İmanov, akademik Teymur Kərimli, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, professor Namik Kamal Zeybek, Türk Ədəbiyyatı Vəqfinin rəhbəri Serhat Kabaklı, akademik Sabit Dosanov, rus filosofu Aleksandr Duqin, Xalq yazıçısı Çingiz Abdullayev, Qazaxıstan Yazıçılar Birliyinin sədri, şair Uluqbek Esdoulet, Qırğızıstanın Xalq şairi Mark Abay Aamatov, Xalq şairi Sabir Rüstəmxanlı, şair Rüstəm Behrudi və digər məşhur şəxslər var. Mahmud Kaşğari adına Beynəlxalq Fond Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev, Arif Əmrahoğlu və Elxan Zal Qaraxanlı tərəfindən təsis edilib. /Azərtac/