"Metakədər" kitabı təqdim olundu

 

Edebiyyatqazeti.az xəbər verir ki, martın 12-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda gənc yazar Nargisin "Metakədər" kitabı təqdim olunub.

Tədbiri giriş sözü ilə açan yazıçı, jurnalist, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid bildirib ki, gənc yazarın yaradıcılığı ilə yaxından tanışdır. Nargis daim mətbuatda maraqlı və yaddaqalan yazılarla çıxış edir.

Tədbiri davam etdirən şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi Nargisin yaradıcılığında elm və bədiiliyin vəhdətindən genişsəpkili söhbət açaraq qeyd etdi ki, gənc yazarın yazıları davamlı olaraq  "Ədəbiyyat qəzeti" vasitəsilə cəmiyyətə təqdim olunur. Və o, artıq imzasını təsdiqləyən gənclərdəndir.

Azərbaycan Dillər Universitetinin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla gənc yazarın fərdi üsluba malik olduğunu təqdir etdi.

"Ədəbiyyat qəzeti"nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru  Azər Turan  Nargisin yaradıcılığından bəhs edərək qeyd etdi ki, kitaba müəllifin 2016-2020-ci illərdə "Ədəbiyyat qəzeti"ndə çap olunmuş silsilə yazıları daxil edilib. Nargis xanım həm də bu esselərinə görə  Azərbaycan Yazıçılar Birliyinin və "Ədəbiyyat qəzeti"nin birgə təsis etdiyi Əli bəy Hüseynzadə mükafatına layiq görülüb. Azər Turan çıxışında Nargisin hər həftə qəzetə yazdığı esse və məqalələrin rezonansa səbəb olduğunu vurğulayıb: "Nargis xırda esse və yazılarında elə dərin mətləblərə toxunur ki, bəzən başqasının bir kitabda deyə bilmədiklərini deyir. Bu esselərində Nargis Kamal Abdulla məktəbini təmsil edir və məncə, o, bu məktəbin ən parlaq nümayəndəsidir".

Professor Gülər Abdullabəyova, yazıçı Varis Yolçuyev, İntiqam Yaşar, İbrahim Yusifoğlu, Qəşəm Nəcəfzadə, Zaur Ustac, Esmira Günəş, Aləm Kəngərli, Nuranə Nur çıxış edərək kitab barəsində fikirlərini bölüşdülər.

Yazara "Ziyadar" mükafatı təqdim olunub.

Sonda Nargis çıxış edərək kitabdan "Metakədər" adlı yazısını səsləndirdi, göstərilən diqqətə görə minnətdarlıq etdi.

Xəbər verdiyimiz kimi, kitab "Mücrü" nəşriyyatının "Proza" seriyasında nəşr edilib. Redaktoru filologiya elmləri doktoru Elnarə Akimova, ön sözün müəllifi "Ədəbiyyat qəzeti"nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, naşiri Müşfiq Xandır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!