Məmməd Səid Ordubadinin Azərbaycan tarixi haqqında yazdığı məqalələr nəşr olunub

 

Edebiyyatqazeti.az xəbər verir ki, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ədəbiyyatımızda tarixi roman janrının banisi Məmməd Səid Ordubadinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundakı şəxsi arxivində saxlanılan Azərbaycan tarixinə dair məqalələri kitab şəklində nəşr olunub.

Əlyazmalar İnstitutundan bildirilib ki, kitabda Məmməd Səid Ordubadinin avtoqraf nüsxələri əsasında Azərbaycan və İran tarixi, məşhur şəxsiyyətlər və dövlət adamlarına dair yazdığı məqalələr təqdim olunub. Ədibin qədim Midiya dövləti, Təbriz şəhəri, İran inqilabı və Qara Məlik, Qaradağlı Camal, Səttar xan, Molla Pənah Vaqif, Şəmsəddin Təbrizi kimi tarixi şəxsiyyətlər haqqında dəyərli araşdırmaları yer alıb.

Məqalələri ərəb əlifbasından transfoneliterasiya edib nəşrə hazırlayan, tərtib edən və “Ön söz”ün müəllifi institutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Nailə Səmədovadır. Nəşrin elmi redaktoru tarix üzrə elmlər doktoru, professor Şahin Fazil, rəyçiləri Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Kamandar Şərifli və tarix üzrə elmlər doktoru Məryəm Seyidbəylidir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!