Xalq şairi Zəlimxan Yaqubun 70 illik yubileyi qeyd edilib

 

Edebiyyatqazeti.az xəbər verir ki, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialında tanınmış ictimai xadim, Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 70 illiyi münasibətilə tədbir keçirilib.

Ədəbiyyat Muzeyindən bildirilib ki, tədbiri açan filialın müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı əsərlərində xalqımıza məxsus mənəvi dəyərləri, folklor ənənələrini qoruyub saxlayan şairin yaradıcılığından bəhs edib. Bildirib ki, Zəlimxan Yaqub təkcə Azərbaycanın deyil, bütün türk dünyasının sevilən şairi idi.

Sonra Zəlimxan Yaqubun həyat və yaradıcılığını əks etdirən qısa sənədli film nümayiş olunub.

Tədbirdə Karrar qəsəbəsi tam orta məktəbin dil-ədəbiyyat müəllimi Şəfəq Ağayeva “Zəlimxan Yaqub və xalq yaradıcılığı” mövzusunda məruzə ilə çıxış edərək, şairin mənəvi xəzinəmizə bəxş etdiyi poeziya incilərindən söz açıb. Qeyd edib ki, xalqın mübarizə ruhunun, milli təəssübkeşlik və vətənpərvərlik hisslərinin ictimai-estetik düşüncəyə uyğun bədii-emosional ifadəsi Zəlimxan Yaqubun əsərlərini səciyyələndirən əsas amillərdəndir.

Daha sonra muzeyin əməkdaşı Tofiq Abdullayev, yazıçı-publisist Əlisəfa Azayev, Ağaməhəmməd Hacıyev Azərbaycan poeziyasında xüsusi yeri olan Zəlimxan Yaqub haqqında xatirələrini bölüşüblər.

Sonda şairin poeziyasından nümunələr səsləndirilib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!