Yaponiyalı alim Əlyazmalar İnstitutunda tədqiqat aparır

 

Yaponiyanın Ryukoku Universitetinin tarix kafedrasının elmi işçisi Şinya Şionozaki Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq Mirzə Fətəli Axundzadənin yaradıcılığını tədqiq etmək məqsədilə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna ezam olunub.

İnstitutdan bildirilib ki, tədqiqatçı elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov və beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanova ilə birgə M.F.Axundzadə yaradıcılığı ilə bağlı əlyazma materialları və əski çap kitabları ilə tanış olub.

Yaponiyalı alim iki həftə ərzində görkəmli dramaturqun AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan şəxsi arxivi ilə də yaxından tanış olacaq.

Xatırladaq ki, Ryukoku Universitetinin alimləri bundan əvvəl də Əlyazmalar İnstitutunda tədqiqat aparıblar.