Özbək alimləri Bakıda Əlişir Nəvaiyə həsr olunacaq tədbirdə iştirak edəcəklər

 

Böyük özbək şairi Əlişir Nəvainin Bakıda keçiriləcək 579 illiyi ilə bağlı Daşkənddəki Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetinin (ÖDƏU) rektoru, professor Şuxrat Siracəddinovun rəhbərliyi ilə bir qrup özbək alimi Azərbaycana yola düşüb.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Özbəkistanın Azərbaycandakı səfirliyi və ÖDƏİ-nin təşkilatçılığı ilə keçiriləcək beynəlxalq konfransa gedən nümayəndə heyətinə Özbəkistan Yazıçılar İttifaqı sədrinin birinci müavini Nadir Xalbutayev, professorlar Nurbay Cabbarov, Bakijon Tuxliyev və digər alimlər daxildir.

Konfransdan əlavə Azərbaycan və özbək alimlərinin ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur.

Tədbirdə “Əlişir Nəvai və Azərbaycan”, “Əlişir Nəvai və türk ədəbiyyatı”, “Əlişir Nəvainin yaradıcılığı və müasir özbək şeiri”, “Əlişir Nəvai və dil saflığı məsələləri”, “Əlişir Nəvainin lirikası”, Əlişir Nəvai qəzəllərinin ictimai-fəlsəfi mahiyyəti” və digər mövzularda məruzələr dinləniləcək. /Azərtac/