“Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının növbəti sayı çap olunub

 

Edebiyyatqazeti.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Müqayisəli ədəbiyyatşünaslıq” Beynəlxalq elmi jurnalının  növbəti (№2, 2019) sayı nəşr olunub. Toplu Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən rəsmi qeydiyyata alınıb.

“Müqayisəli ədəbiyyatşünaslıq” Beynəlxalq elmi jurnalının baş redaktoru AMEA-nın birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat institutunun direktoru akademik İsa Həbibbəylidir. Baş redaktorun müavinləri filologiya elmləri doktorları, professorlar Məmməd Əliyev, Gülər Abdullabəyova, Bədirxan Əhmədovdur. Jurnalın məsul katibi filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli, məsul redaktoru isə Maral Poladovadır.

Jurnal akademik İsa Həbibbəylinin “Azərbaycan-Rusiya ədəbi əlaqələri: ənənələr, reallıqlar və perspektivlər” məqaləsi ilə açılır. Bu sayın “Azərbaycan-Qərb ədəbi əlaqələri”, “Azərbaycan-türk dünyası ədəbi əlaqələri”, “Azərbaycan-Slavyan ədəbi əlaqələri”, “Asiya xalqları ədəbiyyatı”, “Şərq xalqları ilə ədəbi əlaqələr” və “Resenziya” bölümlərində müxtəlif elmi məqalələr işıq üzü görüb. 

Bu nömrədə Azərbaycan dili ilə yanaşı türk, rus, ingilis dillərində yerli və xarici müəlliflərin məqalələri yer alıb.  “Bələdçi” isə Azərbaycan, rus və ingilis dillərindədir.

Jurnalın redaksiya heyətinə Azərbaycan, Rusiya, Çin, Özbəkistan, Bolqarıstan, Qırğızıstan, Macarıstan, Çexiya, Cənubi Koreya, Başqırdıstan, Tatarıstan, Qazaxıstan, Türkmənistan, Ukrayna və Polşanın alimləri daxildir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!