Əlişir Nəvainin anadan olmasının 579 illiyi qeyd edilib

 

Özbəkistan Nazirlər Kabinetinin nəzdindəki Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsi Daşkənddəki Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi (RAMMM) ilə birgə böyük özbək şairi Əlişir Nəvainin 579 illik yubileyi ilə bağlı tədbir keçirib.

Tədbirdə elm, mədəniyyət, incəsənət xadimləri, şair və yazıçılar, diasporumuzun üzvləri, jurnalistlər iştirak edib.

Komitənin şöbə müdiri Bəxtiyar Kərimov Əlişir Nəvainin özbək ədəbiyyatındakı rolundan və xidmətindən danışıb. O deyib ki, böyük şair dünya ədəbiyyatı xəzinəsinə 29 əsər bəxş edib.

Paytaxtdakı Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetinin dosenti Gülbahar Aşurova böyük şairin həyatı və yaradıcılığı haqqında məlumat verib.

RAMMM-ın sədri Firdovsi Hüseynov bildirib ki, Azərbaycanda da Özbəkistanda olduğu kimi Əlişir Nəvainin əsərləri çap edilir, Bakı şəhərinin mərkəzində şairin abidəsi ucalır. Bakı Dövlət Universitetinin professoru Ramiz Əskər isə böyük şairin “Xəmsə”sini Azərbaycan dilinə tərcümə edib.

Sonra çıxış edənlər Əlişir Nəvainin ölməz əsərlərindən danışıblar.

Tədbir musiqili proqramla davam edib. Saz ustası İlham Abdullayev bir-birindən gözəl aşıq mahnıları ifa edib. /Azərtac/


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!