"Sevdiyim əsər" və "Təkrarın tənhalığı" təqdim olundu

 

Edebiyyatqazeti.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyində şair Fərid Hüseynin "Zərdabi” nəşriyyatında çap olunmuş "Kaspi nəşrləri” seriyasından "Sevdiyim əsər” (müsahibələr) və "Mücrü” nəşriyyatında çap olunmuş "Təkrarın tənhalığı” (şeirlər) adlı kitablarının təqdimat mərasimi keçirilib. 

Dünya və Azərbaycan ədəbiyyatının şah əsərləri haqqında seçilmiş söz və fikir adamlarının müsahibələrinin toplandığı "Sevdiyim əsər” kitabı maraqla qarşılanıb. Sözügedən toplu Azərbaycan ədiblərinin dünya ədəbiyyatına, ən çox sevdikləri əsərlərə münasibətlərini aydınlaşdırır, həmin əsərlər əhatəli şəkildə təhlil olunur.

Azərbaycan Yazıçılar Birliyinin gənclərlə üş üzrə katibi Rəşad Məcid Fərid Hüseyni həm "Artkaspi.az” saytının baş redaktoru, həm də şair kimi təqdim edərək sözünə giriş verib: "Fəridin gözəl layihələrindən biri "Sevdiyim əsər” layihəsidir. Ümumiyyətlə, bu kitab gənc ədəbiyyatçılar üçün vacib, lazımlı bir kitabdır. Fəridin timsalında belə bir kitabın ərsəyə gəlməsi böyük hadisədir. Burda Fərid Hüseynin zəhmətini qiymətləndirilir. Amma eyni zamanda, şərait yaratdığına görə "Kaspi” qəzetinin rəhbəri hörmətli Sona xanımın əməyi də xüsusi vurğulanmalıdır. Çünki o, ədəbiyyata çox böyük diqqət və qayğı göstərir. O ki qaldı gənc şairə, biz Fəridin poeziyasına bələdik. Mən ona uğurlar arzulayıram. Eyni zamanda Anar müəllimin adından da təbrik edirəm”.

Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair, tədbirin aparıcı Səlim Babullaoğlu poeziyanın yalnız bizim gördüklərimiz, həyat tərzimiz olmadığını, hər bir insanın bu təcrübəni qazanmaq üçün çalışmasının labüd olduğunu vurğulayıb: “Fəridin qısa yaradıcılıq bioqrafiyasına baxanda aydın olur ki, o doğrudan da, bizim ənənəvi və vərdiş elədiyimiz mənada məhsuldar şair deyil, əksinə, o öz ruhunun təcrübəsini yazan, bunu tələsmədən edən, hər dəfəsində də püxtələşərək bacaran insandır. Həbsxanadakı həyat təcrübəsindən sonra dərin iztirablı şeirlər yazıb. Ola bilsin ki, fiziki mənada, insani mənada hansısa vaxtı itirdi, amma şair kimi çox böyük və dərin mətləblərə baxmaq imkanını qazandı”.

Filologiya üzrə fəlsəfə doktoru, yazıçı Sona Vəliyeva çıxışında kitabda yer alan hər bir məqalənin onun gözümün qarşısında hazırlandığını vurğuladı: "Bu kitabda təkcə ədəbiyyat sahəsində olan insanların deyil, digər sahələrdə də çalışan mütəxəssislərin müsahibələri də dərc olunub. Bu cür kitablar həqiqətən abidə hesab olunur. Ümumiyyətlə, hər bir dəyərli kitab abidədir. Bu kitaba bənzər bizim bir kitabımız da dərc olunacaq. Həmin kitabı 8 Mart qadınlar bayramı münasibəti ilə təqdim etməyi düşünürük”.

Daha sonar AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, yazıçı Seyran Səxavət, şair, publisist Əjdər Ol, akademik Kamran Əliyev, professor Cahangir Məmmədli, yazıçı Günel Eyvazlı, şair Xanım Aydın və başqaları da çıxış edərək Fərid Hüseynin yaradıcılığı haqqında söz açıb, yeni kitablar münasibətilə onu təbrik ediblər.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!