Rusiya Yazıçılar İttifaqı ilə Azərbaycan Yazıçılar Birliyi arasında əməkdaşlıq Müqaviləsi imzalanıb

Çağdaş rus ədəbiyyatı

 

Edebiyyatqazeti.az xəbər verir ki, Rusiya Yazıçılar İttifaqı ilə Azərbaycan Yazıçılar Birliyi arasında əməkdaşlıq Müqaviləsi imzalanıb.

Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu söyləyib ki, müqavilə Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla Rusiya Yazıçılar İttifaqı İdarə Heyətinin sədri Nikolay İvanov arasında imzalanıb: "Rusiya tərəfi belə bir təkliflə mənə məktub ünvanlamışdı. Mən Anar müəllimə təklifi çatdırdım, belə bir perspektiv və təklif olunan müqavilənin şərtləri barədə müzakirələr apardıq, sonucda müqavilə imzalandı. Müqavilənin preambulasında deyilir: "Xalqlarımız arasındakı ənənəvi dostluq və tarixi müttəfiqlik münasibətlərini, eləcə də  ölkələrimizin ədibləri arasındakı yaradıcı münasibətlərin inkişafını əldə rəhbər tutaraq Rusiya Yazıçılar İttifaqı və Azərbaycan Yazıçılar Birliyi ədəbi-mədəni sahələrə, mədəni-maarifçi humanitar sahələrdə hərtərəfli tərəfdaşlıq və praktiki əməkdaşlıq etmək barədə razılığa gəliblər...".  8 müddəalıq Müqavilə qarşılıqlı ədəbi mübadiləni, tərcümə işini, yaradıcılıq emalatxanalarının keçirilməsini, Bakıda və Moskvada ortaq tədbirlərin keçirilməsini və b. məsələləri nəzərdə tutur. Biz artıq ilk addımı atdıq.

Rusiya tərəfinin təklif etdiyi müəlliflər və mətnlərə əsasən, onların sayı ondur, "Ədəbiyyat qəzeti"ndə ilk "Çağdaş rus ədəbiyyatı" adlı xüsusi buraxılışı təqdim edirik. Yaxın zamanlarda Rusiyanın kifayət qədər tanınmış nəşrlərinin birində "Çağdaş Azərbaycan ədəbiyyatı" xüsusi  buraxılışı işıq üzü görəcək. Həmin buraxılış üçün biz Anar, K.Abdulla, Ç.Abdullayev, Ə.Ol, N.Nəcəfoğlu, M.Nur və Ü.Tahirin  nəsr əsərlərini,  İ.Həbibbəyli, A.Turan və E.Akimovanın ədəbiyyatşünaslıq və tənqidi yazılarını, eləcə də F.Məmmədli, Q.Rüstəmov, F.Hüseyn, L.Əliyeva, A.Əlioğlu və S.Sahilin şeirlərini təqdim etmişik, 16 müəllifin əsərini. Nəyi seçəcəklər, necə seçəcəklər, bilmirəm, amma biz bu müəlliflərin əsərlərini təqdim etmişik. Ümid edirəm, yaxın zamanlarda nəşr olunar... Hesab edirəm ki, ruslarla əməkdaşlığımız qarşılıqlı, faydalı olacaq. Və hələ başqa maraqlı layihələrlə də yadda qalacaq...".


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!