Xalq şairi Vaqif Səmədoğlunun xatirəsinə həsr olunmuş ədəbi-musiqili tədbir təşkil edilib

 

Səməd Vurğunun ev-muzeyində Xalq şairi Vaqif Səmədoğlunun xatirəsinə həsr olunmuş ədəbi-musiqili poeziya gecəsi təşkil edilib.

Tədbir Səməd Vurğunun ev-muzeyi və Vaqif Səmədoğlu Mərkəzi “Qrammofon” ədəbi layihə çərçivəsində həyata keçirilib.

Tədbiri muzeyin direktoru Nüşabə Vəkilova açaraq Vaqif Səmədoğlunun həyat və yaradıcılığından bəhs edib. Qeyd edib ki, Vaqif Səmədoğlu haqqında nə yazılıbsa, onun şəxsiyyəti həmişə ön planda olub. Şair zarafatları, sərbəstliyi və daxili azadlığı ilə özünü hamıya sevdirib. V.Səmədoğlunun şeirlərinin özəllikləri haqqında danışan direktor onun müasir Azərbaycan ədəbiyyatında xüsusi yeri olduğunu vurğulayıb. Sərbəst şeirə xas olan bir çox özəl keyfiyyətlərin onun poetik təfəkkürünün zənginliyini nümayiş etdirdiyini bildirib.

Gecədə aktyor, qiraətçi Kamran M. Yunis və bədii qiraət ustası Xəzər Süleymanlının ifasında Vaqif Səmədoğlunun şeirləri oxunub. Həmçinin bəstəkar-müğənni Sevinc Ağasıyeva, pianoçu Zaur Baratov, gənc ifaçı Faiq Mirzə Əliyev şairin sözlərinə bəstələnmiş mahnıları səsləndiriblər.

Tədbirdə iştirak edən mədəniyyət, elm adamları, Vaqifsevərlərin hər biri bu gecədən böyük zövq aldıqlarını, ifaçılara, muzeyin rəhbərliyinə və əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər. /Azərtac/